Rembo mənim qonşum olub A- / A+
Rembo mənim qonşum olub
“Rembo ilə qonşu olmuşuq”- hərdən zarafatla belə deyirəm dostlarıma. Ancaq bu zarafatın içində bir gerçəklikdə var. Əlbbətdə, söhbət məşhur Amerika filiminin uydurulmuş qəhrəmanı “Rembo”dan getmir. Laçından başlayıb, Kəlbəcərə, Füzuliyə qədər torpaqlarımızın hər qarışı uğrunda döyüşərək, igidliklər göstərən həqiqi Rembo- Qarabağ qazisi Nizaməddin Eyvazovdan gedir.

Onunla tay-tuş olamsaqda , çəpər qonşusu idik. Nizaməddin və yoldaşları yaşda böyük olduqları üçün hərdən məhləmizdəki meydançada bizi futbol oynamağa qoymazdılar. Əvəzində biz də borclu qalmazdıq.Onları daşa basar, bildiyimiz uşaq söyüşlərindən söyərdik. İri cüssəli olmasına baxmayaraq çox cəld idi. Bizi qovalayıb tutsa da, döyməzdi. Biraz danlayıb, buraxardı. İllər sürətlə ötdü. Bir vaxtlar toylarda, nişanlarda sevincdən açılan güllə səsləri, indi torpaq uğrunda savaşdan gəlməyə başladı. 1990-cı ildə Laçın uğrunda döyüşlərə qatılanda Nizaməddinin bığ yeri təzəcə tərləmişdi .Yeni yaradılan 811 saylı Laçın özünümüdafiə batalyonunun ilk əsğərlərdən biri də o “yekəpər” oğlan idi.

Gənc Nizaməddinin döyüş yolu Kərkicahan -Daşaltı əməliyyatları ilə başlayır.Bu döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək komandanlıq tərəfindən mükafatlandırılır. Məhz bu cür igidliklərinə görə döyüş yoldaşları onu “Rembo”- deyə çağırmağa başlayırlar.
Laçının işğalına qədər Arif Paşayevin komandirlik etdiyi 811 saylı hərbi hissədə vuruşan Nizaməddin alayın ləğv edilməsindən sonra Qorçu kəndində yerləşən Laçın polisinin qərargahına gələrək, polislərlə birgə döyüşmək arzusunda olduğunu deyir.

Döyüş yoldaşı Habil Muradovun xatirələrindən:

“Nizaməddinin ən çox gəzdirdiyi silah PDM-nın üstündə olan DŞK pülemyotu olardı (Bu silahın 34 kq çəkisi var). Polisə işə düzələnə qədər onun necə döyüşməyi haqqında çox eşitmişdik.Sonralar isə bu, igidliklərin canlı şahidi olduq. Bilindüz əməliyyatında düşmənin onlarla canlı qüvvəsini məhv edərək “UAZ “markalı maşının da ələ keçirib batalyona gətirmişdi. Məşhur “Hoçaz əməliyyatı”nda 40 erməni xüsusi təyinatlısının məhv edilməsində, Sus -Qızılca kəndinə qədər gedən döyüşlərdə Nizaməddinin böyük qəhrəmanlığı olub”.

Müharibə uşaqlarının yaddaşı çox güclü olur.Yaxşı yadımdadı bir dəfə söz yayıldı ki, növbəti tapşırılqarın biri zamanı Nizaməddin (Habil Muradovla birgə) ağır yol qəzasına düşüb. O da yadımdadı ki, Nizaməddin müalicəsini başa vurmamış yenidən döyüşə qayıdaraq, Kəlbəcərin Ağdaban kəndi uğrunda gedən döyüşüdə fərqlənən döyüşçülərdən biri olmuşdu.

1993-cü ildə Laçın polisi döyüşmək üçün Fizuli rayonuna göndərilir.11 kəndin və Horadiz qəsəbəsinin azad edilməsində Laçın polisinin hər bir əməkdaşı kimi Nizaməddin Eyvazovunda xüsusi xidmətləri olur.

Bu əhvalatı da mənə Habil danışıb: “Füzulidə ilk hücumumuz Böyük Bəhmənliyə oldu. Nizaməddin və Şikar “Ural” markalı maşın ilə silah- sursat aparmışdılar. Güclü döyüşdən sonra ermənilər çoxlu itki verərək geri çəkildi. Posta qayıdanda gördük ki, maşınların ikisi də yerindədi, amma sürücülər yoxdu. Hərəmiz bir cür yozmağa başladıq. Fikirləşdik ki, yəqin ermənilər girov götürüb. Bir neçə nəfər isə dedi ki, yəqin döyüşdən qaçıblar. Xeyli gözlədik. Hardasa 4-5 saat keçəndən sonra baxdıq ki, dəmir yol relsinin üstü ilə düşmən tərəfdən 2 nəfər gəlir. Bölük döyüşə hazır vəziyyət aldı. Yaxınlaşanda gələnlərin Nizaməddinlə Şikar olduğunu gördük. Soruşduq ki, nə məsələdi? harda idiniz?
Deməli, başımız döyüşə qarışan vaxtı erməni tankı arxamıza keçib bizi məhv etmək istəyirmiş. Nizaməddingil bunu görüb arxadan tankın üstə çıxıaraq şüşələrin palçıqla tuturlar ki, atəş aça bilməsin. Hər yer minalı olduğu üçün tank hərəkət edə bilməyib, gəldiyi kimi də geri qayıdır.Nizaməddingil isə tankın üstündə ermənilər tərəfə kəşfiyyata keçirlər”.

“Laçınlı Rembo”nun bu sayaq qəhrəmanlıqlarını işğaldan sonra məskunlaşdığımız Taxta körpü qəsəbəsində tez -tez eşidərdik. Başqa uşaqlardan fərqli olaraq mən bu qəhrəmanla daha çox fəxr edərdim. Axı “Rembo” mənim qonşum idi...

P.S. Bu yazını iki il əvvəl yazmışdım. Bu gün Nizaməddinin doğum günüdür hazırda Saray qəsəbəsində yaşayan Nizaməddin və yüzlərlə digər laçınlı döyüşçülər üstündən illər ötməsinə baxmayaraq hələ də veteran statusu ala bilmir. Ömründə əlinə silah almayan, döyüşçülərə siqaret daşımaqla məşğul olanlar isə çoxdan müharibə veteranı olub. Nə vaxtsa həmkarım Günel Musanın “Müharibə uşaqları” adlı bir yazısın oxumuşdum .Günel yazırdı ki, Qarabağ müharibəsində döyüşən qazilər bədənlərinin müxtəlif nahiyyələrindəki güllə qəlpələrini, güllənin apardığı bədən üzvlərinin yoxluğunu, uşaqlarsa ürəklərindəki müharibə xofunu gəzdirirlər. Hər ikisi də ağrıdır insanı. Həm də çox ağrıdır, lap çox...

Siyavuş ƏMİRLİ
Tarix: 1-01-2019, 14:55
Baxış: 1276



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu