Tanınmış şair Nadir Azayoğlunun şeirləri Türkiyədə çap olundu -FOTOLAR A- / A+
Tanınmış şair Nadir Azayoğlunun  şeirləri Türkiyədə çap olundu

Tanınmış şair Nadir Azayoğlunun Türkiyədə şeirləri çap olunub.

Lacin.info-nun məlumatına görə Türkiyədə nəşr olunan “Hece taşları” ədəbiyyat dərgisi tanınmış laçınlı şair Nadir Azayoğlunun şeirlərini çap edib .

Mənim gözlərimdə göyərçin ahı

Mənim gözlərimdə göyərçin ahı,
Mənim hənirtimdə durna səsi var.
Başımın üstündə xeyir allahı,
Yolumun üstündə şər nəfəsi var.

Başımdan basan var,dilimdən sıxan,
Tanrı bəndəsinə qənim ki,olmur.
Bir vaxt yel əsəndə əlimdən çıxan,
Əllərim yetəndə mənimki olmur.

Qara qasırğadır hər düşən axşam,
Hərdən yollarıma qan qusur səhər.
Dərdini cütləyən cütçü qardaşım,
Arxamca çəkirəm ömrü birtəhər.

Birtəhər yaşamaq ölümdən betər,
Hələ çoxlarını güman sürüyür.
Görmüşdük torpaqda gül-çiçək bitər,
İndi torpaq üstdə insan çürüyür.

Tanınmış şair Nadir Azayoğlunun  şeirləri Türkiyədə çap olundu

Tanınmış şair Nadir Azayoğlunun  şeirləri Türkiyədə çap olundu

Balalarıma

Nə baxırsız gözlərimə ümidlə,
Axı sizə nə almışam təzə, nə?
Ya sən oğlum bir oğul tək geyinə,
Ya sən qızım bir qız kimi bəzənə.

Ta bu saz da qəm gətirir ay oğul,
Zil pərdəsi bəm gətirir ay oğul.
Gözümüzə nəm gətirir ay oğul,
Mən nə deyim bu mən günlü saza, nə?

A qız balam, bu ümidli baxışlar
Hələ bilməz tale deyən yoxuş var.
Bir çəmənə nəğmə deyir yağışlar,
Bir çəmənə dolu düşür, yaza nə?

Üzür məni zəvzəklərin cəfəngi,
Quduzlaşıb yalaq güdən süləngi.
Yəhərlərdən uca durur üzəngi,
Köhlən dünya kimlərindi, bizə nə?



Oğlum Vaqifin "Ata, görən indi Laçına da yağış yağırmı?" sualına cavab

Sualın nə yaman səmitsiz oldu,
Atan elə çökdü qalxmaz, ay oğul.
Çətin sualınan, çətin sözünən
Oğul atasını yıxmaz, ay oğul.

O vaxt ki, yer çiçək, göy çiçək idi,
Bilirsən bu dünya nə göyçək idi?!.
Laçın dərdlərimin ən göyçəyidi,
Bu eşqin ortağı çıxmaz, ay oğul.

On ildi gözlərim karvan yoludu,
On ildi gözlərim göylər quludu.
On ildi gözlərim yağdı, qurudu,
Sənin sualına yağmaz, ay oğul.

Dünyadı, hərdən bir nahaq qan eylər,
Ya xoş bir taledən, ya baxtdan eylər.
Səni yurd-yuvandan uzaqda eylər,
Gözünü yollardan yığmaz, ay oğul

Sınmaz həsrət yüklü buzu dağların,
O pələng dağların, quzu dağların.
Bizdən elə dönüb üzü dağların,
Bir də üzümüzə baxmaz, ay oğul.


***
Nazim Əhmədliyə

Əllərin cibində,
Cibin əllərində,
sozalan ümidlərin içində,
bilirəm üşüyürsən
Üzü Laçına tərəf
Bakının bir küncündə.

Mən də üşüyürəm, qardaş
sənin qədər.
Mənim də sinəm doludu
Sinən qədər.
Ayağımız altdan çəkiblər
Gözümüz çəkən yolları.
Ruhumuz ac-yalavac qurd kimidi,
Köksümüz xaraba qalmış yurd.
Deyirlər Laçına qar yağır,
Ürəyimdə bir şaqqıltı var.
Yəqin əkdiyim tutun
barını çırpanlar
qarını çırpmadılar.

* * *
Əli boş qayıtdım, ürəyi dolu,
Təntimiş bulud tək boşalammadım,
Gözümdə qəriblik duyan maralın,
Gözündə bir damla yaş olammadım.

Havalı gəzirəm haçandı,- dedim,
Qoymayın, ürəyim uçundu, - dedim,
O daşa, torpağa Laçındı - dedim,
Torpaq olammadım, daş olammadım.

Qarabağ həsrəti qəlbimdə qəhər,
Dözdüm ağrılara, dözdüm birtəhər.
Dərədə xəlvəti açılan səhər,
Zirvədə qaralan qaş olammadım.

Cökə çiçəkliydi, çiçəyi ballı,
Arısı, beçəsi, böjəyi hallı,
Güneydə bir yaz ki, xalısı xallı,
Quzeydə mürgülü qış olammadım.

Dinmə Azayoğlu, dəmin yeriydi,
Vüsalın həsrətə qənim yeriydi,
Haqqın dərgahına dönüm yeriydi,
Heyif bir əcələ tuş olammadım.

ŞÜKÜR

Yurddan köçdün, ya qəbirdən,
O da, bu da köçkünlükdü.
Səhvmi, düzmü? - ta qədimdən
Derlər dünya beşgünlükdü,
Yaşasan, beşinə şükür!
Ayrılıq var - aydınlıqdı,
Hər işdə bir xeyir olur!
Biz kimik ki? - qul, qaravaş.
Fərman verən deyir - OLUR,
Ərzin padşahına şükür!
Bitmədi qos-qoca qəmlər,
Neçə dərdin yaşdaşıyıq.
İçimiz qəbir-qəbirdi,
Biz hamımız başdaşıyıq,
Tanrının daşına şükür!

ARAZA BAXIRAM

Araza baxıram:
heyrət və hüzn,
bir də çəkdikcə çəkilən
xəcalət.
Könlümdə Vətən adlı yar,
cismim həsrət qoxulu
qara qürbət.
Araz axır:
sahibi döymüş dəvə kimi,
sükütunda sifətimə deyiləsi
bir ağız dəvə kini.
Baxışlarım ovuclarımda gizlənir,
baxa bilmirəm sularına -
Həkəridən ayıbdı.
Su haramlıq götürmür deyə
axa bilmirəm sularına,
sular hayıfdı.
Üzümüz ağ olsun.
bir vaxt sirdaş idi Araza,
İndi dərddaş eləmişik Həkərini.
Bilsəydim məni
Həkəri yuxarı axtaran olar,
Axıdardım özümü Araz aşağı.
Araza baxıram:
heyrət və hüzn,
bir də çəkdikjə çəkilən
xəjalət.
Könlümdə Vətən adlı yar
cismim həsrət qoxulu
qara qürbət.

YARIYIB

Kimi dünyanın çoxundan,
Kimi azından yarıyıb.
Kim taleyin qapızından,
Kim də nazından yarıyıb.

Biri gözünün yaşından,
Biri bəxtinin daşından,
Biri ömrünün qışından,
Biri yazından yarıyıb.

Sevdalısa yer adamı,
Çəkər göylər sarı qanı.
Hər yaranan Yaradanın
Bircə sözündən yarıyıb.

TANITIM

Məni belə fağır bilmə,
Hələbdən, Xoydan gəlirəm.
Ruhum yurda yas saxlayır,
Təbrizdən toydan gəlirəm.

Xəbis oğlu, nakəs gədə
Bu nə barmaq, bu nə hədə?!
Tanrılı enməz heç vədə,
Tanrılı taydan gəlirəm.

Bilirsənmi nər türk nədi,
Bəy türk nədi, ər türk nədi?
Mosul nədi, Kərkük nədi -
Aşıb Altaydan gəlirəm.

Qalır "bəlkə"si, "hələ" si,
Demə əyilib şələsi.
Min duzağı, min tələsi
Olan bir boydan gəlirəm.

Çaylar keçdim bir dəryajan,
O tayı ruh, bu tayı can.
Mən Doğudan Batıyacan
Ulu bir soydan gəlirəm.

GÖRDÜK

Duyğusuz olmadıq, kar yaşamadıq,
Dünyanın hər nəyi varıdı, gördük.
Yurd-yuva nisgili, yaylaq həsrəti,
Gözlərdə qocaldı, qarıdı, gördük.

Ölüm nə idi ki, yaman əyildik,
Goru geymədik ha, gora geyildik.
Ayaqlar altında, kor ha deyildik
Gedən namsudu, arıdı, gördük.

Bizə daş atdılar, daşa bax - dedik,
Gözlərdən süzülən yaşa bax - dedik.
Buna ömür dedik, yaşamaq dedik,
Bu ömür min ahu-zarıdı, gördük.

Sonu görünmədi bu bəhsəbəhsin,
Doğrahadoğranın, bu kəshakəsin.
Biz kimik, nəçiyik bilən nakəsin
Gen dünya başına darıdı, gördük.
Tarix: 18-01-2019, 15:26
Baxış: 352



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      Если хотите узнать как заработать в интернете на фрилансе без вложений новичку, то переходите на сайт ТУТ и дерзайте. Удачных заработков!!!
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu