Qız adı ilə internetdə sülənən oğlanlar A- / A+
Qız adı ilə internetdə sülənən oğlanlar

Seymur Verdizadə


Asimlə Elvin 11 il eyni sinifdə oxuyublar. Bir partada oturduqları üçün yaxın dost, sirdaş olublar. Müxtəlif ali məktəblərə daxil olsalar da, onların arasındakı ünsiyyət kəsilməyib. Bünövrəsi orta məktəbdə qoyulmuş dostluq münasibətləti universitet illərində də davam edib. Amma Asimin yersiz zarafatı bir ay əvvəl dostları düşmənə çevirib.

Bu hadisəni mənə Asimlə Elvini yaxından tanıyan, onlarla oturub-duran adamlardan biri danışıb. Mən həmin oğlanı çoxdan tanımasaydım, dediklərinə inanmazdım. İyirmi birinci əsrdə, insanların texnoloji biliklərin hesabına milyonlarla dollar vəsait qazandığı bir dövrdə 21 yaşlı gəncin, üstəlik, cibində tələbə bileti gəzdirən bir gəncin bu cür düşük hərəkət etməsi adamı məyus edir. Amma mənim təəssüflənməyim, hətta dərin sarsıntı keçirməyim heç nəyi dəyişmir. Olan olub, bunun sayəsində də iki dost düşmən olub.

Dostunun dediyinə görə, Asim vaxtının çoxunu kompüter qarşısında keçirir. Bu yaxınlarda məlum olub ki, təkcə facebook sosial şəbəkəsində onun bir neçə səhifəsi var. Sən demə, o, bu səhifələrdən birini qız adı ilə idarə edirmiş. Profilindəki gözəl qızın arxasında gizlənən Asim tanıdığı oğlanlara mesaj yazır, onları ələ salırmış. Bir gün çoxillik dostu Elvin də Asimin “tor”una düşür. Asim qız adı ilə bir il Elvinlə yazışır. Çox keçmədən, Elvin şəkildəki qıza aşiq olur. O, virtual sevgilisini dəfələrlə görüşə dəvət etsə də, “qız” dərslərinin çoxluğunu bəhanə edib, Elvinlə görüşdən yayınır.

Zaman keçdikcə Elvin şəkildəki gözəl qızın həm də ağıllı qız olduğuna inanmağa başlayır. Elvinin virtual məhəbbətinin əsirinə çevrilməsi, hər dəfə dostları ilə görüşəndə bu barədə danışması Asimi qorxuya salır. Asim dostunun daha çox əzab çəkməsini istəmədiyi üçün həqiqəti açıb ona deyir. Bu hadisəni danışan gənc təcrübəsiz olduğu üçün həqiqəti öyrənəndə Elvinin hansı hisslər keçirdiyini mənə dolğun təsvir edə bilmədi. Amma mən təxmin etdim...

Oğlan haldan-hala düşdüyümü görəndə, laqeyd adamlar kimi çiynini çəkdi: “Burda nə var ki? Facebookda mənim də üç-dörd səhifəm var. Hər gün qız adı ilə oğlanlarla məzələnirəm”.

Nəsillər arasında mübarizə həmişə olub. Ədəbiyyatda bunun ən gözəl nümunəsini hələ 19-cu əsrdə böyük rus yazıçısı İ.S.Turgenev yaradıb. Şəxsən mən özüm də dəfələrlə analoji münasibətlə üzləşmişəm. Ötən əsrin 90-cı illərində jurnalistikaya gələndə özümüzdən əvvəlki nəsil bizə ağız büzür, yazdıqlarımızı oxumurdu. Bizim nəslin nümayəndələrinin də müasir gəncləri bəyənmədiklərinin, onların yaradıcılığına laqeyd yanaşdıqlarının tez-tez şahidi oluram. Amma onlar haqsız deyillər. Kitab oxumayan, teatra, muzeyə, sərgiyə getməyən, qız adı ilə səhərdən axşama kimi internetdə sülənən adamların nəyini bəyənək?

21 yaşım olanda tələbə dostlarımdan qəpik-qəpik topladığım pulla Ankarada jurnal buraxır, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini təbliğ edirdim. Amma indi 21 yaşlı bəzi oğlanlar 21 yaşlı qızların şəkli arxasında gizlənib, meymunluq edirlər. Bəxtim onda gətirib ki, bu debillərlə bir yerdə oxumamışam. Məni vaxtında dünyaya gətirdiklərinə görə valideynlərimin qarşısında baş əyirəm!
Tarix: 2-11-2016, 15:58







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu