Laçın həsrətilə yaşayan həkim (Portret cizgiləri) A- / A+
Laçın həsrətilə yaşayan həkim (Portret cizgiləri)


Oğlum Elnurun böyrəyində daş var idi və bu daş ona çox böyük ağrı, əziyyət verirdi. Belə qərara gəldim ki, hələ 1980-ci illərdən tanıdığım Əhmədəli (Əhməd) həkimin yanına gedim. Çünki, bilirdim ki, Əhmədəli həkim çox yaxşı mütəxəssisdir və elə həmin illərdə atamı da böyrək xəstəliyindən müalicə etmişdi. Biz, onunla keçmiş dostlar kimi görüşdük. Niyə gəldiyimi bildiyinə görə təcili USM etdirməyi məsləhət bildi. Elə bu vaxt xəstəxananı gəzən baş həkim, dəyərli ziyalı, Əməkdar həkim Nazim Hüseynquliyev də gəlib bizim söhbətin üstünə çıxdı. O da göstəriş verdi ki, oğlum Elnur təcili USM olunsun. Aparatdan keçəndən sonra məlum oldu ki, daş böyükdür. Amma Əhmədəli həkim söz verdi ki, “cərrahiyyəyə ehtiyac olmayacaq. Nəyin bahasına olursa-olsun çalışacağıq ki, cərrahiyyəsiz daşı salaq”. Beləliklə, elə həmin gündən Əhmədəli (Əhməd) Həsənov oğlumun müalicəsinə başladı. Mən də demək olar ki, hər gün Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın Uralogiya şöbəsinə gedib-gəlməyə başladım.

Onu da vurğulayım ki, xəstəxanada əsaslı təmirdən sonra vəziyyət çox yaxşılaşıb. Ən əsası da baş həkim, Əməkdar həkim Nazim Hüseynquliyevin bütün işlərə ciddi nəzarəti çox böyükdür. O, hər gün bir neçə dəfə xəstəxananı gəzib, xəstələrlə söhbət edir və onların şəraiti ilə özü şəxsən yaxından tanış olur. Bütün problemləri də elə yerindəcə həll edir. Xəstələr də, həkimlər də, tibb bacıları da ondan razı qalırlar.

Müalicənin artıq üçüncü günü oğlumun böyrəyinin ağrıları azaldı. Mən orada olduqca xəstələrin də Əhmədəli (Əhməd) həkim başda olmaqla Urologiya şöbəsinin bütün həkimlərindən, tibb bacılarından razılıq etdiyinin şahidi olurdum. Və sevinirdim ki, artıq xəstələrimizin həkimlərə inamı artır. Hətta elə xəstələr vardı ki, Bakıda və bir sıra xarici ölkələrdə müalicə olunmalarına baxmayaraq, tam sağalmayıblar. Məcbur olub Əhmədəli həkimə və bu şöbədə olan həkimlərə müraciət ediblər. Onların sayəsində də tam sağalıblar. Deməli, bu bir həqiqətdir ki, Sumqayıtda öz işinin peşəkarı olan həkimlər çoxdur. Mən bu şəhərdə yaşadığım 43 ildə bunun həmişə şahidi olmuşam.

Oğlum Elnur az bir zamanda tam sağalıb xəstəxanadan çıxandan sonra belə qərara gəldim ki, Əhmədəli həkim başda olmaqla 1 nömrəli Xəstəxananın Urologiya şöbəsinin işçiləri haqqında yazıb, onları çoxminli oxucularla daha yaxından tanış edim. Axı mən, Əhmədəli həkimin yanında olanda tez-tez ora bu şöbədə müalicə olunan xəstələr, onların valideynləri də gəlib öz təşəkkürlərini bildirirdilər. Doğrudan da gördüyün xeyirxah işə, insanları sağaltdığına görə gəlib sənə təşəkkür etmək, xoş sözlər demək necə də yaxşıdır. Mən görürdüm ki, ömrünün 44 ilini bu şöbəyə rəhbərlik edən Əhmədəli (Əhməd) Abduləli oğlu Həsənovun bu xoş sözlər necə də ürəyinə yayılır. Çünki o, bu xoş sözlərlə özünün və işçilərinin zəhmətinin bəhrəsini görür. Həm də o, təkcə həkim yox, yüksək səviyyəli ziyalı və əsl vətənpərvər bir insandır. Hər bir xəstəni də özünün doğması bilir. Ona öz dağması kimi yanaşıb, lazım olam kimi müalicə edir. Desəm ki, o, doğulduğu Laçın rayonu ilə nəfəs alır, bu da əsl həqiqətdir. Çünki onunla etdiyim söhbətlərdə sözünün əvvəli də, sonu da Qarabağ və Laçın haqqında olurdu. Həm də tez-tez kövrəlirdi...

Qısa arayış: 2018-ci ildə 70 illik yubileyini qeyd eləyən Əhmədəli (Əhməd) Abduləli oğlu Həsənov Laçın rayonunun Ağbulaq kəndində anadan olub. İbtidai sinfi öz kəndində, 7 illik təhsilini Qarakeçdi kəndində, orta məktəbi isə Minkənddə bitirib. 1966-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universisteti) müalicə-profilaktika şöbəsinə qəbul olub. 1973-cü ildə ali təhsilli həkim kimi internatura keçmək üçün görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olan akademik Mirməmməd Cavad oğlu Cavadzadənin kafedrasına göndərilib. Bir il onun yanında urologiya üzrə internatura keçəndən sonra taleyini Sumqayıt şəhərilə bağlayıb. 1974-cü ilin avqust ayının 1-dən Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasında uroloq həkim kimi əmək fəaliyyətinə başlayıb. Əhmədəli həkim burada işə başlayanda xəstəxanada cəmi iki uroloq vardı. Bir ildən sonra isə onun bu sahədə böyük bacarığını görüb, Sumqayıt şəhər Səhiyyə Şöbəsi 1 nömrəli Xəsətəxanada Uralogiya şöbəsi yaradıb və Əhmədəli Həsənovu da bu şöbəyə müdir təyin ediblər. Elə həmin vaxtdan da sevimli müəllimi akademik Mirməmməd Cavadzadənin nəzarəti onun üstündə çox ciddi olub. Məşhur uroloq-professor öz tələbəsinə, uralogiya ilə bağlı bilmədiklərini səbrlə başa salıb və öyrədib. Hətta uroloji xəstəliklərlə bağlı Sumqayıtdan və Azərbaycanın şimal bölgəsindən ona müraciət edən xəstələrə də deyirdi: “Niyə mənim yanıma gəlibsiniz. Tələbəm Əhmədəli Sumqayıtdadır. Gedin onun yanına. O, sizi lazım olan kimi müalicə edəcək”.



Beləliklə, müəlliminin xeyir-duası, xoş münasibəti, ona olan etimadı sayəsində Əhmədəli həkim az bir vaxtda məşhurlaşıb. Artıq hamı bilib ki, Sumqayıtda peşəkar uroloq var. Bütün bu illərdə Əhmədəli Həsənov həkimliyi daha üstün tutub. Elm dalınca getməyib. Əgər elmi işlə məşğul olsaydı, indi çoxdan tibb elmləri doktoru, professor ola bilərdi. Çünki onun həm Azərbaycanda və həm də xarici ölkələrdə urologiya ilə bağlı qurultaylarda, simpoziumlarda çıxışları həmişə maraqla qarşılanır. Əhmədəli həkim urologiya ilə bağlı ən son nailiyyətləri belə mükəmməl bildiyinə görə xəstələri lazım olan kimi yüksək səviyyədə müalicə edir. Eləcə də ətrafına çox yaxşı, savadlı həkimlər, tibb bacıları komandası toplayıb. Bu gün Sumqayıt şəhər 1 nömrəli Xəstəxananın Urologiya şöbəsi bir elmi-tədqiqat institutudur desəm yanılmaram. Bu şöbəni yaradan, bu işi quran da 46 illik həkimlik təcrübəsi olan, çoxlu xarici ölkələrin mükafatlarını, sertifikatlarını, dipolomlarını almış, ali dərəcəli həkim, Əməkdar həkim Əhmədəli (Əhməd) Abduləli oğlu Həsənovdur.

- Əhmədəli həkim uroloji xəstəlik son vaxtlar çox yayılıb. Bununla bağlı ölüm halları da çoxalıb. Bunun səbəbi nədir?

- Uroloji xəstəliklərin səbəbi anadangəlmə də və həyatda qazanma da olur. Anadangəlmə odur ki, böyrəklərin ikiləşməsi, sidik kanallarının daralması, böyrəklərdə olan iltihabdır. Uşaq yaşlarında valideynlər körpələrə çox da ciddi fikir vermirlər. Belə ki, uşaq sidiyə pis gedir. Demə onda fimoz var, amma valideyinlər bunu bilmirlər, fikir vermirlər və buna görə də vaxtında həkimə müraciət etmirlər. Bu da sonralar fəsadlar verir. Urologiya xəstəliklərində üçüncü ən əsas cəhət iltihabı proseslər, qidalanmanın düzgün olmaması, soyuq dəymə əsas rol oynayır. Bir də bu xəstəliklərin baş verməsində kalloid, anamaliya nəzəriyyələri də əsas rol oynayır. Onu da vurğulayım ki, daşın nədən əmələ gəlməsini hələ də tibb elmi tam dəqiq bilmir.

- Bu xəstəliklərə tutulmamaqçün insanlar özlərini necə qoruya bilərlər?

- Birincisi düzgün qidalanma, soyuqdan qorunma bu xəstəliyin yaranmamasında çox böyük rol oynayır. Bir də bizim insanlar həkimə gec müraciət edəndə də artıq xəstəlik öz fəsadlarını verir. Belə ki, böyrəklərdə ilk ağrılar olanda artıq həkimə müraciət etmək lazımdır. Amma xəstələr artıq daş əmələ gələndə, böyrək çatışmamazlığı olanda, arterial təzyiq yarananda həkimə müraciət edirlər. Onda da xəstəni sağaltmaq çətin olur. Ona görə də həkimə vaxtında müraciət etmək lazımdır. Ümumiyyətlə hər bir normal insan hər il ən azında iki dəfə bütün tibbi müayinələrdən keçməlidir. Bu, insan sağlamlığı üçün çox vacib olan işdir.

- 1974-cü ildən taleyini Sumqayıtla bağlayan Əhmədəli həkim, bu şəhərin səhiyyəsində artıq 45 ildir ki, çalışır. Bu səhiyyə haqqında nə deyə bilərsiniz?

- Sumqayıt səhiyyəsi elə 1970-80-ci illərdə də Azərbaycan səhiyyəsinin ən aparıcı qollarından biri olub. Həmin vaxtlar burada çox savadlı, peşəkar həkimlər çalışsa da amma səhiyyə ilə bağlı tibbi aparatura indiki kimi deyildi. O vaxtlar çox şey primitiv üsuldaydı. Amma indi aparatura yüksək Avropa standartları səviyyəsindədir. Ona görə xəstəyə düzgün diaqnoz qoymaq da asanlaşıb. Sumqayıt səhiyyəsi indi çox yaxşı vəziyyətdədir. Bu gün səhiyyəyə həm dövlət və həm də Sumqayıt şəhər rəhbərliyi tərəfindən ciddi fikir verilir. Bunu görən həkimlər də öz işlərinə çox cavabdeh formada yanaşırlar. Çox təsədüfən olur ki, hansısa xəstə Sumqayıtın səhiyyə ocağına gəlsin və burada sağalmayıb, Bakıya və ya hansısa xarici ölkəyə getsin. Bu da onu göstərir ki, Sumqayıtdakı həkimlər öz işlərinin əsl peşəkarlarıdır. Xəstələr də onlara çox inanırlar.

- Siz artıq 45 ildir ki, yalnız bir xəstəxanada işləyirsiniz. Onun da 44 ilini şöbə müdiri vəzifəsində çalışırsınız. Sumqayıtda hələ heç bir həkimin sizin qədər şöbə müdiri stajı yoxdur. İşlədiyiniz xəstəxana haqqında nə deyə bilərsiniz?

- Mən bu müddətdə burada çoxlu baş həkimlərlə işləmişəm. Açığı deyim ki, onların çoxu öz işlərinin yaxşı mütəxəssisi olublar. İndi artıq uzun illərdir ki, Əməkdar həkim Nazim Hüseynquliyevin rəhbərliyi altında işləyirik. Onun vaxtında xəsətəxanamız prezidentimiz İlham Əliyevin sərəncamı ilə yüksək səviyyədə əsaslı təmir olunub. Həm də xəstəxanamız yüksək səviyyəli tibbi avadanlıqlarla təchiz olunub. İndi xəsətəni müayinə və mülaicə etməkçün hər cürə şəraitimiz var. Ən əsası odur ki, Nazim həkim çox ciddi insandır. Xəstəxana üçün əlindən gələnləri edir və bizi də məcbur edir ki, xəstələrə qarşı ciddi olub, onların sağlamlığı üçün əlimizdən gələni edək. Məhz buna görə də bizim xəstəxanaya gələn hər bir xəstə həmişə bizdən razı gedir və sonra bizim ən böyük təbliğatçımız olur. Ən yaxın qohumları, tanışları xəstələnəndə onlara müalicə üçün müraciət edəndə məhz bizim xəstəxananı məsləhət bilirlər. Bax bu, əsl təbliğatdır. Məgər bundan da böyük təbliğat olarmı?



- Sumqayıtla nəfəs alan Əhmədəli həkim, bu illərdə şəhərdə çoxlu birinci katiblər, İcra Hakimiyyəti başçıları ilə də təmasda olub. Onlardan kimlər yaddaşınızda yaxşı, müsbət qalıb?

- Mən təxminən 8 birinci katib və İcra Hakimiyyəti başçıları görmüşəm. Onlardan elələri olub ki, heç bir dəfə də olsun bizim xəstəxanaya gəlib, işlərimizlə maraqlanmayıblar. Bəziləri də olub ki, təkcə şəhərçün yox, insanlar üçün can yandırıblar. Amma bir həqiqəti deyim ki, həmin birincilərdən heç kim cənab Zakir Fərəcov kimi Sumqayıt və onun insanları üçün bu qədər can yandırmayıb və çalışmayıb. Bu insan Sumqayıtın səhiyyəsinə, təhsilinə, mədəniyyətinə və bütövlükdə Sumqayıt camaatına, onların rufah halının yaxşılaşmasına əlindən gələn bütün köməklikləri edir. Sumqayıtda bu vaxta qədər heç bir rəhbər sumqayıtlılara bu qədər diqqət göstəyməyib. Axırıncı təxminən üç ildə Sumqayıtda görünməmiş abadlıq işləri görülüb. Sumqayıt indi Zakir müəllimin sayəsində özünün əsl intibah dövrünü yaşayır. Sumqayıtın dənizkənara bülvarı cənab Prezidentimiz deyən kimi əsl möcüzədir. Təkcə dənizkənarı bulvar yox, ümumiyyətlə üç ildə şəhərdə görülən bütün işlər əsl möcüzədir. Bu da ondan irəli gəlir ki, Zakir müəllim lap cavanlıq illərindən Sumqayıtla nəfəs alır. O, ən kiçik işlərdən başlayaraq bu şəhərdə pillə-pillə inkişaf edib. Ona görə də cənab Zakir Fərəcov Sumqayıtda üzdə olan bütün insanları yaxşı tanıyır və kimin nəyə qadir olduğunu da yaxşı bilir. Həmişə də deyir ki, “Sumqayıt mənimçün çox doğmadır. Nə qədər imkanım varsa bu şəhərçün əlimdən gələni edib, Sumqayıtı dünyanın ən inkişaf etmiş şəhərləri səviyyəsinə qaldıracam”. Allah onun canını sağ eləsin ki, fikirləşdiyi bütün bu işləri lazım olan səviyyədə reallaşdıra bilsin.



- Keçən ilin sentyabr ayının 8-də sizin 70 yaşınız tamam oldu. Bu 70 illik həyatı yada saldıqca nələri düşünür və nələri fikirləşirsiniz?

- Həyatımın o qədər şirinli-acılı xatirələri olub ki. Ömrümün çox hissəsini Sumqayıtda yaşamışam. Bu şəhərin insanlarının sağlamlığı keşiyində durmuşam və indi də dururam. Amma mənim həyatımın ən yaralı yeri Qarabağdır. Baxmayaraq ki, Laçında cəmi 17-18 il yaşamışam, lakin o yerlər mənim ən yaralı yerimdir. İnanın ki, hər gün Laçını yuxuda görürəm. Baxmayaraq ki, Qarabağ müharibəsi başlayanda mən Samqayıtda yaşayırdım. Amma tez-tez Laçına gedib, döyüşən orduya həkim kimi lazım olan köməklikləri edirdim. Laçın, Qarabağ işğal olunandan sonra həmin yerlərdən Sumqayıta pənah gətirən çoxlu qaçqınların, köçkünlərin bu şəhərdə yerləşdirilməsi üçün mən də əlimdən gələni etmişəm. Çoxlu doğmalarım bu şəhərdə, Bakıda məskunlaşıb. Mən onlarla nəfəs alıram. Onlarla görüşəndə sözümüzün əvvəli də ortası da, sonu da yalnız Laçınla bağlı olur. İnanıram ki, həmin torpaqlarımızı tezliklə rəşadətli ordumuzun və Ali baş komandanımızın sayəsində geri qaytaracağıq. İnanın ki, əgər mən gedib o yerlərdə ölsəm, bu mənimçün toy- bayram olar. Mərhum şairimiz Məzahirin isə bu sözləri hər gün mənim dilimin əzbəridir.

Qarşımda dayanıb göz dağı kimi,
O dağın o üzü bizim Vətəndi.
Çıxar dəsmalını bir ağız ağla,
Bu qəm göz yaşısız çətin ötəndi,
O dağın o üzü bizim Vətəndi.


Dəyərli ziyalı İlham Qəhramanın anası, mərhum müdrik Səlbi ananın dediyi bu bayatı isə həmişə beynimdə fırlanır.

Qayada qarmağım var,
Tutmağa barmağım var,
“Laçın” deyib Allaha,
Gündə yalvarmağım var.

P.S. Həmişə nikbin insan kimi tanıdığım, hər bir sözlərində yüksək yumor hissi olan Əhmədəli həkimin bu sözlərdən sonra gözləri doldu. Kövrəldi. Daha ona heç bir sual vermədim. Sonrakı suallarımı saxladım Laçın azad olandan sonra onunla birlikdə gedəcəyimiz Laçın rayonuna. Çünki Laçın mənimçün də ən əziz bir yerdir. Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxt Laçın rayonunda dəfələrlə qastrol səfərində olmuşam və bu rayonun camaatının necə qoçaq, igid, qonaqpərvər, zəhmətkeş, öz torpağını sevən olduğunu görmüşəm. Mən də böyük həvəslə yenə də o yerləri gedib ziyarət etmək istəyirəm Əhmədəli həkim. Gün o gün olsun ki, tezliklə sizinlə birlikdə Laçına gedək.

Ağalar İDRİSOĞLU, əməkdar incəsənət xadimi
Tarix: 31-01-2019, 10:18
Baxış: 259



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu