LAÇIN SEVGİSİ, LAÇIN YANĞISI A- / A+
LAÇIN SEVGİSİ, LAÇIN YANĞISI

Aydın QƏDİMOĞLU



Sinəsində nəğmələrlə dolu olan bir ürək gəzdirir Aydın müəllim. İlk görüşümüzdən heyran olmuşam bu qocaman müəllimə, el ağsaqqalına. Yerişi, duruşu uca dağlarımızı xatırladır Aydın Qədimoğlunun. Götürdüyü soy ad kimi özü də bütün cəhətləriynən qədim adamdı. Lçında doğulub, erkən gəncliyi də Laçın dağlarının ətəklərində, yaylaqlarında, buzlu bulaqlarının başında keçib. Cənc müəllim kimi əmək fəaliyyətinə Kəlbəcərdə başlayıb, ona görə sözünün o başı da Kəlbəcərdi, bu başı da. Doğma Laçınımız qədər yanıb tökülür Kəlbəcər itkisinə. …


“Sabahım Laçındı” kitabıynan neçə müddətdi həmsöhbətəm. Şeirlərində başı qarlı dağlarımızın, güllü yamaclarımızın, bulaqların laylasında uyuyan dərələrimizin əksi var. İlk şeirlərini Kəlbəcərdə yazıb qocaman şair, bəlkə, o səbəbdəndir ki, Hər dəfə oxuyanda vaxtı ilə qayğısıynan qızındığı, könül verdiyi Kəlbəcər ellərinin ətrini duyuram. Bir şeirində sevdiyinə üzünü tutaraq deyir:

Həyatda hər şeyin əzizi sənin,
Bütün təamların ləzizi sənin,
Dünyanın ümmanı, dənizi sənin,
Ahımdan od tutan sal mənim olsun.


Laçın, Kəlbəcər, Qarabağ kimi cənnətlərindən cüda düşmüş şairin bundan artıq təmənnası olmaz. Ömrün pir zirvəsindən üzüaşağı baxanda fani dünyanın astar üzü daha aydın görünür:

Dünya dəllal bazarıdır,
Satana bax, alana bax.
Cənnət,cəhənnəm deyilən,
Uydurulmuş yalana bax.

Ömrümü çapıb, talama,
Canımı oda qalama.
Həyat yolu sərt, dolama,
Yarı yolda qalana bax…


Və ya:

Yanılır dünyaya fani deyənlər,
Yaranmış hər şeyin əzəli dünya.
Bir yanı zimistan, bir yanı bahar,
Beləcə gəşt eylər məzəli dünya.

Toy-düyünü,keyf -damağı var onun,
Yadda qalan dəmli çağı var onun.
Gəldi- gedər çox qonağı var onun,
Dərdə salıb neçə gözəli dünya…


Dünyanın yaxasından tutub, vafasızlığından, kimsəyə sona qədər yar olmamasından bütün şairlər gileyləniblər, Aydın müəllimin şeirlərində dünyanın gözəl tərəfləri də necə var eləcə görünür. Şeirin əzəli mövzularına öz baxışı var qocaman şairin:

Qovuşar sağalar xəncər yarası,
Sağalmayan yara söz yarasıdır.


Bəli, sözün yara sağaltmaq qüdrəti var, amma, onu xəstəsinə vaxtında və düzgün çatdırmağı bacarmaq lazımdır:

Təbi zorlasan da şeir yaranmaz,
İlhamın coşmasa qələm götürmə.
Qazanc da qudurub yeyər mayanı,
Yersiz borca getmə, sələm götürmə.

Günahkar olanda yu günahını,
Elə et ki, yusun su günahını.
Ağılla xırd elə söz mətahını,
Yad suçun boynuna, Lələ, götürmə.


Dünyagörmüş qələm sahibindən gələn sanbalı öyüd-nəsihət...
Kitabı vərəqlədikcə, mövzuca, formaca müxtəlif olan şeirlər misra-misra oxucunun sinəsini dağlayır, içini göynədir. Bu şeirlərin iliyi, qanı yurd həsrəti, qaçqınlığın, köçkünlüyün gətirdiyi ağrılarla, əzablarla doludur :

Qəm möhnətli, qəm yüklüyəm,
Şələm elə ağırdi ki,
Yolum uzaq, vətən qürbət,
Cöğır həmən cığırdı ki

Yağılara qaldı dağlar,
Qüssədən saraldı dağlar.
Gözüm yaş tökər,qan ağlar,
Dünya tamam nağıldı ki.

Nə bağçama gül ələndi,
Üzümdə yaş gilələndi.
Aydın dərdlə silələndi,
Qəm içində boğuldu ki...


Klassik aşıq şeiri formalarında ustalıqla gəzişən şair, oxucusunu yorulmağa qoymur:

Tale kitabını gətir,
Höccələyək sətir-sətir.
Ömür yolu sona yetir,
Günlər yazıla-yazıla.

Sərtlik poladın xasında,
Mərdlik mərdin mayasında.
Aydın namərd dünyasında
Gəzir sozala- sozala...


Dağlarda dünyaya göz açmış, dağlarda- at belində ömür sürmüş qələm sahibinin dağlara müraciət etməsi, qoşmalar, gəraylılar qoşması təsadüfi deyil.

Üstündən gözəllər əskik olmasın,
Atlanıb qoynunda düşüm,a dağlar.
Əldə tüfəng çıxım kəklik ovuna,
İz ilə gədiklər aşım, a dağlar.

Hanı beçə balı, camış qaymağı,
Qırxbuğum kətəsi, nehrənin yağı.
Dağlar mehman etsin əziz qonağı,
Belə gəlib keçə yaşım, a dağlar...


Və ya:

Yapıncı geyərdim sıx dumanından,
Dərdimin məlhəmi, əlacı dağlar.
Əlim ətəyindən vaxtsız üzüldü,
Yolum sizdən düşdü qıyqacı,dağlar.

Sənin niskilinə dözüm qalmayıb,
Ocağım söngüyüb,közüm qalmayıb.
Dünya nemətində gözüm qalmayıb,
İstər şirin ola, ya acı, dağlar.

Bildiyimə görə Aydın müəllimin və övladlarının halhazırda dolanışıq , ev-eşik sarıdan heç bir çətinliyi yoxdur, amma, bunların heç biri doğma kəndində qoyub gəldiyi ocağı qədər isidə bilmir onun yurd həsrətli şair ürəyini. Haqqında danışdığım kitabın səhifələrini bəzəyən şeirləri oxuduqca Laçının, vaxtı İL müəllim işlədiyi Kəlbəcərin, Qarabağın dağlarının, əlçatmaq zirvələrinin, kəndlərinin, ovlaqlarının, dolaylarının, al-yaşıllı, çiçəkli yamaclarının xəritəsini görmək mümkündür :

Yamanca kövrəlib yenə də qəlbim,
Bir ana laylası yadıma düşür.
Murov dağın, Dəli dağın, Qırxqızın,
Zirvəsi, yaylası yadıma düşür.

Bağça –bağım, dördbir yanım nə oldu,
Ev-eşiyim, xanimanım necoldu?!
Saribanım - gündoğanım necoldu,
Göllərin sonası yadıma düşür.


Kökdən- ləhcədən gələn bir şirinlik, doğmalıq var bu şeirlərdə. Şəksəni geridə qoymuş şair-müəllim ömrünün yadıgarıdır bu niskilli şeirlər, nə yazıq ki,son 25 ilin qaçqın-köçkün damğaları, izləri, yanğıları var hər misrasında. Nədən yazır yazsın, Laçın dərdi, yurd yarası daha çox diqqət çəkir, qəlbi göynədir Aydın müəllimin şeirlərində.

Laçınsız nə həyat, Laçın qanımdır,
Onsuz keçən günlər ah-fəğanımdır.
Özümlə gətdiyim quru canımdır,
O dağlarda vuran ürəyim qalıb.

Mənim o dağlardan silinməz izim,
Vətən həsrətliyəm,heç gülməz üzüm.
Çalbayırım, Mıxtökənim, Qırxqızım,
Dəlidağım – arxam, köməyim qalıb...



LAÇIN SEVGİSİ, LAÇIN YANĞISI

Fotoda:Aydın Qədimoğlu ,Söhrab Abbasov , Rasim Süleymanlı və Siyavuş Əmirli Əlövsət Saldaşın 60 illik yubileyində

Bəli, qalanları saymaqla, sadalamaqla qurtaran deyil, Aydın Qədimoğlu. Nəsr, təhlil, tənqid yazmaqda o qədər səriştəm olmasa da, tanışlığımdan bu yana şəxsiyyətinə, ağsaqqllığına heyran olduğum müdrik insanın şeirlərinə biganə qala bilmədim. Bir də hər görüşümüzdə Kəlbəcərdən, orada gördüyünüz və əbədi bağlandığınız yurdlardan, insanlardan danışdığınız şirin xatirələr sizə, kitabınıza, övladlarınıza bağlayıb məni, Aydın əmi.

Aydın, gəz vətənsiz, dolan sərsəri,
De, halal zəhmətin nəymiş səməri.
Həyat müvəqqəti, hər şey ötəri,
Kimə qalcaqmış dünyanın varı...?!


Heç kimə heç nə qalmayacaq, qalacaq bir şey varsa, o da sözdür. Dağ adamları dözümlü olur deyirlər, bəlkə, Laçında, Kəlbəcərdə bir də görüşmək qismətimiz oldu, yaşayaq, görək...!

Yeni kitabınızda yeni şeirlərinizi oxumaq arzusuyla!

Əlövsət SALDAŞ
Tarix: 23-11-2017, 10:48



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçından ən son görüntülər

      Son xəbərlər
      Sorğu