Burun əməliyyatı -NOVELLA A- / A+
Burun əməliyyatı


Telli ata-anasının ilkiydi,özündən balaca üç bacısı, iki də qardaşı vardı.Evin böyük qızı olmaq o qədər də ürəkaçan bir şey deyilmiş,xüsusilə kənddə yaşayırsansa. Hələ boyun bacadan çıxmamiş, ailənin bütün yükü,qarğaşası tökülür üstünə.Bunu istəyirsən,istəmirsən səndən heç soruşan da yoxdu.Səhər dan yeri ağarandan,şər qarışıb əl-ayaq çəkilənə qədər yüyürürdü. Gah bulaqdan su daşıyır,gah paltar- palaz yuyur, gah da çöl işlərinə qaçırdı.Pambıq vaxtı sahədəki qızlara ,qadınlara qoşulub pambıq yıgar ,alağın edər,bağ-bostandakı məhsul yıgılıb uralananda Telli boş dayanmazdı,indi də qışın ehtiyatını görərdi.


Orta məktəbi çoxdan qurtarmışdı,tay- tuşlarından yaxşı oxuyanları təhsil dalınca şəhərə, onun kimi oxumayanların əksəriyyəti isə çoxdan evlənib,ərə gedib oğul-uşaq sahibi olmuşdular.Yaşı otuzu haqlasa da,bu vaxta qədər, adını çəkib,qapılarına gələn yoxuydu.Özundən balaca bacıları da Tellinin tərpənmədiyini görüb,öz növbələrini gözləməyin hələ nə qədər çəkəcəyini dəqiq bilmədiklərinə görə, ata evlərini Tellidən qabaq tərk eləməli olmuşdular.Qardaşları qızlardan yaşda çox kiçik olduqlarına görə,hələ məktəbdə oxuyurdular.Tellinin bacıları üçü də gözəl- göyçək, suyuşirin qızlar idilər.Qardaşları da bacılarından geri qalmırdılar,ikisi də qaraqaş ,qaragöz boy buxunlu oglanlarıydılar.Telli bacı-qardaşlarına heç oxşamırdı, aiıədə hamı xırda ağız burunlu olsa da,yazıq Tellinin bəxti bu barədə heç gətirməmişdi.Düzdü, o da hündür boylu,gur qara saçlı, iri gözləri,biçimli dodaqları olan bir qızıydı.Di gəl ki,burnu....

Bütün bu sadaladıqlarımı bu zəhrimara qalmış burun korlayıb,kölgədə qoyurdu.Yazıq qızın burnu o qədər yekə, uzun idi ki, üzündə burundan başqa heç nə gözə görünmürdü.Hələ üstəlik,donqarlığı da vardı burnunun.O yay kimi qaşları,üzüm giləsinə oxşayan qara gözləri, püstə dodaqları burnunun fonunda ,qaya dibində bitən çöl çiçəkləri kimi kölgədə qalıb itirdi.Telli aglı kəsəndən burnunun xəcalətini çəkirdi.Məktəbdə sinif yoldaşları hərəsi ona bir ayama,ləqəb qoymuşdular.Biri “qartalburun” deyirdi, o biri “dəhrəburun”,bir başqası “sümsüburun” və s. Yazıq qız çox vaxt belələrinə baş qoşmur, çox zəhləsini tökəndə”yekə burun üzün padşahıdı,bala, gedin öz burnunuza lag eləyin” deyib yaxasını bu ədəbsiz uşaqlardan birtəhər qurtarardı.Ən çox da onun burnuna sataşan kənddə hamının zarafatcıllığına görə”itoynadan Musa” deyib çagırdıgı Musa kişinin onunla bir sinifdə oxuyan oglu Bəşir idi. “Ay,Telli, bu burunla səni kim alacaq,un çuvalına tay olacaqsan”deyib, Tellinin ürəyinə dağ çəkərdi.Bəşir,kənddəki qızların hərəsinə bir qulp qoyub,hərədə bir nöqsan tapdığına,özünə heç kimi yaraşdırmadıgına görə, özü də Telli kimi hələ də subay idi.


Onun burnuna təkcə məktəbdə uşaqlar sataşmırdılar, evdə bir də görürdün atası Pəsi kişi arvadı Göyçəkdən guya dəhrəsini istəyir:-Ordan o dəhrəni gətir mənə,əlimdə işim var.Anası əlində gödəkburun dəhrə ilə gələndə Pəsi kişi:-Bunu dedim sənə?Tellinin burnuna oxşayan o əyriuclunu deyirəm.
Bir sözlə,Tellinin burnu tuği-lənət olub keçmişdi boğazına. Bir də görürdün,ailə-uşaq axşamlar yığışıb televizorda maraqlı kinoya baxırlar, Telli yazığın burnu burda da kiminsə yerini dar eləyirdi. Ondan arxada oturanlardan biri, qardaşı,ya da anası:-Ay,Telli ,sən Allah,o uzun burnunu çək o yana, heç nə görmürəm.- deyib,Tellini
peşiman eləyərdilər.
Bu yay Tellı iyirmi goqquz yaşını tamam elləyib,otuza adlayacaqdı. Qohumlarda, qonşularda Tellini qoçaqlıgına,təpərinə görə neçəsi ogluna almaq istəmişdisə də,
oglanlar daş atlb başlarını tutmuşdular. Analarının “üzündə dogramac yeməyəcəksən ki,qoçaq,agıllı qızdı,yıxılı evin dirəyidi” demələrinə:-harasına baxsam burnu girəcək gözümə,mənə elə qoçaq lazım deyil deyib,yaxalarını kənara çəkmişdilər. Yayın isti günlərinin başlamasıyla Tellinin də işləri çoxalmışdı.Ev işi,çöl bayır işləri qış tədarükü...
Telligilin qonşusu Çimnazın Bakıda yaşayan bacısı ,ogluyla kəndə ,bacısıgilə qonaq gəlmişdilər. Hərdən Telligilə də keçirdilər,söhbətə,ya da baglarında hər meyvədən olduğuna görə,meyvə yeməyə. Gülnaz adlı şəhərdən gələn bacı hey oglunun otuz yaşa çatdığını,amma hələ də evlənmək istəmədiyini deyib,gileylənərdi.Şəhərdə nə qədər gözəl,göyçək qızlar göstərsələr də heç kimi bəyənmirmiş oğlu. Telli onların söhbətini eşitsə də,heç vaxt qarışmırdı söhbətə,onun üçün elə də maraqlı deyildi, ürəyində” bu cür gözəl oglandı,bəyənməz də heç kimi,yəqin özünə yaraşanı tapmır ,neyləsin” deyə fiikirləşirdi.Qonşularının qonaqları,bir həftə kənddə qalıb,qayıtdılar şəhərə. Bir gün Telli həyətdəki toyuq-cücənin qabağına dən töküb, evə keçirdi ki, qonşuları Çimnazın ləngərli yerişlə onların doqqazından içəri keçdiyini görüb,onu gözlədi.Çimnaz dolu bədənini ,Tellinin açdıgı evin qapısından yanpörtü içəri salıb,özünü küncdəki divana yıxdı.
-Anan hanı,a Telli?-deyib ,sözlü adamlar kimi,Tellini süzdü.
Telli:-Evdədi,yəqin içəridə uzanıb,indi çağıraram- deyib ,qonşu otağa,anasını çağırmaga adladı.Çimnazın gətirdiyi xəbərə görə, bacısıyla oglu kənddən qayıdandan sonra,bacısı oğluna hansısa qızı göstərib,bəyəndirmək istəyib.Oglan Tellidən xoşu gəldiyini, onunla evlənmək istədiyini deyib.Bu o qədər gözlənilməz olub ki, bacısı əvvəlcə oğlunun zarafat elədiyini düşünüb,amma oglunun ciddiliyini anlayanda,arvad əl atıb üzünü cırmağa,başını yolmağa ki bəs bu qədər gözəl qəşəng qızları bəyəmədin getdin kənddə Tellini bəyəndin ,mən indi onu el içinə necə çıxaracam o görkəmlə.Çimnazın dediyinə görə, bacısı oglu iki ayağını bir başmağa dirəyib ki alsanız odu, almasanız ta mən evlənən deyiləm.İndi , hazırlaşırlar, gələlər elçiliyə,gəldim sizin də agzınızı arayım.Çimnaz Tellinin anasına bu söhbəti, astadan ,Tellidən xəlvət ,elə divanda oturduğu yerdə xısıldsdı. Tellinin anası Göyçək arvad məətəl qalmışdı,arvadın nitqi batmişdı.Handan-hana:-qoy kişi də gəlsin məsləhətləşək,bir söz deyərik Göyçək arvad, Çimnazı yola salıb,Tellini məsələdən agah edəndə,qızın matı-qutu qurudu, bir müddət gözlərini anasının üzünə zilləyib durdu, sonra qətiyyətlə anasına:-yox, bu mümkün deyil, o oglan hara, mən hara? Yəqin nəsə səhv başa düşüb,Çimnaz xala. Göyçək arvad and-aman elədi ki,əvvəl mən də sənin kimi dedim,amma deyəsən bu gerçəkdi,oğlanın gözü səni tutub,atan gəlsin,görək neynirik.Axşam Pəsi kişi evə gələn kimi,Göyçək arvad hal- qəziyyəni kişiyə danışdı.Pəsi kişi dünyagormüş adam idi, bir az fikrə gedib” arvad,Allahın qismətidi,bu gözəlliyə, çirkinliyə baxmır, madam ki ,şəhərli oglan Tellini bəyənib,biz də gərək böyüklüyümüzü eləyək,el adətiylə onlara cavab verək. Pəsi kişi, qohum- qardaşla,qızları,kürəkənləri ilə yıgışıb belə qərara gəldilər ki, payızda ,havalar sərinləyən,əl-ayaq çöldən içəri yığışan vaxt, oğlan
tərəfə xəbər göndərərlər, gələrlər elçiliyə,nişana.

Pəsi kişi, qohum- əqrəba çəkilib gedəndən sonra,ailə üzvləri-kürəkənləri,Göyçək arvad,qızları qalanda üzünü onlara tutub, gənəşdi:-Tellinin bu evə,bizə çox əməyi keçib.İllərdi ki, hamımıza can yandırır,əziyyətimizi çəkir, bu evdə nə varsa, onun əlinin zəhməti ilə qazanıllb.Mənim fikrim budu ki, Allah Telliyə yaxşı bir yerdən qapı açıb,madam ki,şəhərli oğlan Tellini bəyənib,biz də gərək onların qabağına layiqli çıxaq,şəhər adamlarının yanında utanmayaq,cehizi- filanı necə lazımdı ,toparlanıb alaq ,düzəldək. Bir fikrim də budu ki, Tellinin burnunu əməliyyat elətdirmək lazımdı.İndi,şükür Allaha,hər şey mümkündü, indikihəkimlər ,təbiblər az qalır ki,ölünü diriltsinlər,nəinki burun düzəltmək.Telli də şəhərdə burnuna görə niyə utanıb sıxılsın ki? Biz bunu gərək çoxdan fikirləşərdik,amma qismət indiyəymiş.Belə qərara gəldilər ki, ele günü sabahdan başlamaq lazımdır ,vaxt azdır,oglan tərəf gələnə qədər ,əməlliyat olunmalıdı ki,əməliyyatdan sonrakı şişginlik filan
keçib getsin. Əməliiyatı qonşu rayonda təzə tikilmiş xəstəxanaya iki aylıq dəvətlə gəlmiş türk cərrahı edəcəkdi.Hadisələr o qədər,gözlənilməz,sürətlə baş verdi ki, Telli nə isə düşünməyə,götür qoy eləməyə macal tapmadı,bir də baxdı ki ,üzünə doğulandan”padşahlıq”edən uzun,əyri burnundan əsər əlamət ,qalmayıb. Cərrahın möcüzəli bıçağı doğrudan da möcüzə yaratmışdı. Tellının burnundakı sarğı açılanda, üzündəki,burnundakı şişkinlik çəkildikcə,qız dəyişib ,tamam başqa birinə çevrilirdi. Bir parça ət insanı necə dəyişərmiş! O uzun ,əyri burunun yerində,düz, incə bir burun əmələ gəlmişdi,qızın görkəmi tamam dəyişmişdi,sanki əvvəlki Tellini xəstəxanada başqa,gözəl bir qızla dəyişmişdilər.

Telli güzgüdə özünə baxmaqdan doymurdu,ona elə gəlirdi ki,güzgüdən ona baxan ,özü deyil,tamam başqa bir adamdı.Evdəkilər Tellini daha əvvəlki kimi,çöl bayır işlərinə göndərmirdilər ki ,nişana qədər günəşdən yanıb qaralmış bət- bənizi bir az açılcın.Qız özü də burun əməliyyatından
sonra adam arasına çıxmaga utanırdı bir az.Vaxt vədə gəlib ,yetişdi, yay sovulub getdi. Telligildə qızgın hazırlıqlar gedirdi.Üç gündən sonra, oğlan tərəf elçiliyə gələcəkdi.Bütün kəndə yayılmışdı,Tellinin əhvalatı,zarafat deyil,şəhərdə yaşayan,işli- güclü,evi- eşiyi olan ,həm də çox yaraşıqlı bir oglanla nişanlanacaqdı Telli.

İki gündən sonra, oglan evi ,kəndə,elçiliyə gəldi.Adaxlı oglan özü də gəlmişdi, nişandan qabaq ,qızla yaxından tanış olub görüşəcəkdilər.Elçilikdən bir gün qabaq,Çimnaz,bacısı və oglu sabahkı elçiliyi məsləhət,məşvərət eləmək üçün,Telligilə keçdilər.Qonaqlar, ikimərtəbəli evin,birinci mərtəbəsindəki zalda qonaqlar üçün hazırlanıb,üstü şirniyyatla, çərəzlə bəzədilmiş stolun atxasında əyləşdilər. Pəsi kişi, xoş -beşdən ,hal -əhvaldan sonra ,üzünü mətbəxə tərəf çevirib:-Ay uşaq,ordan çay gətirin ,qonaqlara- deyib,söhbəti daha da şirinləşdirdi.Adətə görə,çayı Telli gətirməliydi.Telli, əlində armudu stəkanlarda pürrəngi çay süzülmüş məcməyiylə qonaqlar oturan stola yaxınlaşdı.Adaxlı oglan gözucu Tellini süzdü, qaşları sürətlə alnına dogru dartıldı,üzü əvvəlcə pörtdü,sonra avazıdı, ilan sancmış kimi yerindən geri necə sıçradısa,Tellinin əlindəki məcməyidə olan stəkanlar bir birinə dəyib cingildədi.Oglanın anası Gülnaz da,gördüyünə hələ də inana bilmirdi,keçən dəfə gələndə gördüyü Tellidən əsər-əlamət qalmamışdı.Qarşısında gözəl göyçək, su sonası kimi bir qız dayanmışdı.Oğlan, üzünü əvvəl, xalasına, sonra Pəsi kişiyə tutub,hirsindən dili dodağı
əsə-əsə:-Bu kimdi,bu,mənim gördüyüm qız deyil, mən bunu görüb bəyənməmişdim,kimsə başa sala bilər məni, nə baş verib burda?
Hamı donub qalmışdı,adaxlı oğlanın qəzəbinin səbəbini heç kim başa düşmürdü.Oğlanın xalası Çimnaz, bacısı oğlunun hirsini,hovunu yumşaltmaga ,yavaşıtmağa çalışdı:-Ay balam, burda əsib coşmalı nə var ki, qızın burnunu əməliyyat etdiriblər də,gözəlləşib də ,çirkinləşməyib ki. Mən özüm sizə əvvəldən demədim ki, sürpriz olsun.
Oğlan özündən necə çıxmışdısa, heç cür sakitləşmirdi,Telli yazıq məcməyi əlində hələ də ayaq üstə donub qalmışdı. Oğlan ağzı köpüklənə- köpüklənə: -Bu iş burda bitdi. Məndən soruşmadan,məsləhət etmədən,belə iş tutmusunuz.Mənə belə sürpriz lazım deyil,saxlayın özünüzə sürprizinizi.Bizimki daha tutmaz,qızınıza başqa adaxlı axtarın.Şəhərli oglan,anasıgili də gözləmədən,yaydan çıxmış ox kimi qapının ağzında görünməz oldu..Çimnazla bacısı suyu süzülə-süzülə:-vallah, biz də bilmirik ,niyə belə elədi,gedək görək nə məsələdi.Sən demə, oglan şəhərdəki burnunu kəsdirən,üzündə əməliyyat etdirən silikonlu qızlardan o qədər bezibmiş ki, fikirləşib ki,kənddən ,Allah yaradan ,görkəminə cərrah bıcagı dəyməyən bir qızla evlənəcək.Tellinin burnunu əməliyyat edən cərrah bıçağı, qızın burnunun artıq yerləri ilə bərabər,şəhərli oğlanın kənddən təbii görünüşlü qızla evlənmək ümidlərini də kəsib atmışdı.Sonrakı peşmançılıq fayda verməz deyiblər.Pəsi kişi qızına yaxşılıq eləmək istəmişdi amma sonu peşmançılıqla nəticələnmişdi. Heç kimin aglına gəlməzdi ki,işin sonu bu yerə gəlib çıxacaq,Qaş düzəltdikləri yerdə, vurub göz çıxartmışdılar.Telli onu xəcil eləyən yöndəmsiz burnundan canını qurtarsa da,bu dəfə də yaraşıga minmiş burnundan yarımamışdı.

Elçilik əhvalatından bir ay keçmişdi. Bu müddət ərzində Telli bir dəfə də olsun evdən bayıra, kənd -kəsək içinə çıxmamışdı.Yavaş -yavaş yaraları sağalmağa
başlamışdı.Özünə söz vermişdi ki,bir də ərə getmək,ailə qurmaq haqda düşünməyəcək. Onun bəxti gətirmir,vəssslam,çirkin olanda vay,gözəl olanda da vay.Bir gün evde yemək hazırlayırdı,baxdı ki duz qurtarıb,evdə də özündən başqa heç kim yoxuydu ki mağazaya göndərsin.Gərək özü gedəydi, onsuz da əvvəl-axır evdən çıxmalıydı,ömürlük evdə dustaq olası deyildi ki.Kəndin yeganə magazası evlərindən xeyli aralıda, kəndin lap yuxarı başındaydı. Magazaya çatana qədər ,qarğı atlarıyla aşagı yuxarı çapan balaca kənd uşaqlarından başqa heç kimi görmədi. Magazaya çatmağa az qalmış ,əlində içi dolu torba, mağazadan çıxan Bəşirlə az qala toqquşacaqdı.Bəşir gözlərini bərəldib,Telliyə elə baxırdı ki,elə bil, ruh görünmüşdü gözünə.Telli ürəyində”elə bircə bu çatmırdı,yenə başlayacaq,sataşmaga” deyə fikirləşdi.Bəşir,handan-hana udqunub:-Telli, sənsən,tanlmadım səni,necə dəyişmisən,gözəlləşmisən- deyə bildi.Telli, cavab vermədi,yavaşca, Bəşirin böyründən sivişib,magazaya girdi.

Tellini magazada görəndən bəri,Bəşirin yuxusu ərşə çəkilmişdi.Qızın xəyalını başından çıxarda bilmirdi.Telli , onun kinolarda, jurnallarda gördüyü qızlardan da
gözəl olmuşdu. Həmin payız günlərinin birində,Bəşirin elçiləri Telligilin qapısını kəsdirdi.Bir vaxtlar,hər görəndə burnuna ayama qoşan ,şit zarafatlarıyla Tellinin zəhrini yaran Bəşirlə,Tellinin toyu elə həmin payız günlərinin birində baş tutdu.Uğurlu burun əməliyyatı,şəhərli oğlan üçün uğursuz olsa da, ulduzları hec cür
barışmayan Telliylə Bəşirin ulduzlarını ömürluk barışdırdı.


Sara İbrahim

Tarix: 27-01-2019, 13:07
Baxış: 446



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu