“Ermənilər tərəfindən Azərbaycan musiqisinin oğurlanmasına qarşı elektron mübarizə aparmaq lazımdır” A- / A+
“Ermənilər tərəfindən Azərbaycan musiqisinin oğurlanmasına qarşı elektron mübarizə aparmaq lazımdır”
İradə Polad: “Azərbaycan musiqi nümunələrinin oğurlanması ermənilərlə yanaşı, digər qonşu xalqlar tərəfindən də təkrarlanıb”

Ermənilər hər zaman çalışıblar ki, öz milli mədəniyyətlərini başqa xalqlardan oğurladıqları mədəniyyət nümunələri üzərində qursunlar. Bu “mədəni oğurluğu” da ermənilər, əsasən, Azərbaycan mədəniyyətindən edirlər. Son zamanlar ermənilərin bizim bir neçə milli musiqimizi beynəlxalq aləmə öz mahnıları kimi göstərmələri buna sübutdur. Ermənilərin bu təxribatçı əməllərinə qarşı vətəndaş cəmiyyəti də mübarizə aparır. Bu baxımdan, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən “Xarici musiqi yarışmalarında, elektron KİV-lərdə “anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahıya alınması, milli musiqimizin oğurlanması, özgələşdirilməsinə qarşı elektron mübarizə”yə başlanılıb. "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi bu günlərdə Türkiyədə bu istiqamətdə tədbir keçirib. "Mərhəmət"in sədri İradə Poladla bu və digər mövzularla bağlı həmsöhbət olduq.

-İradə xanım, öncə rəhbəri olduğunuz təşkilat haqqında məlumat vermənizi istərdik.
-"Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi 2005-ci ildə yaradılıb. Birliyin fəaliyyətinin əsas məqsədi aztəminatli və kasıblıq həddində yaşayan ailələrin sosial problemlərinin həllinə kömək etməkdən ibarətdir. Birlik məqsədlərə çatmaq üçün sosial problemlərin həllinə və inkişafına xidmət edən layihələr həyata keçirir, yetkinlik yaşına çatmış uşaq evi məzunlarının yaşayış yeri və işlə təmin olunmasına kömək edir, əhalinin ahıl təbəqəsi və qocalar evində yaşayan şəxslərin problemləri ilə maraqlanır və bu sahədə müəyyən tədbirlər həyata keçirir.
Bu istiqamətlərdə təşkilat öz hesabına xeyriyyə işləri həyata keçirib. Bununla yanaşı, imkansız ailələrin müayinə və müalicəsini təşkil edir. Həmçinin uşaq evləri və internatlarda tez-tez görüşlər təşkil edilir. Eyni zamanda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə layihələr həyata keçirib.
Təşkilat tərəfindən Azərbaycanın regionlarında geniş, maraqlı tədbir və layihələr həyata keçirilir. Eyni zamanda xarici ölkələrdə də tədbirlər təşkil edilir. Gürcüstan və Türkiyənin bir çox şəhərlərində konfrans və aksiyalar edilib.
"Mərhəmət"in 15 rayonda şöbəsi yaradılıb. Digər rayonlarda şöbələrin yaradılması istiqamətində işlər gedir.

- Ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin oğurlanması ilə bağlı nə kimi faktlar aşkar edibsiz?
-Uzun müddətdir ki, erməni musiqiçiləri Azərbaycan xalqının musiqi incilərindən, folklorundan və klassik bəstəkarların əsərlərindən plagiatlıq edərək, öz adlarına çıxırlar. Azərbaycan xalqının mədəni sərvəti hesab edilən «Vağzalı», «Yallı», «Üzundərə», «Mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «Sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, «Əsli və Kərəm», «Məlikməmməd» və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun «Arşın mal alan», «O olmasın, bu olsun» operettalarının, «Koroğlu» operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə çalışıblar. Həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev internet səhifələrində erməni bəstəkarı kimi təqdim olunur.
Çox təəssüf ki, Azərbaycan musiqi nümunələrinin oğurlanması ermənilərlə yanaşı, digər qonşu xalqlar, habelə qardaş Türkiyə musiqiçiləri tərəfindən də təkrarlanıb. Bu ölkədə keçirilən bir çox musiqi yarışmalarında, habelə elektron KİV-də yayımlanan musiqi verilişlərində Azərbaycan musiqiləri “anonim müəllif” adı ilə təqdim olunub. Hətta Türkiyədə Azərbaycan musiqisinin erməni musiqisi kimi təqdim edilməsinə də rast gəlinir. Oxşar hadisələr Rusiya TV kanallarında, musiqi yarışmalarında da təkrarlanır. Dünya şöhrətli azərbaycanlı müğənni, Xalq artisti Zeynəb Xanlarovanın oxuduğu əksər mahnılar mənimsənilərək, erməni musiqisi kimi təqdim edilir.
Müvafiq qanun pozuntuları ilə bağlı dəfələrlə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət edilsə də, nəticə ürəkaçan deyil. Bu gün müharibə şəraitində olan bir ölkədə bu məsələlər insanlar tərəfindən birmənalı şəkildə qarşılanmır. Zaman-zaman bu oğurluq halları ermənilərin Qarabağda törətdikləri vəhşiliklər nəticəsində Azərbaycan xalqının milli-mənəvi sənət nümunələrinin incisi olan tarixi xalq mahnılarımız haqqında olan yazılar, muzeylərdə saxlanılan tarixi mənbələr məhv edilib.

-Bəs bu kimi hallara qarşı siz nə edibsiz?
-Azərbaycan musiqisinin oğurlanması, özününküləşdirilməsinə qarşı elektron mübarizə aparmaq lazımdır. Milli musiqi mədəniyyət nümunələrinin tarixi haqqında olan məlumatların məhv edilməsi haqqında Türkiyədə böyük konfrans keçirdik. Bu mübarizə üçün müvafiq materiallar, bilgilərlə təmin olunmuş elektron baza yaratmışıq. Məqsədimiz Azərbaycan musiqisini daha geniş auditoriyaya tanıtmaq, Əqli Mülkiyyətin mənimsənilməsinə qarşı səyləri birləşdirmək, KİV-i dəstək olmağa çağırmaqdır. Əsas vəzifəmiz tanınmış musiqi qruplarının üzvlərinə, musiqi şirkətlərinə layihə materiallarını təqdim etmək, Azərbaycan musiqisini təbliğ və təqdim etmək bacarığını artırmaqdır.
Artıq indiyə qədər Rusiya, Türkiyə elektron KİV-ində, mahnı müsabiqələrində “anonim müəllif” adı ilə təqdim olunan Azərbaycan musiqilərinin siyahısı tutularaq, ilkin versiyası ilə saxtalaşdırılmış versiya arasında müqayisəli video təhlili aparılıb. Bu videokliplər sosial şəbəkələrdə, “Youtube” video kanalından “before-after” texnikası ilə paylaşılıb.

-Layihənin həyata keçirilməsinin nə kimi effekti olacaq?
-Ümid edirəm ki, bizim keçirdiyimiz bu layihədən musiqişünaslar, gənc mütəxəssislər, KİV nümayəndələri, diaspor üzvləri, araşdırmaçılar, xarici ölkə musiqişünasları faydalanacaqlar. Bu layihə Azərbaycan musiqisinin ermənilər tərəfindən oğurlanmasının qarşısının alınması üçün görülən işlərə əlavə bir dəstəkdir. Bu layihə oğurluğun mənbəyini, Azərbaycan musiqisinin digər adlarla təqdim olunmasının qarşısını almaq üçün e-alət olacaq. Gələcəkdə qarşıya çıxan hər hansı mübahisəli məsələdə müvafiq Konvensiya və qanunlara istinad edilərkən fakt kimi yararlana bilərik. Bundan başqa, gənclərdə Azərbaycan musiqisinə diqqət cəlb etmək, maraq oyatmaq, dəstək qazanmaq və fəaliyyət sövq etmək kimi peşəkar bacarıqlar formalaşdırılacaq.

-Türkiyədə keçirilən tədbirdə hansı məsələlər qaldırıldı?
-Bəli, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində növbəti tədbir Türkiyədə keçirildi. İstanbulda keçirilən bu tədbirdə Türkiyənin tanınmış elm xadimləri, musiqişünasları, siyasətçiləri, media mənsubları iştirak etdilər. Tədbirdə Azərbaycan musiqilərinin oğurlanması və ya “anonim musiqi” adı altında verilməsini faktlarla əks etdirən videoçarx da nümayiş etdirildi. Tədbirdə ermənilərin Füzuli rayonunun Alxanlı kəndində azyaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmələrinə də münasibət bildirildi. Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra çıxış edənlər bu vandalizmi qətiyyətlə pisləyərək, dünya ictimaiyyətini qatillərə “dur” deməyə çağırdılar.
Çıxış edənlər Azərbaycan, həm də Türkiyə musiqiçilərinin əsərlərinin ermənilər tərəfindən kütləvi şəklidə oğurlandığını deyərək, belə hallara qarşı mübarizə aparmaq üçün, ilk növbədə özümüzün öz musiqimizi qorumağa daha ciddi yanaşmalı olduğumuzu bildirdilər. Tədbirdə Türkiyə KİV-inə müraciət edərək, onları problemin həllinə qoşulmağa çağırış etdim.
Qeyd edim ki, tədbir iştirakçılarına problemi özünə əks etdirən disklər paylanılıb. Bundan əlavə, iştirakçılara Xocalı soyqırımı ilə bağlı da broşürlər, ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhranın şəkilləri verilib. Tədbirdən sonra Zəhranın qatillərinin cəzalandırılması tələbi ilə İstanbul küçələrində yürüş keçirdik.
“Ermənilər tərəfindən Azərbaycan musiqisinin oğurlanmasına qarşı elektron mübarizə aparmaq lazımdır”

“Ermənilər tərəfindən Azərbaycan musiqisinin oğurlanmasına qarşı elektron mübarizə aparmaq lazımdır”


Fuad Hüseynzadə
Tarix: 27-07-2017, 11:16



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu