“ƏVVƏLDƏN LAÇIN DEMİŞƏM, AXIRA QƏDƏR DƏ LAÇIN DEYƏCƏM” A- / A+
“ƏVVƏLDƏN LAÇIN DEMİŞƏM,  AXIRA QƏDƏR DƏ LAÇIN DEYƏCƏM”

Yanvar ayının 27-də mərhum sənətkarımız, respublikamızın əməkdar artisti Məhəbbət Kazımovun ildönümüdür. Lacin.info saytı Məhhəbbət Kazımovun 2011-ci ildə “Laçın Yurdu” jurnalının ilk sayı üçün verdiyi müsahibəni yenidən oxuculara təqdim edir.

- Məhəbbət müəllim, Sizi Azərbaycanda hamı tanıyır. Amma bir anlığa təsəvvür edək ki, yad bir ölkədəsiniz, özünüzü tanıtmağa ehtiyac var. Nədən başlardınız?

- Öncə doğma ölkəmdən başlayardım. 1956-cı ildə Laçın rayonunun Çorman kəndində dünyaya göz açdığımı, doğulduğum məkanın mənim üçün çox əziz olduğunu deyərdim. Bu, doğrudan da belədir. Mənim aləmimdə bütün dünyanın mərkəzi Laçındır, doğulduğum kənddir.

- Uşaqlıq illərini, gənclik dövrünüzü necə xatırlayırsınız?

- Uşaqlığım da elə dağda, bağda, çayların üstündə, dərələrdə, ovda keçib. Kənddə həmişə növbə ilə naxıra gedərdilər. Tay-tuşlarımla “nobat”a getdiyim günləri unuda bilmirəm.
Orta məktəbi Şamkənddə oxumuşam. Kəndimizlə məktəb arasındakı məsafə 11 km idi. Məktəbə piyada gedib-gələrdik. Məndən uzaqlarda qalan uşaqlığım indi xatirələrə çevrilib. Acılı-şirinli gəncliyimi də tez-tez xatırlayıram.


- Sənətə gəlişinizdə kimlərin rolu olub?

- Allahın verdiyi səs məni 1974-cü ildə Bakıya gətirib. Sənətə gəlişimdə Bakıda yaşayan böyük qardaşım Əhliyyətin də rolu olub. Onun köməyi ilə musiqi təhsili almaq imkanı qazanmışam. Böyük xanəndəmiz, Seyid Şuşinskinin tələbəsi olmuş Nəriman Əliyevin sinfində muğamın sirlərinə yiyələnmişəm. Necə deyərlər, yol-yolağanı o öyrədib. Sonralar isə Ağaxan Abdullayev mənə dərs deyib. Belə başlamışam sənətə.

- Xəyalınızda iki Məhəbbət canlandırdığınız an olurmu? Heç hamının tanıdığı Məhəbbət təkcə doğmalarının, dostlarının və qonşularının tanıdığı Məhəbbət üçün darıxırmı?

- Çox gözəl sual verdiniz. Bilirsiz necədi? İnsan çox vaxt, bəlkə də hər vaxt özü olmaq istəyir, amma sənətimiz də elə sənətdir ki, həmişə özümüz olmağı bacarmırıq. O Məhəbbət üçün elə darıxmışam, elə darıxmışam (kövrəlir)... Kaş həmin Məhəbbət olaydım. Doğulduğum yerdə, çayın qırağında sonsuz məhəbbətlə sevdiyim təbiətin seyrinə dalaydım. Sizin tanıdığınız Məhəbbət özüm qədər heç kəsin tanımadığı o Məhəbbət üçün yaman darıxıb.

- Laçından ilk məşhurlaşan xanəndə, müğənni sizsiniz. Ancaq indi sənətə istedadlı gənclər gəlir. Kimlərin adlarını çəkərdiniz?
- Çox oxuyanlar var Laçınımızdan. Tanınmış xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova əslən laçınlıdırlar. Qarabağda yaşayıblar deyə, onları xalq Qarabağ xanəndələri kimi tanıyır. Əslində Laçını Qarabağdan ayırmaq da mümkün deyil.
Bütün şairlər, yazarlar, aşıqlar içində təkcə Sarı Aşığın adını çəksək bəs edər. O bizim mənəvi coğrafiyamız, xəritəmizdir.
İstedadlı gənclərdən söhbət düşəndə Ehtiramın adını xüsusi çəkərdim. Çox gözəl sənətkardır, həm də mənliyi, dəyanəti, kişiliyi, ədəb-ərkanı ilə seçilən eloğlumuzdur.

- “Laçınım” mahnısı Sizə böyük şöhrət gətirməklə bərabər, laçınlı olmadığınızı söylədiyinizə dair xoşagəlməz söhbətə də son qoydu. Yeri gəlmişkən, bu mahnının sözlərinin kimə məxsusluğu da mübahisəlidir.

- Deyim də, burda nə var ki? Musiqisi mənim, sözləri Osman Alıyevindir. Mərd bir kişidir. Bir sistem işçisi var idi (Məhəbbət müəllim onun adını da dedi, yazmağı məsləhət bilmədik). Şeirlər yazıb gətirirdi. Görürdüm ki, şeirin dalı-qabağı yoxdur. Deyirdim axı bu şeir deyil, necə oxuyum bunu. Heç olmasa, vətənpərvərlik mövzusunda bir şeir gətir. O da “Laçınım” mahnısının sözlərini gətirdi. Nəqarəti belə idi: “Qoy quş olub göylərində uçum mən”. Dedim quş nədir, dağa qartal yaraşar. Beləcə “Qartal olub göylərində uçum mən” variantının üzərində dayandıq.
Tez-tez yığışdığımız məkana bir gün əsl kənd adamı olduğu hiss edilən sadə görkəmli bir nəfər gəldi. Dedi ki, sənə təşəkkür etməyə gəlmişəm. Tanımadım, soruşdum ki, axı sən kimsən? Kitabı çıxardıb qoydu ortaya, tanışlıq verdi: adım Osmandır, “Laçınım” şeirini mən yazmışam. Həqiqət üzə çıxdı, inandım. Sonra onları üzləşdirdim. Özgənin şeirini mənimsəyən adama dedim ki, get öz işinlə məşğul ol, sən oğruymusan, özü də söz oğrusu.
Məhəbbət müəllim elə “Laçın!” deyə-deyə öləcək. Əvvəldən Laçın demişəm, axıra qədər də Laçın deyəcəm. O dedi-qodunu yayanlar böyük səhvə yol veriblər. Vaxtında mən “Laçınım!” deyib hayqıranda bəzilərinin mısmırığı yerlə gedirdi. İndi Laçınım demək olur. Laçınlılar vardı ki, müəyyən məsələlərdə laçınlı olduqlarını danırdılar.

- Xarici ölkələrdə olanda hansı hisslər keçirirsiniz?

- Xarici ölkələrə səfərlərim elə də çox deyil. Türkiyədə, İranda, Rusiyada və Çexoslavakiyada olmuşam. Daha çox Türkiyədə olmaq arzusunda idim. İranda da oldum, mənə yaxşı təsir bağışlamadı. Siyasətlə məşğul olan adam deyiləm, amma azərbaycanlılar İranda kölə halında yaşayırlar. Türkiyədə isə çox yerləri gəzdim. Sultan bəyin qəbrini ziyarət elədim. Qardaş ölkəyə hər səfərim məndə xoş təəssüratlar yaradır.

- Bəzən Sizi tənbəllikdə günahlandırırlar. Görünür, pərəstişkarlarınızın Sizdən daha çox şey umduğu üçün belə fikir formalaşıb.

- Tənbəlliklə müəyyən məqamları qarışdırmaq olmaz. Ruhlandırmaq tamam başqa bir şeydir. O vaxt adam tənbəl olur ki, onun əməyini qiymətləndirməyəsən, ruhlandırmayasan. Bu, tənbəllik deyil. Həmişə çalışırlar ki, məni ruhdan salsınlar, ona görə də camaata tənbəl kimi görsənirəm. 30 ildə saysız-hesabsız mahnılar oxumuşam. Böyük əksəriyyətinin musiqisi özümə məxsusdur. Bəstəkarlığın gözü-qaşı olmur ki. Təvazökarlıqdan uzaq olmasın, təkcə “Laçınım” mahnısı nəyə desən dəyər. Xalqın adamı olmaq, xalqın hörmətini qazanmaq çox çətindir. Amma gərək xalq da öz sözünü desin. Xalqın üzdə olan, sözü keçən insanlarını, alimlərini nəzərdə tuturam. Adamın əməyi qiymətləndirilməyəndə ruhdan düşər də. Özüm haqqında nə isə danışmağı şəxsiyyətimə də, sənətimə də yaraşdırmaram. Söhbət addan getmir. Min cür haqq-hesab, qısqanclıq var. Məsələn, bu yaxınlarda Laçın haqqında bir film göstərirdilər. Orada Məhəbbətin “Laçınım” mahnısından bir hissə vermək olmazdımı? Belə şeyləri başa düşüb, verirsən qulaq ardına, onda da deyirlər ki, tənbəlsən. Mən bildiyimi, nöyzanbillah, Allahdan savayı heç kim bilmir.

- Batabat səfərinizdəki videogörüntülər daha çox kövrək notlarla yadda qalıb...

- Bizi dostları ilə birlikdə Naxçıvana, Batabata böyük şəxsiyyət, hörmətli generalımız Qaçay Quliyev aparmışdı. Ziyafət təşkil edilmişdi. Camaat eyş-işrətdə idi. Mən də bir alça ağacının altında oturub fikirləşirdim. Dedilər buradan Laçına hava yolu ilə 80 km-lik yoldur. Batabatın yaylağı elə bil bizim yaylaqların bir parçasıydı. Hər tərəf gül-çiçək... Amma görünən doğma dağlara əlim çatmırdı. İçimi bürüyən kədərlə baş-başa qalmışdım. Bu məqamda Hüseyn Kürdoğlunun oğlu İlham Alışanov məni sanki yuxudan oyatdı: danış, nə fikirləşirsən? Dedim evini Allah tiksin, danışmaq olur ki?! Qəhərləndim.

- El şənliklərində, ayrı-ayrı görüşlərdə olanda yəqin ki, maraqlı hadisələrlə qarşılaşırsınız. Belə hadisələrdən birini də Yaşar Nuri danışmışdı.

- Hə, Yaşar müəllimlə eyni məclisdə idik. Allah işlərinə rəvac versin, sağlamlığı bərpa olsun. O da ağ geyinmişdi, mən də. Hava isti olduğu üçün pencəyi çıxartmışdıq. Burdan başqa bir tədbirə getməliydim. Pencəyi geyinib çıxdım. Təzəcə aralaşmışdım ki, Yaşar müəllim məni çağırdı. Dedi ki, istəyirəm sənə pul verəm. Dedim nə pul, Yaşar müəllim, səndə pul hardandır? Dedi yox e, sənə xeyli pul verəcəm. Dedim etmə, eləmə, nə pul, ay kişi? Əlini cibinə salıb bir qom pul çıxartdı. Sən demə, Yaşar müəllimin pencəyini geyinmişəm. Mənim cibi pulla dolu olan pencəyim isə orada qalıb.
Bir dəfə də Sabirabadın Yolçubəyli kəndində toy aparırdım. Əvvəllər bütün el şənliklərində muğam dəsgahı sifariş verərdilər. “Rast” muğamını oxuyurdum, “Vilayəti” hissəsində işıq söndü. Bazburutlu bir kolxoz sədri (adını unutmuşam) 100 rubl atıb:- hə, indi oxu e,-dedi. Dedim ki, bu səs məndədirsə oxuyaram. Oxudum. 100 rubl da atıb “Qarabağ şikəstəsi” oxumağımı istədi. Dedim biz “Rast”ı danışmışdıq, “Qarabağ şikəstəsi”nin qiyməti ayrıdır. Dedi nə qədərdir? Dedim 500 rubl. Razılaşdı: - Amma oxuya bilməsən alacam ha. Dedim al də. Çıxardıb 200 rubl da verdi. Oxuyub qurtarandan sonra qarşımda dayanıb dedi - a qara gədə, anamı ağlatdın e!

- Ənənəvi bir sual da verək. Övladlarınızın sənətinizi davam etdirməsini istərdinizmi?

- Əgər sənət varsa, onun qarşısını almaq qeyri-mümkündür. Yoxsa elə-belə tutum qolundan ki, gəl sənətimi davam elətdir. Ömrümdə buna razı olan adam deyiləm. Artıq balalarım böyüyüblər, universitet tələbələridir. Öz seçimlərini də ediblər.
Bir də o qədər yollar keçmişik ki... Hərdən əzablı yollar, hərdən gözəl yollar... Əzabı-əziyyəti daha çox olan bu yolu övladlarımın davam etdirməsini istəmərəm.

- Sonda laçınlılara, ilk addımlarını atan “Laçın yurdu” jurnalına arzularınızı, ürək sözlərinizi eşitmək bizdən ötrü xoş olardı.

- Arzu sonsuzdur, tükənməzdir. Heç kim deyə bilməz ki, mən yüz faiz arzuma çatmışam. Amma bütün arzulardan ucada duran müqəddəs bir arzum qalıb, Laçına qayıtmaq arzusu. İnşallah, ömür vəfa etsə özümə, etməsə balalarıma Laçını görmək qismət olar.
Heç kəsin xətrinə dəyməsin. Mənə görə, yer üzərində Laçına bənzər yer yoxdur. 1974-cü ildən Bakıda yaşayıram. Laçınlıların heç vaxt əyildiyini görməmişəm. Laçın adını indiyə qədər nə cür yaşadıblarsa, bundan sonra da yaşatsınlar. Övladlarına, balalarına aşılasınlar ki, belə bir məkanları var. Biz dağ adamıyıq, dağ vüqarlı insanlarıq. Heç vaxt əyilməyək, əzilməyək. Sizə Laçın dağı qədər əzəmətli ömür arzulayıram.
“Laçın yurdu”nun əməkdaşlarına da uğur diləyirəm. Mən əli, ayağı yüngül adamam. Allahdan arzum budur ki, bu jurnal Laçında işıq üzü görsün. Orada görüşə bilək. Böyük arzularla deyirəm ki, Allah sözünüzü məntiqli, mənalı eləsin. Amma bir qələminiz, bir üzünüz olsun. Mətbuat böyük qüvvədir. Onu bəzi əqidəsiz adamlar ucuzlaşdırırlar. Tövsiyəm odur ki, öz işinizi görəsiniz. Düzü düz, əyrini əyri yazasınız.

Laçın yurdu, №1(1) 2011
Tarix: 27-01-2017, 14:45



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      ALLAH size uzun omur versin inwALLAH Lacini goresiz Mehebbet muellim
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Xalqın adsız sənətkarı.sənin adın onsuzda bu xalqın ürəyindədir.Rəsmi titul olmasa da olar.Şəxsən mən Faiq ,Səməd kimilərinin daşıdığı o titulu sənin daşımağını istəməzdim.
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      EWQ OLSUN XALQIMIN LACINIMIN FEXRINE .O XALQIMIN EN HORMETLI ZIYALI SAYILIB SECILEN TAYI-BERABERI OLMAYAN MUGENNISIDIR SENINLE MENIM NESLIM FEXR EDIR.
      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      ALLAH sizə ömür versin ki, Laçınım mahnısını elə Laçınən özündə oxuyasız.
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu