“Dərdimi qanan olmadı”- Əlövsət Saldaş 60 A- / A+
“Dərdimi qanan olmadı”-


Tanınmış el şairi Əlövsət Saldaşın 60 yaşı tamam olur. Əlövsət Saldaş 1957-ci ildə Kəlbəcər rayonunun Çərəkdar kəndində anadan olub. Ali təhsilli riyaziyyat müəllimdir. Şeirləri 1980-ci ildən mətbuatda çap olunmağa başlayıb. 3 kitabın müəllifidir.

Qeyd edək ki, bu gün Qobustan rayonu Gənclər və İdman mərkəzində şairin yeni çapdan çıxmış “ÖMRÜN PAYIZINDAN ÜZÜ YÜXARI” adlı kitabının təqdimat mərasimi olacaq. Lacin.info saytının kollektivi şairi, 60 illik yubileyi münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır.



Bir namə göndərdim köhnə ünvana,
Mübarək sözlərin qanımnan yazdım.
Yollara çıxmağa tabım qalmayıb,
Daha usanmışam canımnan,-yazdım...

Bu dünya üstümə çökər, gəlməsən,
Gor məni dibinə çəkər, gəlməsən,
Yazdım ki, sonumdu, əgər gəlməsən,
Bağrımı kül edən yanımnan yazdım.

Yolunun üstündə bitən günümnən,
O vaxtdan dincliyi itən günümnən,
Saatı zülümnən ötən günümnən,-
İldən uzun olan anımnan yazdım.

Çəkilləm bir küncə xəlvət, gecələr...
Ruhum məndən qaçar, harda gecələr?!
Çıxdı axırıma zülmət gecələr,-
Sökülmək bilməyən danımnan yazdım.

Axşam da, səhər də ağrı qovuran
Nigaran omrümü belə sovuram...
Dərdnən tutaşıram, qəmi qovuram,
Hələ əlləşirəm canımnan,-yazdım...





********
Altmışın sınıq şəklini
çəkim də, yara göndərim.
Ürəyimi misralara
büküm də, yara göndərm.

Oxlar atdım bir hədəfə,
Tuş olmadı bircə dəfə.
Göz yaşımı bir qədəhə
Töküm də, yara göndərim.

Siz də əl yetirin yannan,
Qorxum yoxdu daha qannan.
Ruhumu ayırım cannan,
Söküm də, yara göndərim.

Qulpu qırıq eynəyimi,
Bir əsamı, bir nəyimi?..
Həsrət didən köynəyimi
Tikim də, yara göndərim.

********

Bircə qarış ömür imiş
Olumdan ölümə qədər.
O ömürdə yol gəlirəm
Ürəkdən dilimə qədər.

Dünyadı tayım-yaşıdım,
Tayımı dağdan aşırdım...
Tərtəmiz əməl daşıdım,
Dilimdən əlimə qədər.

Bülbül oldum, dilə gəldim,
Pəsə endim, zillə gədim.
Zərrə sevinc ilə gəldim
Çəkdiyim zülümə qədər.

Dərdimi qanan olmadı,
Canıma canan olmadı,
Oduma yanan olmadı
Közümdən külümə qədər...

Eh..daşım dağdan atılıb,
Qayğıyla başım qatılıb,
Əlövsət, şələm çatılıb
Dizimdən belimə qədər.


********
Yolun gözlədiyim məqam bu imiş,
Altmış nəmənəydi, oyudu getdi.
Göz yumub açınca buxara döndü,
Yanağımı yuyan suyudu, getdi...

Acısın şirinə qatdım ömürün,
Nə çətin anına çatdım ömürün.
Səsində,küyündə batdım ömürün,
Bilmədim yasıydı, toyudu, getdi.

Hər sözün üstündə əsib demişəm,
Yetsin bir tərəfə səsim demişəm.
Allah nə qıyıbsa bəsim demişəm,
Qədərim, qismətim buyudu, getdi.

Sıraya düzmüşdüm,düzümdə qaldı,
Heç kimə demədim, özümdə qaldı.
Körpə arzularım gözümdə qaldı,
Xəyal beşiyində uyudu, getdi...

Kəməri uduzdum, dirədən çıxdım,
Ovumu hürkütdüm, bərədən çıxdım,
Saldaş Əlövsətəm, kürədən çıxdım,
Alovlu ürəyim soyudu, getdim...!

********
Gedərgəlməz dedikləri buydumu,
Yollarından yığılsınmı gözüm, ta...
Ay insafsız, könlün məndən doydumu,
Oxşamır ki, ürəyini sözüm, ta...

Dil-ağızsız qara daşa tənəm mən,
Nə danışam,nə deyəm ki, dinəm mən.
İndən belə mənə çətin dönəm mən,
Mən deyiləm özümdəki özüm, ta...

Sən əsiri, mən bu eşqin köləsi,
Kim öldürdü, de, kim oldu öləsi.
Öləziyir ocağımın şöləsi,
Yavaş-yavaş külə dönür közüm, ta...

Zəhər daddı can acısı bu eşqin,
Qəmin yedik başlıcası, bu eşqin.
Sən qarısı, mən qocası bu eşqin,
Sevilməli nəyimiz var bizim, ta...

Sil qəlbindən, bir quyuya at daşım,
Qalım orda, buza dönüm, yaddaşım.
Qalan ömrün əzabına qatdaşım,
Əlövsətəm, həstətinə dözüm, ta..


********
Bu qədər cəfaya səfil dayanar?!
Nə dəvə götürməz, nə fil dayanar.
Ürəyim yaradı, qəfil dayanar,
Günaha batarsan, gözəl, ölərəm.

Taleyim o qədər astaqədəmdi,
Gəlib harayıma çatmaz, nədəndi...
Saralan vaxtımdı, solan vədəmdi,
Olaram bir ovuc xəzəl, ölərəm.

O qədər çırpınar bu can qəfəsdə,
Tükənər taqətim, sönər həvəs də.
Dursan başım üstdə axır nəfəsdə,
Rahat can verərəm, gözəl ölərəm.

********
Könlümün ah pərdəsi var,
Sızlayar kaman yerinə.
Dinləyənim sən olsaydın,
Düşərdi yaman,- yerinə.

Bir-birə qoşulaq gedək,
Vüsala tuş olaq, gedək...
Gəlsənə quş olaq, gedək
Dağların duman yerinə.

Yaman zalımsan,ama,sən,
Çəkirsən xişı xama sən..!
Bir parça ümid yama sən,
Qəlbimin daman yerinə

********
Çiçək ətirlim ol, gül nəfəslim ol,
Gəl gir ürəyimə, dar qəfəslim ol,
Kərəməm, oduma yanan Əslim ol,
Axtar, tap ruhumu külüm içində.

Bu qədər iztirab yeyə-yeyə mən.
Oldum yüz ağrıya, dərdə yiyə mən.
Tək sənin adını deyə-deyə mən
Bir ömür yaşadım zülüm içində.

Həsrət elə əsdi, tufan qopardı,
Əlimdə nə varsa, aldı, apardı.
Sənin qucağında gəlsə nə vardı,
Dirilik tapardım ölüm içində

********
O tayda, bu tayda, hansı yandasan?!
Keçərsən Arazdan, Kürdən, gələrsən.
Bəlkə həqiqətdi gördüyüm yuxum,
Yolunu çaşarsan birdən, gələrsən.

Daddım həsrət adlı zəhərli meydən,
Gəlib görərsən ki, düşmüşəm heydən.
Nə bilim, qəfildən enərsən göydən,
Ya dəlib çıxarsan yerdən, gələrsən.

Çalış, bircə dəfə görün gözümə,
Görüm, bir təsəlli verim özümə.
Nə qədər ürəyim baxır sözümə,
Neçə ki, düşməyib girdən, gələrsən.

Can evim tör-tökün, dağım-dağımdı,
Təsliməm, ağ saçlar ağ bayrağımdı.
Ovuna bilmirəm kövrək çağımdı,
Macalın olanda hərdən gələrsən.

Üzü yana dönsün görüm, bu baxtın,
Ünvanın əlçatmaz, yolum uzaxdı.
Saldaşın köməksiz qalıb nə vaxtdı,
Məni qoruyarsan şərdən, gələrsən.

********
Atam istəmişdi, Anam gətirdi,
Mənim bu dünyada nə işim vardı.
Ömrüm varaqlarda sətir-sətirdi,
Mənim bu dünyada nə işim vardı.

Kimisə tamladı - yarı göndərdi,
Bir ballı çiçəyə arı göndərdi.
Gəlməyim yox idi,Tarı göndərdi,
Mənim bü dünyada nə işim vardı.

Tapdı qılığımın çəmin kimisi,
Heyranım kimisi, qənim kimisi...
Burda arta bilməz mənim kimisi,
Mənim bu dünyada nə işim vardı.

Varmı bir bəxtəvər, özünnən əmin,
Qoy durum başına dolanım, həmin..
Yavanlıq olmadı dişimə mənim,
Mənim bu dünyada nə işim vardı.

Xəbərdar etmədi məni bir duymuş,
Sən demə binadan talan yurduymuş.
Şeytanlar vətəni, cinlər yurduymuş,
Mənim bu dünyada nə işim vardı.

Bir uca məqamdan sallanıb gəldim,
Haqdan badə aldım, hallanıb gəldim,
Əlövsət, hüsnünə aldanıb gəldim,
Mənim bu dünyada nə işim vardı.






Tarix: 13-06-2017, 11:54



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu