Mənəvi saflığın Şirindil düsturu A- / A+
Mənəvi saflığın  Şirindil düsturu

Dostlar müxtəlif bədəndə bir ruhdurlar (Hz.Əli ə.s.)
"Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir" (Sokrat)



Elə şeylər, elə mətləblər var ki, onu demək üçün bəlkə də, illər gözləməli olursan. İndi məqamı çatıb, indi də deməyək, bəs nə vaxt deyək? Şirindilin, dünənə qədər hamıdan cavan olan Şirindilin birdən-birə 65 yaşı tamam olur və Şirindil dönüb Şirindil Alışanlı olur, ən azı mənim gözümdə... Ona görə də, elə bilirəm, illər boyu onun üçün ürəyimdə gəzdirdiyim hisslərimi, fikirlərimi yazıya çevirərək sənədləşdirmək məqamıdır...
Şirindil Alışanlı mənim üçün saqqalı ağarmamışdan ağsaqqal olmağı bacarmış fenomen bir insan; daim ayaqda olan alim, həm mehriban, həm də müdrik dost... Şirindilin heç bir atributa, kanonlara, ölçü-biçiyə boyun əyməyən özünəməxsus həyat konstitusiyası var və bunu yazan da odur, əməl edən də, amma pozan vaxtını görməmişəm! Onun öz həyat kultu var, bura məişət həyatı da, elm həyatı da daxildir. Əslində o, ən çox elm adamıdır! Pedant elm adamı yox, elmi canı-qanı, övladı, həyatı qədər sevən, həyat eşqi ilə dolu elm adamı... Gülərüz, istedadın qədrin bilən, yaxşıya sevinən, dosta sədaqətli, böyük-kiçiyin yerin bilən, fədakar, təmiz-tarıq ELM ADAMI!



Onun Azərbaycan elmində öz qaynar qazanı, Azərbaycan elminə öz şirin payı var!.. Bu böyük məziyyətdir! Şirindil əlində boş kasa gəzdirib pay axtaran, bir çömçə də bura qoy, deyən umsuqlardan deyil!.. Onda həm dosta layiq, həm də alimə layiq müdriklik var!.. Şirindil dostu qoruyan dost, istedadı qoruyan istedaddır!.. İstedadsızlığa qarşı prinsipial və barışmazdır... Fikrimcə, Şirindil alimlik müstəvisi şəxsiyyətinin müstəvisinə, şəxsiyyətinin müstəvisi alimliyinin müstəvisinə ən çox müvazi olan şəxsiyyət tipidir...

Belə şəxsiyyət tipi üçün, elə bilirsiniz, yaşamaq asandır?.. Əsla!! Özü də, həmişə qayğılar içində girinc olasan!.. Yox, Şirindilin özünə qalsa elə də qayğısı yoxdur! Şükürlər, ziyalı ailəsi, oxumuş, intellek sahibi həyalı övladları... Amma Şirindil Qədim Qarabağ mahalının uca dağları lacivərd üfüqlü, gülüzarlı, şaqraq bulaqlı, Həkəri çaylı, ata yurdu Laçınnını itirib, dağdan ağır qardaşı, poeziyamızın Məcnun şairi Hüseyn Kürdoğlunu itirib, itgin düşmüş, şəhid olmuş, qaçqına-köçkünə dönmüş, Azərbaycanın bütün bölgələrinə səpələnmiş qohum, qardaş-bacı, dost-yoldaş xatirində və gözünün qabağındadır... Bunların hamısının xeyrində-şərində iştirak etmək, xəstəsinə-qocasına baş çəkmək... Bu da, onun mənəvi borclarından biridir, çiyin yüküdür... Şirindil yurd itgisinin dağdan ağır dərdini çiyinlərində, nisgilini ürəyində gəzdirən qədim Yunan əsatirlərinin qəhrəmanları timsallıdır, imkanı daxilində qayğı çəkən hatəmkeşdir, səxavət kanıdır... El sözü - qohumcanlıdır, dostcanlıdır...


Çünki Şirindil ruh adamıdır və onun ruhu hamı üçün, dostları, qohumları, həmkarları, iş yoldaşları üçün doğmadır... Bunlar isə mənəvi saflıqdan,  insanın ruh halının yaxınlığından doğur... Onda eqoizm, narsizm, özündən müştəbehlik, yersiz lovğalıq, dargözlülük yoxdur... Həlimdir, səlimdir, ürəyigenişdir... Bir sözlə, o, başqasının uğuruna özününkü kimi sevinən, ağa qara, qaraya ağ deməməyi həyat devizi edən, haqqın yanında durmağı bacaran, başdan-ayağa mənəvi saflığın həyat düsturudur... O, həm adam kimi, həm də kişi kimi yaşamağı bacaran kişilərdəndir...  Başqa sözlə, Şirindil Alışanlı Azərbaycan ziyalısına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmiş, yüksək savadlı intellekt sahibi, passionar təfəkkürlü, vətənpərvər, prinsipial bir alim, yanımcıl bir dostdur...

***

Bunları isə gənc, hələ Şirindili yaxından tanımayan oxucularım üçün, həm də, bilib yaddan çıxaranların yaddaşını təzələmək yazıram...

Alışanov Şirindil (Şirindil Alışanlı) Həsən oğlu 1952-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970-1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976-1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir.
Bu məqamda, bir səciyyəvi və ibrətamiz nüansı xatırlatmaq istərdim. Şirindilin 60 illik yubileyində onun elmi rəhbəri professor, akademik Yuri Borisoviç yazırdı: "Əziz Şirindil, həyatda ömrün elə anları gəlib çatır ki, insan bir vaxtlar nəyisə öyrətdiyi tələbəsindən özü öyrənməyə başlayır. Sən indi o məqamda olan tələbələrdənsən və mən səninlə qürur duyuram."
Bu sözləri deyən XX-XXI əsrin görkəmli alimi Yuri Borevdir. Yuri Borev adi, sıradan oln rus-cuhud alimlərindən deyil. Dünya çapında olan məşhur estetikdir, ədəbiyyat və incəsənət tarixi nəzəriyyəçisidir, semiotik və germenevtikdir, poetika, ritorika, aksiologiya ilə məşğul olan alimdir... 50 monoqrafiyanın, 600 çox elmi məqalənin müəllifidir. Onun əsərləri dünyanın 41 dilində yayımlanmışdır. Sağ ol, 100 yaşını haqlayan, Yuri Borisoviç, qocaman cuhud! Sizinlə biz də, şərikik, doğrudan da, Şirindil Alışanlı bütün yönlərilə "qürur duyuran" insandır!!
Hazırda, bu "qürur duyuran" insan filologiya elmlər doktoru, professordur. AMEA Nizmi Gəncəvi adına Ədəbiyyat İnstitutunun "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdridir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.


Bu elə belə həyatı faktlar deyil, bunun arxasında yuxusuz gecələr, zəhmət, istedad durur... Yaradıcılıq əzabına və sevincinə tablaşmaq durur... Şirindil Alışanlının kecdiyi həyat yolu təkcə özünə, ailəsinə yox, elmimizə, xalqımıza, mənəviyyatımıza səmərə verən ziyalının həyat yoludur...


Şirindil ilk yaradıcılıq illərindən sərbəst elmi düşüncə mövqeyindən, dünya humanitar fikrinin standartları kontekstində düşünməyə çalışan gənclərdən olub və bu səciyyəni bu günə qədər artıra- artıra saxlaylb, özünün yaradıcılıq kredosuna çeviribdir...
O, olduqca dəyərli və fəal bir elmi yaradıcılıq yoluna malik tənqidçi, ədəbiyyatşünasdır. 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. Ədəbiyyat İnstitutunda yazılan və ədəbi, elmi mühitdə maraqla qarşılanan «Ədəbi proses» silsilə məcmuələrinin əsas müəlliflərindən biridir. 1977-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin poeziyaya həsr olunmuş birgə respublika konfransında məruzə etmiş, ədəbi-nəzəri fikrin ən aktual problemləri ilə bağlı müzakirə və konfranslarda ardıcıl çıxış etmişdir. O, ədəbi tənqidin nəzəri-metodoloji problemləri, müasir poeziya, onun əsas inkişaf meylləri, poetik axtarışları barədəyazdığı məqalələrlə dövri mətbuatda və bir çox məcmuələrdə müntəzəm dərc olunur. Bunlar adi yazılar və sıradan olan çıxışlar olmayıb, fundamental nəzəri biliklə yoğrulmuş, ədəbi və elmi ictimaiyyətdə qəbul edilən, hesablaşılan fikir və mülahizələr olubdur...


Şirindil Alışanlının elmi fəaliyyət dairəsi geniş və miqyaslıdır, indiki anlayışla desək qlobal siferaya malikdir. Xeyli kitabın və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunmuşdur. Onun "Sözün estetik yaddaşı"(1994),"Romantizm: mübahisələr, həqiqətlər" (rus dilində),(2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi"(2013) və s. bu qəbildən monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş filoloji mühitdə elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-düşmən qarşısına çıxarmağa layiq əsərlərdir.


O, 1993-1998-ci illərdə «Elm» qəzetinin baş redaktoru, 1997-2014-cü illərdə «Elm» Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən hazıradək «Sabah» nəşriyyatının direktorudur. 1998-2003-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Tarixi poetika şöbəsinin müdiri olmuş, dediyimiz kimi, hazırda XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridir. Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Moskvada çıxan «Akademiçeskie tetradi», «Nauçnaya kniqa» jurnallarının beynəlxalq redaksiya heyətinin və Akademiyaların Beynəlxalq Assosiasiyasının Kitab nəşri üzrə Şurasının üzvü, «Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» seriyasının Beynəlxalq Redaksiya Heyətinin üzvü və Baş redaktorun müavinidir yəni beynəlxalq miqyasda nüfuz sahibidir... Hələ, buraya Respublika daxilində olan onlarla redaksiya şuralarındakı iştirakını əlavə etmirik...


Bir sıra beynəlxalq konfranslarda məruzə etmişdir. Məsələn, Эстетика: теория , история, практика.) (Москва, Пушкино, 31 мая-3июня 1982 г.); Beynəlxalq Şəhriyar konfransı – Tehran-Təbriz, 1992 (İran); Beynəlxalq Füzuli konfransı - Bağdad, 1994 (İraq); Azərbaycan səbkinə həsr edilmiş Beynəlxalq konfrans – Urmiya, 1996 (İran); Международная научная конференция «Низами и Навои: исторические и культурные связи», Самар¬канд, Узбекистан, 14 июня, 2010; özünün təşkilatçılığı ilə keçirilən, dünyanın iyirmiyə yaxın ölkəsindən gələn alimlərin iştirakı ilə keçirilən Humanitar elmlərin müasir durumu və ədəbiyyat-şünaslığın nəzəri-metodoloji məsələləri. Beynəlaxq (Bakı, dekabr 2010) elmi konfranslar buna misaldır...


Şirindil fəaldır, zəhmətkeşdir, yorulmadan ədəbiyyatşünaslıq elmimizin təbliği və tanınması işi ilə məşğul olur. Onun Respublikamızda 1976-cı ildən bu günümüzə qədər keçirilən onlarla elmi konfranslarda və sessiyalardakı məruzələri buna bariz misaldır. Bunlardan xatırladığım "Böyük Azərbaycan şairi Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilmiş ümumrespublika elmi konfransı", Bakı, 1976; "Poema: axtarışlar, tapıntılar", Bakı, 1977. (AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyinin birgə müşavirəsində əsas məruzəçi). «Ədəbiyyat və incəsənət» qəzeti, 29 oktyabr 1977; Azərbaycan Dövlət Universiteti və Nizami adına Ədəbiyyat İnstitutu. «Sosialist realizmi və çoxmillətli sovet ədəbiyyatının inkişaf problemləri» mövzusunda Respublika elmi-nəzəri konfransı. Bakı, 1984; Ədəbi-nəzəri fikir iki əsrin qovşağında. Respublika konfransı. Bakı, 2001;XX əsr Azərbaycan ədəbiyyatı: yeni baxış və ədəbi-metodoloji dəyərləndirmə meyarları. Respublika elmi konfransı (Bakı, 2004) qeyd etməyi vacib bildim...


Buraya Şirindil Alışanlının 200 çox ədəbi-tənqidi məqalələrini, rəhbərliyi və redaktəsi ilə çap edilmiş olduqca vacib onlarla elmi məcmuələr və antologiyaları, redaktə etdiyi kitabları, elmi rəhbərliyi ilə müdafiə olunmuş işləri, hazırda rəhbərlik etdiyi namizədlik işlərini, müdafiə edilən dissertasiyalara elmi opponentliyini də əlavə edəsi olsaq onun çeşidli, çoxsahəli elmi-yaradıcılıq, təşkilatçılıq və naşirlik fəaliyyətinin miqyası barədə təsəvvürü tamamlamış olardıq...


Şirindilin qədrşünaslığını, sələfləri və müəllimlərinə ehtiramını xüsusi vurğulayardım. Ədəbiyyatımızda və elmimizdə böyük xidmətləri olmuş, hazırda haqq dünyalarında uyuyan bir çox alimlərimizin elmi-ədəbi irsinin qorunub-saxlanılmasında, onların təkrar nəşr edilərək gələcək nəsillərə çatdırılmasında Şirindilin xidmətləri ölçüyəgəlməzdir. Görkəmli ədəbiyyatşünas-alimlərimiz Yaşar Qarayevin, Azadə Rüstəmovanın, Zakir Məmmədovun, Hüseyn Kürdoğlunun, Ağa Laçınlının və adlarını çəkmədiyim neçə sələfimizin ədəbi irsinin yenidən işıq üzü görməsində bu gün onun çəkdiyi zəhmət bir insanlıq örnəyidir. Onun Səməd Vurğun, NəbiXəzri, Məmməd Cəfər, Mir Cəlal, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Tofiq Hacıyev, Yaşar Qarayev, Qəzənfər Paşayev və başqa sənət adamları və müəllimləri barəsində yazdığı elmi-nəzəri portret-oçerklər öz dəyəri ilə fərqlənir, həssas bir ürək sahibi olan Şirindilin elmi-ictimai statusunu müəyyənləşdirir.
Onun elmi-ictimi statusunu müəyyənləşdirən mühüm amillərdən biri də, ekran-efir vasitəsilə ictimaiyyətlə qurduğu ünsiyyətdir.. Vaxtaşırı onun televiziya kanallarında, müxtəlif mətbuat orqanlarındakı ayrı-ayrı ədəbi şəxsiyyətlər haqqındakı çıxışları, elmi-ədəbi irsimizin mühüm problemlərinə güzgü tutan açıqlamaları da alim şəxsiyyətinin hərtərəfli açılmasında az əhəmiyyət daşımır...


Bütün bu elmi fəaliyyəti nəzərdən keçirərkən, son olaraq belə bir qənaətə gəldim ki, elm uğrunda çalışmaq, yazıb-yaratmaq, filoloji aləmə səmimi xidmət etmək istəyi ziyalı insanların iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Millətin döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan belə ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalırlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə fəaliyyət göstərən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən irəli gəlir.


Yüksək yaradıcılıq duyumu ilə fərqlənmək qabiliyyətini isə, ilk növbədə, insanın kamillik səviyyəsi, şəxsi ləyaqət hissi, sağlam həyat tərzi dünyaya gətirir. Bütün bunların vəhdətindən doğulan ən ali keyfiyyət aid olduğu şəxsi ədəbi-elmi camenini şirininə çevirir.

Düşünürəm ki, dövrümüzün görkəmli, nüfuzlu söz adamlarının, şəxsiyyətlərinin, qələm dostlarının ayrı-ayrı məqamlarda Şirindil Alışanlı barəsində fikirlərinin bir qismini xatırlatmaq yerinə düşər.


Xalq yazıçısı Anar: "“Çox illər bundan qabaq Şirindil ilə tanış olmuşam. Onun zahiri görünüşü də, yaradıcılığı da dəyişməyərək qalmışdır. O, nəşriyyat direktoru, alim kimi həmişə qaynar fəaliyyətdədir. 70-ci illərdə ədəbiyyata gələn ədəbiyyatşünaslardan ən parlağı Şirindil Alışanlıdı”.


Filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Arif Əmrahoğlu: "“Azərbaycan filoloji fikrinin görkəmli nümayəndələrindən biri olan Şirindil Alışanlı müasir nəzəriyyəyə dərindən bələd olan və bu sahədə ən son uğurları müntəzəm şəkildə mütaliə edən və araşdırmalara tətbiq edən dəyərli ədəbiyyatşünas alimdir. O, ənənəvi filologiya ilə filologiyanın son uğurlarını əlaqələndirmək missiyasının daşıyıcılarındandır".


Akademik Teymur Kərimli: "Şirinil Alışanlı dəyərli bir ədəbiyyatşünas olmaqla yanaşı, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyətdir. Biz Şirindil Alışanlı ilə artıq 42 ildir ki, yol gəlirik və tanıdığım gündən etibarən heç vaxt onunla dost, həmkar olmaqdan peşman olmamışam."


Akademiyanın müxbir üzvü Kamran Əliyev: “Şirindil Alışanlı gördüyü işləri şişirtməyi, qabartmağı xoşlamır. Şirindil haqqında danışmaq ilk növbədə 70-ci illərin tələbələri haqqında danışmaq deməkdir. 70-ci illərdə auditoriyalarda çox görkəmli alimlərin mühazirələrini dinləyərək yetişən ədəbiyyatçı ordusu yaranmışdı. 80-ci illərdə fililogiya fakültəsi bütünlüklə Ədəbiyyat İnstitutuna köçdü. Onlar ədəbiyyata yeni bir impuls, təkan gətirdilər. Şirindil Alışanlı haqqında danışmaq əslində ədəbiyyat fakültəsinin ədəbiyyata gəlişi haqqında danışmaq deməkdir. Onun fəaliyyət dairəsi zəngindir, genişdir. O, özünün rəhbərlik etdiyi nəşriyyatda ədəbiyyatımız üçün gərəkli olan “Tarix və poetika” və başqa kitabları nəşr edir. Şirindilin ən böyük nailiyyəti onun sadəliyi, saflığıdır”.


Proffessor Məhərrəm Qasımlı: " Şirindil Alışanlı ədəbi, elmi fəaliyyətində müstəsna xidmətləri
olan alimdir. Kamal Talıbzadə, Yaşar Qarayev, Şirindil Alışanlı ədəbiyyat institutunda gənclərin yerləşdirilməsində əvəzsiz xidmətləri olmuş şəxslərdirlər. Şirindil müəllimin xeyirxahlığı mənim elmi həyatımda çox böyük rol oynayıb. Ədəbiyyatımız, folklor, aşıq ədəbiyyatı ilə bağlı polemik söhbətlərində mən onu özümə müəllim hesab edirəm. Şirindil Alışanlının “Sözün estetik yaddaşı” kitabı onun xarakteri, həyat tərzi, ədəbi həyatı ilə yaxından səsləşir. O, konseptual düşünən alimdir. O, ədəbiyyata konseptual dəyərləndirmə baxımından yanaşır. Şirindil Alışanlı Azərbaycan filoloji fikrində örnək olan alimlərdəndir”.


Filologiya elmlər namizədi, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov: "Şirindil Alışanlı dünya ədəbiyyatı miqyasında Azərbaycan əddəbiyyatını tanıdan, müasir ədəbiyyatşünaslıqda, ədəbi-bədii tənqiddə fərqlənən, orijinal, özünü təsdiq etmiş, tanınmış tənqidçi-ədəbiyyatşünas alimdir".


Akademiyanın müxbir üzvü Tehran Əlişanoğlu: "Şirindil Alışanlının ədəbiyyatşünas mövqeyi on illərdir ki, elmi-ədəbi mühitə məlumdur, milli ədəbiyyatşünaslığın pozitiv ənənələrinin tədricən unudulmasına qarşı həssas münasibəti də mətbu çıxışlarından bəllidir. Onun qələmindən çıxmış sistemli tədqiqat əsərləri ədəbiyyatşünaslıq elmimizin sabahına böyük inam doğurur.


...Bütövlükdə nəzəriyyəçi-alim kimi Ş.Alışanlı metodoloji axtarışlar sahəsində sintez mövqeyinin tərəfdarıdır. Bu günədək dünya humanitar fikrində mövcud olan formasiyalar və sivilizasiyalar nəzəriyyələrinin sintezi, ümumən dünya nəzəri fikri ilə milli ədəbiyyat təcrübəsinin qarşılıqlı həzm olunması, poetika və tarixi poetika məsələlərinin vəhdətdə öyrənilməsi kimi birləşdirici məqamlar leytmotiv olaraq tədqiqatlarının əsasında durur, monoqrafiyalarıda əksini tapır."


Filologiya elmlər namizədi, tənqidçi-ədəbiyyatşünas, tanınmış jurnalist İlham Məmmədli: "Mənim fəxr elədiyim müəllimim, ustadım professor Şirindil Alışanlı elmi-ədəbi aləmdə qazandığı uğurlara, ictimai həyatdakı fəallığı, nüfuzuna və yaşadığı ömür yoluna görə böyük Azərbaycan ziyalısıdır. Şirindil Alışanlı yüksək erudisiyalı ziyalı, dərin elmi təhlil təfəkkürünə malik alim, vətəninin uğurlarını öz uğurları sayan, ağrılarını öz ağrısı hesab edən vətəndaşdır."


Bu səmimi fikir və mülahizələrdən də, görünür ki, belə şəxsiyyətlər həyatın bütün sevincini, şirinliyini istedadın onlara bəxş etdiyi ağır zəhmətdən almış, mənəvi zənginliyi həmişə üstün tutmuşlar. Qarşıya qoyduqları nəcib amallara, məqsədlərə yetişmək sözü, zəkası ilə ucalan insanlar üçün dünyanın ən böyük xoşbəxtliyi olmuşdur... Mənə elə gəlir ki, bütün bu keyfiyyətlər "mənəvi saflığın Şirindil düsturunu" yaradır!..

Filologiya elmlər doktoru, professor, laçının laçın övldı, yüksək elmi zəkalı, intellektual səviyyəli, unikal, müasir humanitar təfəkkür sahibi Şirindil Alışanlı belə xoşbəxt insanlardandır və bunu o, 65 ill yaşadığı ləyaqətli ömürlə qazanıb, mənəvi xoşbəxtliyinə qovuşub... Onu ürəkdən, səmimiyyətlə təbrik edirəm, can sağlığı, uzun ömür, yeni-yeni uğurlr diləyirəm!.. Yaz, yarat, xoşbəxt yaşa!..
Vaxtilə - 50 yaşında qardaşın Hüseyn Kürdoğlunun sənə həsr etdiyi şeirdən bu beş misralıq bəndi söz buketinə çevirib, öz adımdan sənə təqdim edirəm:

Yaz, yarat, qələmindən dürdanələr saçılsın,
Əsrlər gizlicində bağlı sirlər açılsın.
Pas tutmuş ehkamların daş-divarı uçulsun,
Mən də qoca yaşımda baxım, sevinim, gülüm,
Ay istəkli qardaşım, əzizim, Şirindilim! 



Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor;
"Fədakar alim" və "Elm fədaisi" diplomantı,
"Səməd Vurğun mükfatı" laueratı,
1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Tarix: 28-10-2017, 12:32







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu