"BIR ÜRƏK ORTADAN PARALANIBDI"- Arif PƏNAHOĞLU A- / A+
"BIR ÜRƏK ORTADAN PARALANIBDI"-

Lacin.info saytı istedadlı şair Arif Pənahoğlunun şeirlərini oxuculara təqdim edir:




EY PUL

Səni kəşv edəni lənətə gəlsin,
Etdin arzuları tarimar ,ey pul.
Bəlkə sən olmasan bütün cahanın,
Hər yanı olardı laləzar ,ey pul.

Elə ki, yaranıb gəldin cahana,
Yeni yollar açdın fəndgir şeytana,
Tamahı öyrədib məzlum insana,
Aləmdə yaratdın ahu-zar ,ey pul.

Kimin dostusansa ,sayılır insan,
Kimdən xoşun gəlmir o sənə düsman,
Üstündə tökülür daim nahaq qan,
Yaman zülümkarsan,zülümkar ,ey pul.

Nazlı bir mələksən-yanaqları al,
Qüdrətin bəllidi nə gərək misal,
Sənə çata bilməz şirinlikdə bal,
Həmdə ki, dadırsan zəhrimar, ey pul.

Sağalmaz ,dərdlərə dərman səndədi,
Ümidsiz müşgülə güman səndədi,
Çərxi tərs işləyən zaman səndədi,
Səninlə bağlıdı hər nə var ,ey pul.

Qılıncdan itidi vallah kəsərin,
Köklərin isləyib dərindən-dərin,
Bircə o dunyada yoxdu dəyərin,
Orada gəzirsən sən açar ,ey pul.

Saldı oyunlara bu çərxi-fələk,
Qaldı ürəyində yüz arzu-dilək,
Arifə olmadın vaxtinda gərək,
Qarlı qışa döndu ilk bahar ,ey pul.
Qarlı qışa döndu ilk bahar ,ey pul...


ŞER YAZIRAM

Rahatlıq tapmıram,bu dar dünyada,
Çarmıxa çəkilən fikirələrimdi...
Mum kimi əriyib damcılayıram,
Sabaha çıxmaga...Allah Kərimdi.

Bu hansı aləmdi düşmüşəm belə,
Duruxub qalmışam,yene çaşıram.
Yerdə anlaşmıram bəndələr ilə,
Göydə Tanrım ilə pıçıldaşıram.

Ruhumla birləşıb,xəstə könlümün,
Xış salıb içini eşib-qazıram.
Çəkilib küncunə,dar bir otagin,
Özümə qapılıb şer yazıram...


XƏYALLAR YAŞADIR BİRTƏHƏR MƏNİ

Tutub gecəyarı məcbur, əlimdən,
Dartır xəyalların höcət təkidi.
Onsuzda bezmişəm özum özümdən,
Sən Allah qoy yatım,saat ikidi.

Gecənin soyuğu bıçaq tək kəsir,
Külək uğuldayır aç canavar tək.
Mənə nə vermisən ala bilmirsən,
Məni rahat burax, yaxamdan əl çək.

Vəd edir,apara,məni özüylə,
Gedə bimədiyim çox-çox uzağa,
Vəd edir,apara ,məni özüylə,
Uşaqlıq dövrünə ,həmən o çağa.

Buraxmır əlimi körpə əli tək,
Xəyal hara çəkir,bilmirəm hələ,
Çıxara bilmirəm onu başımdan,
Məni ovsunlayıb,gətirir dilə.

Göz açır içimdə təzə arzular,
Köhnə arzularım yatıb içimdə,
Təzə arzularım, köhnə dostların,
Birtəhər başını qatıb içimdə...

Gedirik səmanın yeddi qatıyla,
Arada xəyalı tuturam dilə.
Deyirəm gəl məni qaytar yerimə,
Tələsmə:-çatırıq indi mənzilə.

Budur,gəlib çatdıq doğma kəndimə...
Donub gözlərimin axan yaşıda.
Acgöz baxışlarım yeyir birbə-bir,
Çoxdan görmədiyim dağı ,daşıda.

Bu da evimizdı,doğulduğum ev...
Görcək,donub qaldım,nitqim lal oldu.
Özümdə bilmədim,nələr keçirdim,
Vücudum bir anda halbahal oldu.

Yapışdı qolumdan xəyalım yenə,
Dedi :- Keç içəri,nə durmusan keç.
Yenə inanmıram özüm özümə,
Ağlıma gəlməzdi,düşünsəm də heç.

İlahi ,hamısı sağ-salamatmış,
Cəmdi evimizdə bütün doğmalar.
Həyat əvvəlki tək öz axarında,
Söylə,bundan artıq xoşbəxtlik olar ?!

Nənəmdi ,əyləşib ipin əyirir,
Gələn səs çırha-cır cəhrə səsidi.
Bütün varlığımı alıb sehrinə,
Ecazkar simfoniya təranəsidı...

Azacıq qaraldıb sobanın hisi,
Truba sancılan bəyaz divarı,
Solda qardaşımın əsgər şəkili,
Sağdansa asılıb atamın tarı,

Hərdən boylanıram anama sarı,
Saçı qapqaradı heç düşməyib dən.
Xorəyin xoş iyi məni məst edib,
Eləbil illərin acıymışam mən .

Əyləşibdi atam masa önündə,
Söykəyib alnına o sağ əlini,
Nə bilim nə yazır şeir,bəlkədə-
Növbəti rüblərin dərs çədivəlini.

Aynadan görsənir kəndin evləri,
Damlardan tüskülər qalxır havaya,
Anamın səs-küyü çəkir diqqəti,
Çömçə toxunduqca,dəmir tavaya.

Dünəndən başlayıb,dayanmaq bilmir,
Göydən qar ələnir hey narın-narın..
Durum hazırlayım,yoxsa gec olar,
Sabahkı dərslərin tapşırıqların.

Sıxıldım nəisə,çıxım havaya,
Görüm çıxacaqmı kimsə rastıma,
Səhər zəng etmişdi,soyuqlamışam,
Həm baş çəkərəm həmən dostuma...

Qalın geyinərək çıxıram çölə,
Ayaqda göy rəngli rezin potular,
Dolur boğazından ayaqlarıma.
Dizimdən yuxarı tıxaclanan qar...

Keçirəm yanından köhnə bir evin,
Həyət təmizlənib qardan yenicə,
Doğranmış odunlar,yanında balta,
Cərg ilə yığılıb eləcə küncə.

Azacıq aralı taxta qapıdı,
Balaca eyvandı girəcəyi dar.
Səfləri pozulmuş durnalar kimi,
Qapının ağzında rezin qaloşlar.

Sükuta qərq olub bütün təbiət...
Üstündən buğ qalxır həlim dərənin.
Gözlə gördüyümü yaza bilmirəm,
Vəsvinə acizəm bu mənzərənin...

Hərdən eşidirəm bir az uzaqdan ,
Hürüşür səs- səsə kəndin itləri,
Gəlir budaqlardan yem həsrətiylə,
Donmuş sərçələrin cikgiltiləri...

Xəyallar bezikdi suallarımdan...
-Yat dincəl,yoruldum,mən də dincəlim,
Gəl belə danışaq,elə edək ki,
Sabahı,səninlə yenə də gəlim.

Xəyallar yaşadır,birtəhər məni,
Ömür ötüb keçir,yaş sürür köçün,
Dolmuşam,səmada qara bulud tək,
İldırım gəzirəm boşalmaq üçün...

BIR ÜRƏK ORTADAN PARALANIBDI

Təbriz bir yanıdır,Bakı bir yanı,
Bir ürək ortadan paralanibdır,
Yarımcan xəstədir Azərbaycanım,
Kafərlər əliylə yaralanıbdır.

Zəncan, Ərdəbilim, Maragam, Xoyum,
Turk oglu Türk nəslim, əcdadım, soyum.
Yer tapa bilmirəm, cismimi qoyum,
Ruhum bədənimdən aralanıbdır.

Bakim, Gəncəm, Bərdəm şöhrət-şanımdı,
Tarixlər yaşadan bir dastanımdır,
Arazdan su deyil ,axan qanımdı,
Kəsilmiş başımdan şoralanıbdı.

Əlimdə çatmayır dogma əllərə
Bu taydan o taya dogma ellərə,
Bir ölkə bölünüb gör neçə yerə,
Xərtələr üstündən qaralanıbdı.

Arifəm, bu dünya haqsız bir məkan,
İblislər əlində acızdı dövran,
Hər gün bir ilimi alıb qoparan,
Dərdlər ürəyimdə sıralanıbdı.
Yer tapa bilmirəm, cismimi qoyum,
Ruhum bədənimdən aralanıbdır...

Tarix: 21-05-2017, 09:04



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu