“Sənə yazdığım sonuncu şeir”- Əlövsət SALDAŞ A- / A+
“Sənə yazdığım sonuncu şeir”-




Çağdaş poeziyamızın tanınmış simalarından olan Əlövsət Saldaş 1957-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. Ali təhsilli riyaziyyat müəllimdir. Şeirləri 1980-ci ildən mətbuatda çap olunmağa başlayıb. 4 kitabın müəllifidir. Lacin.info saytı şairin son şeirlərindən bir neçəsini oxuculara təqdim edir:



Tapınanım yoxdu daha,
Unudulmuş din kimiyəm.
Bunnan belə göyərmərəm,
Daş ovcunda dən kimiyəm.

Qəlbə dəyir ... dilim qaçır,
Yara vurur ... əlim qaçır.
Görən... ilim - ilim qaçır,
Şeytan kimi, cin kimiyəm.

Biri üçün yanan adam,
Biri üçün yaman adam...
Mən birazca duman adam,
Birazca da çən kimiyəm.





GƏLİB APARSIN..

Ölərəm, mənimlə məzara gedər,
Gəlsin dərd payını bölüb aparsın..
Çəksin mən çəkənin yüzdə birini,
Nələr çəkdiyimi bilib, aparsın...

Sənətim eləcə ah-vaylıq oldu,
Qismət uzaqlaşdı, o taylıq oldu.
Bizi ayrı salan bir yaylıq oldu,
Büküb saxlamışam,gəlib aparsın...

Bir zaman alınmaz qalaydım,qala,
İndi gülənlər var düşdüyüm hala.
Qıymıram, baxımsız, qayğısız qala,
Adını könlümdən silib aparsın...

Dözümsüz olmuşam, ağrılar əyir,
O da məngünlüdü, görənlər deyir.
Qalmasın ürəkdə yazdığım şeir,-
Göynəyən sinəmi dəlib, aparsın...!


BELƏCƏ GƏLDİ

Daha ovundurmaz xoş qılıq məni,
Yorur çiynimdəki arxalıq məni.
Yaman yaxalayıb qocalıq məni,
"Batmış"da ömrümə beləcə gəldi.

Necə qatlaşıbdı neçə yaşa can,
Dözə biləcəkmi görən başacan?!
Qar yağıb saçıma, enib qaşacan,
Bu "qış" da ömrümə beləcə gəldi.

Yağdı payızımda yağışlar,getdi,
Pozuldu ilahi naxışlar, getdi,
Getdi gurultulu alqışlar, getdi,
Qarğış da ömrümə beləcə gəldi.

Noulsun Əlövsət daşnan adaşdı,
Könlü parça-para, gözləri yaşdı.
Düzləri dolandı, dağlardan aşdı,
Altmış da ömrümə beləcə gəldi.

ANLAYIRAM

Sevirəm sözünü dilin deməsin,
Yerinə danışır göz, anlayıram.
Bəzən dil dediyin qana bilmirəm,
Baxışı tez duyur, tez anlayıram.

Bir - birin səsləyən Anadil olaq,
Çəməndə sayrışan qoşa gül olaq,
Qorxuram alışaq, yanaq kül olaq,
Əbəs közərməyib köz, anlayıram.

Şirindir vurduğun mənə- bu yaram,
Saldaşam,mən qanı qanla yumaram.
Hisslərin qoynunda məsti-xumaram,
Hərdən dumanlıqda söz anlayıram.


Sənə yazdığım sonuncu şeir..

Üstümü tez örtün, çəkilin gedin,
Verin borcunuzu, əkilin gedin,
Enin başaşağı, tökülün gedin,
Bir qadın gələcək qəbrimin üstə.

Yolun gözlədiyim kəsim gələcək,
Əsəcək sonuncu əsim, gələcək...
Götürüb yanıqlı səsin gələcək,
Bir qadın gələcək qəbrimin üstə.

Köksünə çəkdiyim dağı deyəcək,
"Qatil" söyləyəcək,"yağı" deyəcək,
Göz yaşı tökəcək, ağı deyəcək,
Bir qadın gələcək qəbrimin üstə.

Qəbrə apardığım o qız gələcək,
Axacaq, səmadan ulduz gələcək.
Kimsəsiz gələcək, yalqız gələcək,
Bir qadın gələcək qəbrimin üstə.

Dağları, daşları dağlasın, getsin,
Qoyun bulaq kimi çağlasın, getsin,
Qoyun sübhə kimi ağlasın getsin,
Bir qadın gələcək qəbrimin üstə.

Tarix: 3-11-2017, 11:01







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu