Böyük uğurlara imza atmış xanım professor A- / A+
Böyük uğurlara imza atmış xanım professor

Bu yaxınlarda belə bir xəbər yayıldı ki, həmyerlimiz, professor Tamella Alıyeva Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasına müdir təyin edilib.

Əlbəttə, azərbaycanlı elm adamlarının belə məsul vəzifələrə irəli çəkilməsi olduqca sevindirici haldır. Hər bir həmyerlimizin uğurları həmişə məni sevindirib. Tamella Alıyevanın qazandığı uğurlar kimi.




Bəs professor Tamella Alıiyeva kimdir?



Vətəndən uzaqda yaşayan, yaşadığı və fəaliyyət göstərdiyi ölkəni özünə ikinci ana vətən hesab edən, alim-ziyalı Tamella Alıyeva 1951-ci ildə Beyləqan şəhərində anadan olub. Babaları isə bu gün ermənilərin işğalı altında olan Şuşa və Füzulidəndir. Ata tərəfdən xan, ana tərəfdən bəy nəslindəndir. Vaxtilə babaları Dağlıq Qarabağdan Aran Qarabağına köçüblər. Sovetlər dönəmində babalarının sərvəti bolşeviklər tərəfindən əlindən alınıb.

Həyatının ilk anları çox təsiredici olub. Sanki kədər də, qəm də onunla birgə dünyaya gəlir. Belə ki, yenicə dünyaya gələn qızcığazın bir yaşı tamam olmamış anasını itirir. Atası o dövrdə sovet ordusunda xidmət etdiyi üçün o, xalalarının himayəsində qalmalı olur. Çox çəkmir zavallı qızcığaz hərbçi olduğu üçün üzünü az-az gördüyü atasını da itirir. Valideyin itkisi yeniyetmə Tamellaya olduqca mənfi təsir göstərir. Doğrudur, xalalarının ona göstərdiyi isti nəvaziş və qayğı yaralarına müəyyən mənada məlhəm olsa da, kimsəsizlik acısını içində çəkməli olur. Anlayır ki, parlaq gələcək əldə etmək üçün yalınız çalışmaq və hər cür əziyyətə qatlaşaraq oxumaq lazımdır. Bu səbəbdən xoş gələcəyini elmə yiyələnməkdə görür. Qarşısına yalnız yeganə bir məqsədi, oxumağı qoyur. Orta məktəbi bitirərək sənədlərini Bakı Dövlət Universitetinə verir.

Universiteti müvəffəqiyyətlə başa vurur, dövlət televiziyasında fəaliyyətə başlayır və ailə qurur. “Əsgər anası” adlı verilişin bilavasitə hazırlanması istedadlı tele-jurnalist Tamella xanıma həvalə olunur. 1992-ci ilin iyunu Tamella xanıma düşərli olur və illlərlə çəkdiyi əziyyətin bəhrəsini görür. Belə ki, həmin ilin iyunun 1-də doktorluq dissertasiyasını müdafiə edir. O, həm də həmin dövrdə universitetdə dərs deyir.

Tamella Alıyeva 1996-cı ildə ilk dəfə Türkiyəyə gedir. Mədəniyyət Nazirliyinin düzənlədiyi simpoziumda çıxış edir. Onun geniş və əhatəli çıxışı qardaş ölkədə bir çox elm adamlarının diqqətini çəkir.

Tamella xanım 1998-ci ildə Eskişehir Osmanqazi Universitesinde Türk dili və ədəbiyyatı bölümündə işə düzəlir. Öz qabiliyyəti və bacarığı ilə universitet rəhbərliyinin və kollektivinin hüsn-rəğbətini qazanır. Dərs dediyi müddətdə orada oxuyan azərbaycanlı tələbələrə böyük diqqət və həssaslıqla yanaşır.
2009-cu ildə Bakı Dövlət Universitetinə yenidən işə qayıdır. Amma 9 aydan sonra yenidən Eskişehir Osmanqazi Universitetində çalışmağa üstünlük verir. 2012-ci ildə Türkiyə vətəndaşlığını qəbul edir. 2013-cü ildə 250 səsə qarşı 3000 səslə professorluq rütbəsini qazanır. Beləliklə, illərini elmə, elmi axtarışlara sərf edən alim doktorluq diplomunu Rusiyadan, dosentlik diplomunu Azərbaycandan, professorluq diplomunu Türkiyədən alır.

Qeyd edək ki, Tamella xanımın elm sahəsinə qatıldığı vaxtdan 30 ilə yaxın vaxt keçir. Bu illər ərzində yüzlərlə elmi məqalənin müəllifidir, çoxsaylı beynəlxalq simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil edib. 6 kitabı, 10 tərcümə kitabı işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür.

Professor Tamella xanım həmişə fəaliyyəti ilə diqqət mərkəzində olub, nümunəvi fəaliyyətinə görə bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Belə ki, 2008-ci ildə Eskişəhər valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb, nümunəvi fəaliyyətinə görə isə 2011-ci ildə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilibdir.

Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb. Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan” və “Savalan” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisidir.

Elmin bu nurlu zirvəsinə yüksəlmək Tamella xanım üçün heç də asan olmayıb. O, ömrünün müəyyən hissəsini kitabxanalarda keçirərək dünya xalqlarının ədəbiyyatını və klassikləri mütaliə edib.

Dünyanın bir sıra aparıcı ölkələrində – Rusiya, Polşa, Almaniya, Norveç, Kipr, Macarıstan, Estoniya və s. ölkələri səyahət edib. Olduğu ölkələrrin tarixi, maddi mədəniyyət abidələri və etnoqrafiyası ilə yaxından tanış olub. Parisdə olanda Aleksandr Dümanın, Emil Zolyanın və Henri Haynenin məzarlarını, Luvr muzeyini ziyarət edib. V. Hüqonun ev muzeyində, Eyfel qülləsində və başqa maraqlı yerlərdə olub. Olduğu olkələrdə təəssüratlarını maraqlı xatirələrlə zənginləşdirib.

Ümumiyyətlə, Tamella xanım gəzdiyi ölkələrdə və şəhərlərdə zəngin təəssüratlar əldə edə bilib və yazdığı məqalələrdə maraqlı xatirələri öz əksini tapıb.

Bir ana, bir xanım, bir həyat yoldaşı kimi böyük qayğılara qatlaşaraq bu mənalı və şərəfli yolda inamla addımlayan professorun fəaliyyəti Muş Alparslan Universitetinin rektoru Ahmed Poladın diqqətini çəkib, onu türk dili və ədəbiyyatı kafedrasına müdiri vəzifəsinə təyin edib.

Tamella xanım bu gün də çalışdığı universitetdə elmi araşdırmalarını və yaradıcılığını böyük əzim, iradə və yorulmadan davam etdrir. İnanıram ki, o, elmə olan sevgisi ilə tutduğu mövqedə və getdiyi yolda yeni zirvələr fəth edəcək.

Bu çətin və şərəfli yolda Tamella xanıma uğurlar arzulayıram!



Böyük uğurlara imza atmış xanım professor


Eldar İSMAYIL
Tarix: 11-06-2017, 19:51







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu