DAĞLAR BİZİM DAĞLARDI A- / A+
DAĞLAR  BİZİM  DAĞLARDI



Doğulub böyüdüyüm rayon Kəlbəcərin səksən kilometrliyində yerləşir.Uşaqlığım Murovdağın bumbuz bulaqları,hər dərdə dərman çiçəkli çəmənləri,meşələri, dağları ilə əhatələnmiş yaylaqlarında keçib.

Hər il yayın cəhənnəm istisindən Murovun cənnət yaylaqlarına köç edəndə ağlıma gəlməzdi ki,vaxt gələcək bu yerləri görmək mənimçün ən əlçatmaz arzu,həsrət,nisğil olacaq.İllər keçəcək,neçə- neçə xatirələrimə şahidlik etmiş o yerlər düşmən tapdağında qalacaq. .Mənə elə gəlir ki,yalnız Kəlbəcər,Laçın düşmən əsarətində qalmayıb,mənim xatirələrim,uşaqlığımın bir parçası da əsir,girov düşüb.Təkcə mənim yox,ölənə qədər Laçın həsrətiylə yaşayan nənəmin ruhu,xatirəsi də əsirlikdədir.
Yadımdadır ki, o vaxtlar, radioda tez- tez “Ay Laçın” mahnısını səsləndirərdilər.Nənəm hər dəfə bu mahnımı eşidəndə,nə qədər vacib işlə məşğul olsa da, hər şeyi unudub bu mahnını dinləyərdi.Gözləri yaşarar,əlini sinəsinə vuraraq:” Caan,Laçın” deyib yanıqlı-yanıqlı ah çəkərdi.
Nənəm Laçın rayonun Sonasar kəndində anadan olub.Uşaqlığı,gəncliyi bu kənddə keçib.Sonralar dolanışıqlarının çətinləşməsi səbəbindən ailəsi aran Qarabağ bölgəsinə köçüb.O zaman nənəmin on yeddi,on səkkiz yaşı olub.Elə burada da ailə qurub və bir daha Laçına qayıtmayıb.
O ölənə qədər Laçın nisgili ilə yaşadı.Nənəm rəhmətə gedənə qədər torpaqlar işğal olunmamışdı,əslində iki,üç saatlıq bir məsafə var idi nənəmlə onun doğulduğu kəndin arasında.Amma nədənsə,Laçına getmək hər dəfə müşgülə çevrilərdi onun üçün.Atam nənəmə onu Laçına aparacağını vəd etsə də,təsadüfdən,ya da qismətdən heç vaxt alınmırdı bu səfər.Bəzən Laçından bizim kəndə qonaq gələnlər olurdu.Nənəmin qohumlarından bir çoxu Sonasar, Hoçaz kəndlərində yaşayırdılar.O,kəndlərindəki tanıdığı adamları,hər daşı,qayanı,bulağı soruşurdu:” filankəs durur,filan bulaq,qaya,daş hələ qalırmı?”
Mən nənəmi çox istəyirdim,onun bu qədər həsrət çəkməsi ürəyimi sızladırdı.Ona söz vermişdim ki, böyüyəndə səni özüm aparacağam Laçına.Mən hər dəfə ona bu sözləri deyəndə nənəmin gözləri yaşla dolardı,üzü ümidlə ışıqlanardı.
Mənimsə uşaqlığım Kəlbəcər dağlarında,yaylaqlarında keçdi.Murov yaylaqlarının hər daşı,hər qayası indiyədək xatirimdə qalıb.Uşaq vaxtı gəzdiyim dağlar,çiçək yığıb dəstə bağladığım çəmənlər mənim yaddaşıma yığıb saxladığım ən əziz , unudulmaz xatitələrimdəndir.
Yadımdadır,ən çox getdiyimiz bir yaylaq vardı.”Qaranın yurdu” deyərdilər o yurda.Bir az aralıda görünən, başı həmişə qarlı Murovdağ silsiləsi, nisbətən alçaq ,kəklikotu,qırxbuğum yığdığımız dağlar,iki dərin dərədən sonra görünən meşəyə qədər uzanan bizim” Çiçəkli tala” dediyimiz ,düz ortasında buz kimi qaynayan” lilparlı bulaq “bu yurdun yaraşığıydı.
Çadırımızı balaca bir təpənin yaxınlığında,suyu yayın ən isti vaxtında diş donduran bulağın iki addımlığında qururduq.Çadırımızdan baxanda o qədər gözəl bir mənzərə görünərdi ki.Lap yaxınlıqakı dərədən axan çayın şaqraq səsi gecələr aydın eşidilər,yatanda sanki bizə layla çalardı.
Uşaqlarla adımızı çəkiclə yaxınlıqdakı qayaya döyüb yazmışdıq.Sonralar ora yolu düşənlər bizim adlarımızın hələ də o qayalarda qaldığını söyləyirdilər.
Tez- tez yuxumda o yurdu,dağları görürəm.Eynilə ,o vaxt necə görmüşəmsə, o cür də yuxuma gəlir o yerlər.
O qədər aydın canlı olur ki,yuxularım, bəzən yuxu, yoxsa həqiqət olduğunu anlamaqda çətinlik çəkirəm.Yuxudan oyandığıma təəssüflənirəm,yuxuda da olsa, yenə də görmək istəyirəm mənə əziz olan o dağları, yurd yerlərimizi .Həmişə fikirləşirəm ki,mən on, üç on dörd yaşıma qədər,həm də ilin cəmi iki ayını olmuşam o yerlərdə.Mənim ürəyimdə bu qədər həsrət, nisgil varsa,bəs uşaqlığı,gəncliyi,ömrünün çox hissəsi orda keçən insanlar necə yaşayırlar bu həsrətlə.Bunu həqiqətən,təsəvvür etmək çətindir mənə.
Yayda çalışıram ki,heç olmazsa iki günlüyədə olsa,dağlıq rayonlardan birinə gedim. Çox vaxt Gəncə,Daşkəsən tərəfə üz tuturam.Ordan Murovdağı daha yaxından görə bilirəm.Hər dəfə rayonlara gedəndə az da olsa, Kəlbəcərin bir parçasını tapa bilirəm,amma bu çox azdı,özünü aldatmış kimi olursan.
Bir dəfə Gəncə tərəfdəki “Turşsu” adlanan yerdəydik.Həmin yerlə Kəlbəcərin ərazisini bir dağ yamacı ayırır.Dağın o biri üzü mənim uşaqlığım keçən Murovdağ yaylaqlarıdır hansı ki,ora düşmən əsgərləri nəzarət edir.
Orda Kəlbəcərdən olan bir dəstə adam gördük.Saz çalıb oxuyan,seir deyənləri də var idi.Dəstədəki qadınlardan biri ilə tanış oldum.Mən,uşaq vaxtı olduğum yerləri onlara deyəndə,qadın məni tanıdı.”Yadıma düşdü,siz “ “Qaranın yurduna” düşərdiniz,iki bacıydınız,o balaca, sarışın qız siz idiniz demək?”
Həmin qadının da,mənim də gözlərimiz yaşla dolmuşdu,ikimiz də keçmişimizin bir parçasıyla qarşılaşmışdıq,keçmişimizlə bizim aramızda isə bir dağ dayanmışdı.Düşmənin bizdən aldlğı,silahlarla qorunan, xatirələrimizin itkin düşdüyü dağlar…

Bu yaxınlarda Daşkəsəndəydik, dağları gəzib qayıdanda yoldaşıma dedim:”Yox,bu dağlar bizim dağlar deyil,oxşayır,amma o deyil”. O, gülüb “ bu sözləri səndən qabaq bir şair də deyib,sonra o vaxta qədər eşitmədiyim bu şeiri dedi:

Bu dağların dili başqa,
Çəmən,çiçək,gülü başqa
Bu dağların eli başqa,
Dağlar bizim dağlar deyil.

Ömür ötür pərdə-pərdə
Həsrət məni saldı dərdə
Dağlar qaldı Kəlbəcərdə…
Dağlar bizim dağlar deyil
.

Mən Laçını heç vaxt görməmişəm.Nənəmin danışdıqlarından başqa heç bir təsəvvürüm yoxdu onun vətəni haqqında.Bir arzum var:nənəmə verdiyim sözə qismən də olsa əməl etmək,onun doğulduğu kəndə gedib nənəmin gözləriylə o yerləri görmək,ziyarət etmək.
Bu həsrətin sonu olacaqmı, o dağları bir də görə biləcəyikmi,yoxsa bu dünyadan elə bu nisğıllə gedəcəyik,bilmirəm.Nənəm ürəyində Laçın nisgiliylə köçdü bu dünyadan, ona verdiyim sözü tuta bilmədim,mən böyüyəndə nə Laçın vardı,nə də nənəm.
Ümid olmasa, insan da olmaz , ümidsizlik öldürər,inamdı yaşadan bizi.Mən də gözləyirəm,inanıram ki,bir gün tilsim sınacaq,bağlı qapılar üzümüzə açılacaq,yolumuzu neçə illərdir ki,həsrətlə gözləməkdən başı ağarmış o dağları yenidən görə biləcəyik,bizi qucaqlamaq üçün açıq qalan o qollar nəhayət boynumuza dolanıb,bizi köksünə sıxacaq.

Allah qapımızı,yollarımızı açsın , bizi o dağlara aparan yolları…


Sara İBRAHIM
















Tarix: 23-01-2019, 16:47
Baxış: 329



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu