Duz-çörək, düz-çörək A- / A+
 Duz-çörək,  düz-çörək

Çörək elə bir anlayışdır ki, onun insan taleyində, insan mənəviyyatında oynadığı rolu hər hansı bir epitetlə səciyyələndirməyə ehtiyac yoxdur. “VƏTƏN” anlayışı, “XALQ”, “ANA” anlayışları kimi... Hətta, çörəyə “MÜQƏDDƏS” dedikdə belə, biz o anlayışa heç nə əlavə etmirik, çünki müqəddəslik həmin anlayışın-“çörək” anlayışının tərkib hissələrindən biridir. Çörəyə ehtiram-çörək haqqında yazılmış əsərlərə daha yüksək mənəvi-estetik tələblərlə yanaşmağa sövq edir. Çörək haqqında düşüncələrin fəlsəfi-estetik səviyyəsi “çörək” səviyyəsinin anlayışına uyğun gəlməlidir. Biz nəinki “Böyük Vətən müharibəsinin, hətta bu gün də davam edən “QARABAĞ” müharibəsinin törətdiyi çətinlikləri, aclığı heç bir zaman unuda bilmərik. O dəhşətli anlarda bir tikə çörəyin insan taleyini həll etdiyini yad edib, Ulu Yaradanımıza ağız dolusu şükürlər oxumalıyıq. O QARABAĞ soyqırımının da qələbəsi tam əminliklə deyə bilərəm ki, bizim olacaq. İnşallah! Çünki, ulu babalarımız da bunu belə qeyd etmişlər:-

Ürəyi və süfrəsi açıq olan millətin ruzisi də bol olar!

Ancaq Erməni millətinin daşnaqçıları ona görə məğlub olacaqlar. Bunu bizlər deyil, ulu babalarımızın onlara tərəf istiqamətləndirdiyi müdrik kəlam da belə deyir:-

Namərdin çörəyi dizi üstündə olar!..

Nənələrimizin sacın üstündə bişirdiyi yuxalar, təndirə yapdığı çörəklər gözlərimiz qarşısında canlanır. Bəli! İllər ötəcək, zaman keçəcək, hər şey dəyişəcək... lakin çörək yenə də əfsanəvi və “sirrli” nemət olaraq qalacaqdır. Çörəyə hörmət azərbaycanlıların, həm də təkcə azərbaycanlıların yox, tam yəqinliklə deyə bilərəm ki, bütün dünya xalqlarının milli ənənəsidir. Düz yüz il bundan əvvəl dahi Azərbaycan şairi mərhum Mirzə Ələkbər Sabir harın bir tipin dili ilə əkinçiyə müraciət edirdi:-

Cütçü babasan, buğdanı ver, darı yeyərsən,
Su olmasa, qışda əridib qarı yeyərsən,
Daşdan yumşaq zəhr nədir,marı yeyərsən,
Öyrəşməmisən ət-yağa dünyada əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə əkinçi!


Bu gün həmin “CÜTÇÜ BABA”-nın uşaqları, nəvələri nəinki, oxuyub savad alırlar, onlar universitetlərdə dərs deyirlər, akademiyalarda böyük elmi-tədqiqat işləri aparırlar və bəzən də... özləri bunun fərqinə varmadan, bunu dərk etmədən çörəyə hörmətsizlik edirlər. Misal üçün, həmin universitet professoru (bəziləri istisna olmaqla), həmin akademik elmi sessiyada məruzə etmək üçün, başqa şəhərə gedir, yoluna kömbə çörək götürür, yarısını yolda yeyir, qalanını da qatarda qoyub gedir. Qatar bələdçisi də həmin yarım kömbə çörəyi də zir-zibillə birlikdə aparıb atır.

Təbiət zəngindir. Amma o zənginlik içində çörək ətrindən də gözəl ətir varmı? Ömründə bircə dəfə də olsa, kənddə təndirin kənarında oturub təzəcə yapılmış çörəyin iyini duymuş bir kimsə, qalan ömrü boyu həmin iyi unuda bilərmi? Bəli! Çörəyin ətri, torpağın və vətənin ətridir. Qocaman nənələrimiz bardaş qurub, xəmir yoğurar, taxta oxlovla kündə açıb, təndirlərə çörək yaparlar. Yoldan ötüb-keçən yolçuları tamarzı qalmasınlar deyə, öz evlərinə dəvət edərdilər. Bizim Azərbaycan millətimizin hər zaman gözü tox və süfrəsi bol bəhrəlidir. Bizim çörəyimizin bəhrəsi kimi alnımız da hər zaman açıq, üzümüz də gülərdir. Bu yerdə sevimli Şairimiz mərhum Səməd Vurğun çörəyin qüdrətini coşqun bir ilhamla təsvir etmişdir:-

Bol taxıl becərsə ana yurdumuz,
Tüfəngi bərk tutar qızıl Ordumuz.
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa basılmaz Vətən.

Adam fikirləşəndə ki, Xalqımızın müdrik şair və yazıçıları Nizami, Fizuli, Xaqani və başqaları öz ağıl-zəkaları, fitri istedadları ilə xalqımızı dünyaya necə də gözəl tanıdıb, doğma yurdu necə gözəl mənalandırıblar, bax onda heyrət səni bürüyür. Bütün bu ağlın və zəkanın inkişafı bərəkətli çörəyin bəhrəsindən yaranır. Bəli, bu yerdə Şairlərimizin qələmi gözəl yazır:-

Çörəkli süfrəni bənzətdim yaza,
O, yurdun xoş günü ömrün dirəyi;
Əgər sac olmasa, təndir olmasa-
Qəlbimin başına yapın çörəyi!

Ədəbiyyatçı, şair-publisist, "Mənəvi dayaq" Uşaq və Gənclər İctimai Birliyinin İcraçı direktoru
Tarix: 18-10-2017, 16:14







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu