Laçınlı diaspor rəhbəri Milli Qəhrəmanın adına kinqboksinq klubu yaradıb A- / A+
Laçınlı diaspor rəhbəri Milli Qəhrəmanın adına kinqboksinq klubu yaradıb

Nazir Hətəmov: “Saxalin vilayətində azərbaycanlılar, nəinki biznes, hətta hərbi, polis, tibb, neft və qazçıxarma sahəsində də fəaliyyət göstərirlər”

Rusiya Federasiyası, necə deyərlər, ucu-bucağı görünməyən böyük ölkədir. Lakin buna baxmayaraq, bu ölkənin ən ucqar regionlarında belə, soydaşlarımız yaşayırlar. Əsas məqam odur ki, soydaşlarımız artıq uzun illərdir ki, Rusiyanın uzaq vilayətlərində də diaspor olaraq formalaşıblar. Elə Rusiyanın uzaq Saxalin vilayətində də Azərbaycanı tanıdanlar öz həmvətənlərimizdir. Saxalindəki “Birlik” cəmiyyətinin sədri, Ümumrusiya Azərbaycan Konqresinin Saxalin üzrə regional şöbəsinin rəhbəri Nazir Hətəmov müsahibəsində bu haqda ətraflı məlumat verib.

-Öncə özünüz haqqında məlumat vermənizi istərdik.

-Uşaq vaxtlarımdan arzum bir hərbçi kimi Vətənimizin keşiyində dayanmaq olub. Bir hərbçi ruhuyla böyümək biz iki qardaşda uşaqlıqdan ən gözəl duyğu və valideynlərimiz tərəfindən bizə verilən tərbiyədir, məncə. Bəli, özüm bu gün erməni separatçıları tərəfindən işğal altında olan Qarabağın Laçın rayonunda anadan olmuşam.
1980-ci ildə valideynlərim Laçın rayonundan köçərək Tərtər rayonunda məskunlaşıblar. Tərtərdə yaşayarkən hər il biz ata-baba yurdumuz olan Laçın rayonunu ziyarətə gedərdik. Orta təhsilimi yeddinci sinfə kimi hal -hazırda təmas xəttində yerləşən və düşmən tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd orta məktəbində almışam. Özümü gələcəyin bir hərbçisi kimi görmək üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Hazırlıq Məktəbinə qəbul oldum. Orda təhsilimi başa vurduqdan sonra hərbi təhsilimi davam etdirmək, Ali hərbi təhsilə yiyələnərək gələcəkdə Vətənə layiqli hərbçi kimi yetişmək üçün Rusiya Federasiyasına gəldim.
Təhsilimi bitirdikdən sonra 2012-ci ilə qədər Rusiyanın müxtəlif bölgələrində bir zabit kimi hərbi hissələrdə qulluq etmişəm. Hərbi qulluq etdiyim müddətdə müxtəlif tərifnamə və medallarla təltif olunmuşam. Rusiyanın müxtəlif bölgələrində hərbi qulluq keçərək sonda göndərişlə Saxalin vilayəti üzrə Hərbi Komissarlıqda xidmət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
2012-ci ildə hərbi təqaüdə çıxaraq hərbi fəaliyyətimi dayandırmışam. Həmin il Saxalin vilayətində yaşayan azərbaycanlıların istəyi ilə ulu öndərimizin qurduğu demokratik, suveren Azərbaycan Respublikasını Saxalin vilayətində təmsil etmək üçün mənim təşəbbüsümlə “Birlik” cəmiyyətinin yaradılmasına nail olmuşuq. Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi məlumat vermişik. Fəaliyyətə başladığımızın ilk günlərindən milli, mədəni, irsi dəyərlərimizin təbliği üzrə bir çox fəaliyyətlərimiz olub.
ÜAK-ın Saxalin regional bölməsi üzrə rəhbəri seçiləndən sonra bütün Saxalin vilayəti üzrə səkkiz şəhərdən ibarət tərkibi azərbaycanlılar olmaqla Ağsaqqallar Şurasının yaradılmasına nail olmuşuq. Qəriblikdə yaşayan, qəlbi Vətən həsrətilə döyünən azərbaycanlılarla ulu öndərimizin qurduğu dövlətimizi qürbətdə layiqincə təmsil etməyə çalışırıq. ÜAK Saxalin regional bölməsi, nəinki Saxalin vilayətində, hətta Vətənimiz Azərbaycanda da bir çox vətənpərvərlik mövzusunda tədbirlər keçirməyə nail olub. Bu tədbirlər çərçivəsində Vətənə gəlişimizdə hər dəfə ilk olaraq ulu öndərimizin məzarını, Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişik.
Tədbirlərimizdən təmas xəttində yerləşən təhsil aldığım orta məktəbdə vətənpərvərlik mövzusunda keçirdiyimiz tədbirləri, bir çox şəhid ailələrinə maddi və mənəvi köməyimizi, hərbçilərlə görüşlərimizi, əsgərlərimizə ruh yüksəkliyi, xoş əhvali-ruhiyyə bəxş etməyə nail olmağımızı misal göstərmək olar.
Bundan əlavə, qeyd etmək istərdim ki, 2015- ci il aprel ayının 1-də Oxot dənizində göyərtəsində yeddisi azərbaycanlı olmaqla 132 nəfərdən ibarət balıqçı gəmisinin batması nəticəsində dünyasını dəyişən üç nəfər həmvətənimizin nəşinin Vətənə gətirilib ailələrinə verilməsində və hər birinin dəfn mərasimində, Zaqatala, Naxçıvan, Bakı şəhərlərində, ÜAK Saxalin regional bölməsi adından iştirak etmişik, yaxınlarının kədərinə şərik olmuş və onların ailələrinə Rusiya qanunlarına əsasən ödəniləcək sığorta məbləğlərinin tam şəkildə sənədləşdirilməsinə nail olmuşuq. 2016-cı ilin avqust ayında Moskva şəhərində keçirilən Hərbi Tank yarışlarında Vətənimizi ÜAK Saxalin regional bölməsi olaraq təmsil etmək bizə nəsib olmuşdur.

-Rusiyanın digər şəhərlərində fəaliyyət göstərən milli diaspor üzvlərilə əməkdaşlıq edirsizmi?

-Fəaliyyətimizi, nəinki Saxalin vilayətində, hətta Rusiyanın əksər vilayətlərində yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə, Azərbaycan diasporunun digər təşkilatları ilə görüşlər keçirməyə nail olmuşuq.
Yeri gəlmişkən, ötən ilin dekabrında həm də Moskvada Rusiyadakı azərbaycanlı gəncləri birləşdirən Rusiya Azərbaycanlı Gənclər Birliyinin VII Forumu keçirildi. ÜAK Saxalin regional bölməsinin azərbaycanlı gəncləri də forumda iştirak etdilər. Saxalindən olan azərbaycanlı gənclər RAGB-in təşəbbüslərini yüksək dəyərləndirir, Birliyin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına və digər bu tipli layihələrə dəstək verirlər.
Saxalin uzaq region olmasına baxmayaraq, Rusiyanın mərkəzi olan Moskva şəhərində və digər bölgələrdə keçirilən tədbirlərdə iştirak etməyi özümüzə borc bilirik və çalışırıq ki, bundan sonra da lazımınca iştirak edək.
-Saxalində soydaşlarımız, əsasən, hansı sahələrdə çalışırlar?
-Mən Saxalin Vilayətinin Qubernatoru yanında Millətlər və Konvesiyalararası münasibətlər Şurasının üzvü seçilmişəm. Bundan əlavə, qeyd etmək istərdim ki, Saxalin vilayətində azərbaycanlılar, nəinki biznes, hətta hərbi, polis, tibb, neft və qazçıxarma sahələrində fəaliyyət göstərirlər.

-Saxalindəki gənclərimiz vətənpərvər ruhda böyüyürlərmi?

-Aprel döyüşlərində Saxalin vilayətində yaşayan azərbaycanlı gənclərimiz öz vətənpərvərlik hislərini bariz şəkildə nümayiş etdirərək ÜAK Saxalin regional bölməsində könüllü şəkildə toplaşaraq döyüşlərdə iştirak etmək üçün müraciət etdilər. Ali Baş Komandanımız, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin əmrini gözlədilər.
Bizim sevgimiz tək Vətən sevgisidir. Qürbətdə yaşamağımıza baxmayaraq, qəlbimiz daim Vətən eşqilə vurur və ulu öndərimizin layiqli davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasəti hər an dəstəkləyir, Vətənə olan sədaqətimizi qəlbimizdə qürurla daşıyır və əməllərimizlə sübut etməyə çalışırıq.
Sonda qeyd edim ki, mənim rəhbərliyimlə Bakıda Milli Qəhrəman, polkovnik-leytenant, şəhid Murad Mirzəyev adına Kikboksinq klubu yaradılıb. Bu yaxınlarda klubun açılışını edəcəyik.
Laçınlı diaspor rəhbəri Milli Qəhrəmanın adına kinqboksinq klubu yaradıb


Laçınlı diaspor rəhbəri Milli Qəhrəmanın adına kinqboksinq klubu yaradıb


Palitranews.az
Tarix: 31-05-2017, 12:32







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu