Laçınsız Ağa Laçınlı -76 A- / A+
Laçınsız Ağa Laçınlı


Bu gün, şair-ədəbiyyatşünas, filologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin dosenti Ağa Laçınlının vəfat etməsindən 9 il ötür. Məşhur laçınlı şair 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.

FƏXRİ ÜÇÜN

Oğlum, mən müqəddəs bildim atamı,
Həmişə atana sən hörmət elə.
Bəlkə heç qalmadım ağlın kəsənə,
Dözüb ağrılara dəyanət elə.

Günəş ol – bəşəri isitmək üçün,
Şahin ol – zirvədə dövr etmək üçün.
Ellərin adını yüksəltmək üçün
Böyük işdən yapış, mənzil qət elə.

Düşmən toxmağıdır oğul, ay oğlum,
A mənim qanadım, a mənim qolum!
Səhvimi öyrənmə, qurbanın olum,
Yaxşı adətimə sən adət elə.

Mən özüm hamıya ağ gün dilədim,
Soruşma, bəs kimi xoşbəxt elədim?
Mən ancaq ümidlə baş girələdim,
Bacar, ümidləri həqiqət elə...

Oğlum, bir Vətən var, bir də ki, məslək,
Vətənin borcunu verəsən gərək...
İşığın parlamaz yanmasa ürək,
Məsləkin naminə cəsarət elə.

Ağayam, atanam, gəl tut yerimi,
Görsün nəsillərim diləklərimi...
Sən allah, mən sənə dediklərimi
Sən də övladına nəsihət elə.
1969


MƏNDƏN PİSLİK GÖZLƏMƏ

Çox yerləri gəzmişik, yaxşı günlər görmüşük,
Bu göynəmli dünyada toy-düyünlər görmüşük.
Birliyə dil vermişik, dərdi inlər görmüşük,
Bunlar sözə sığışmaz... gəl heç burda söz demə.
O günləri yada sal... məndən pislik gözləmə.

O illərin qoynunu anımınla dolan gəz,
Urvatını unutdun... umacağın nədir bəs?
A yolundan sapanım, demədimmi mənciyəz –
Körükləyib hər kini ürəkləri közləmə;
Babalın öz boynuna, məndən pislik gözləmə.

Heç bilmirəm nə alıb belə uydun şeytana,
Lap maymaqlıq elədin, qol da çəkdin bir qana.
Kimi kimə toxudu sən qurduğun bu hana?
Yalanlara yalmanıb olmuşları gizləmə,
Mən özümdən dönmərəm, məndən pislik gözləmə.

Üyütdüyün çeynəmi yoğuran da çənəndi,
Gözəlliyi görəndə gözlərinə çən endi.
Get bu yolla girələn – girəvəndi, çəmindi;
Qazıdığın quyunu hap-gop ilə düzləmə.
Gümanlara güvəncəm, məndən pislik gözləmə.

Ona-buna yarındın. İncikliyim bir ondan.
Səni ala bilmədim tovlaqçının torundan.
O duz-çörək qan olub tökülməzmi burundan?
Bunlar üzə vurulmaz... bunları heç üzləmə.
Andımıza qurban ol, məndən pislik gözləmə.

1987

KARIXMAYIN, BALALARIM

And içibsiz bir ananın saf südünə,
Yaman gündə arxa durun ad güdənə.
Küyə basan küləklərin öyüdünə
heç baxmayın, balalarım, heç baxmayın.

Sustalmayın sel dağlara güc gəlirsə,
Meşə olun, – meşə belə gec ölürsə.
Yetən gedib göydə bostan becərirsə,
duruxmayın, balalarım, duruxmayın.

Qoca dünya pay diləyir qonağından,
Borcu verin, can qurtarın qınağından.
Yaxşılığın ağır-ağır sınağından
pis çıxmayın, balalarım, pis çıxmayın.

Yarıtmaza yanı baxıb yan dururlar,
Bərkləri də boş yerindən yondururlar.
Karıxanı yanlışında yandırırlar,
karıxmayın, balalarım, karıxmayın.

Var deməyin əriyənə, çürüyənə,
Can atmayın köz tamahın körüyünə.
Diləklərin uğur yüklü dirəyinə
qan yaxmayın, balalarım, qan yaxmayın.

Bu dünyada mən duruşlu adam varsa,
Aydan arı, sudan duru adım varsa,
Qəbrim varsa, mahnım varsa, odum varsa,
siz qorxmayın, balalarım, siz qorxmayın.

Su olmasa, torpağıma söz çilərsiz,
Ruhuma da el sevgisi elçilərsiz.
Allahlıqda atasız da keçinərsiz,
darıxmayın, balalarım, darıxmayın.

1989


ŞƏHƏRLİ AĞAC

Şəhərli ağacı ağ bıçaq soyar,
Buşqu da yeriklər uca boyuna.
Külək ağ kağızdan kəfən dolayar
beli bükülmüşün saplaq boynuna.

Dinməzcə quruşar yol qırağında,
Üzünə tüpürər palçıqlı təkər.
Barından üst-başa boyaq yağanda
budağı baltalar şilləyib-tökər.

Əsən yarpaqdan da qorxu sallaşar,
Quşlar sığnacağı quş olar birdən;
Yaralı-yaralı mayallaq aşar
yaraq anbarının üstündə bitən.

Tanklar çinarın da bağrını yarar,
Qan damar söyüdün un ağlığına.
Gəlmə akasyalar tikan batırar
yerli qovaqların yumşaqlığına.

Şəhərli ağaclar bic-bic öskürər,
Sağa göz gəzdirər, sola marıtlar;
Boylanıb evlərdə gözəllik görər
baldırı əhəngli qoca palıdlar.

Qışda başqalaşar yazın oyunu,
Başlanar kaktusun dibdən eşimi; –
Hər gələn bir yerdə bitirər onu
bizim buyruq qulu başçılar kimi.

Şəhərli ağaclar yaman darıxar,
Qırın dar buxovu qırılar yenə.
Şəhərli ağaclar çəpərdən çıxar,
qaçar öz yerinə, öz meşəsinə...

1990


YAZDIĞIN KAĞIZ

Yarama sarıqdı yazdığın kağız,
Yazdığın kağızın gəlişi gözəl.
Yazdığın kağızda yaxşı dil-ağız,
Yazdığın kağızda könül yapan əl.

Yazdığın kağızda muncuq düzümü,
Həriflər qolboyun, sözlər sökülməz.
Yazdığın kağızın andı düzdümü? –
Bunu sən bilərsən, başqası bilməz.

Yazdığın kağızı dualar üflər,
Dil açan dilək də can dirəyidi.
Üsküklü həriflər, şan-şan həriflər
Duyğu yuvasıdı, bal pətəyidi.

Yazdığın kağızın adı utancaq,
Yazdığın kağızın yanğısı dərin.
Könlüm arasında uyuyur, vallah,
Yorğanlı-döşəkli alt-üst sətirin.

O nöqtə xalların kağızında var,
Kağızın şəklindi – bilmir çoxusu.
Könlü doyuzdurar, kini yumşaldar
Köynəkli kağızın nərgiz qoxusu.

Sənin qələminin göz yaşı qara,
Qara gül bitirib qapqara yağış.
Söz gülü əkmisən bu kağız qara,
Bəs necə olub ki, qar alışmamış?

Dağ-düyün demərəm yazı cizginə,
Vergüllər son qoymaz təklik yasına.
Üşünən ürəyim sığınar yenə
Yazdığın kağızın söz yuvasına...

1990


QƏRİB AXŞAMLAR

Burda qəm içirəm. Qəribəm, qərib.
Yol açıq olsa da dil açıq deyil.
Üstümə örtülən bu kölgə qəlib
Ata yurdundakı alaçıq deyil.

Dünya göz ovudan, adam otaran,
Payına nə düşür yeri genişin.
Kəfəni sarı tül, tabutu toran,
Qəbiri göy evdi batan günəşin.

Bu da uzaqların üzə durması,
Külək də gəmişər gəlmə gülüncə.
Qərib axşamların köçkün durnası
Çəkər qatarını dan sökülüncə.

Axşamın alnında solğun parıltı,
Buludda ələnər tutqunca şamlar.
Niyə sumağıdı, niyə palıdı,
Niyə də qaradı qərib axşamlar?

Qərib axşamların qəmi bir şələ,
Yenə yurd ağısı köməyə gələr.
Ayağın ilişsə bu şax-şəvələ,
Otlar da üstünə barmaq silkələr.

Yolun quyulanar meşə qoynunda,
Təkliyin tuş olar asıb-kəsənə.
Kol qaban donunda, ayı donunda,
Kötük qurd donunda görükər sənə.

Qəriblik güvəsi gümanı yeyir,
Yurduna gərəksən ömür daşıynan.
Bir qız sığalıynan doğmalaşan yer
Atılır bir elin çağırışıynan.

Ödənci ödənmir gedib itənin,
Yalana büküldü qərib ismarıc.
Qocanı sevməyən o ifritənin
İlk payı qoğaldı, son payı qaxınc.

Görürəm, sənin də cızdağın çıxır,
Yığval dəyişirmi yer dəyişəndə?
Ürək sınıq olur, dilək qıvrıxır,
Ömür ucuzlaşır qərib düşəndə.

Of! necə dönükdü, necə qorxuncdu,
Kötəyi pulsuzdu, köməyi ciblik, –
Halalca haqqıma deyir ki, borcdu,
Of! saymaz qəriblik, qıymaz qəriblik.

Uçmuşam. Gəlmişəm. Qonmuşam ona.
Adı şəbədəli, yolu şüşəli.
Uzanır Gün donlu o Gündoğana
Qərib axşamların üşüyən əli...

1990



AYRILIQ GÜNÜNƏ AZCANA QALIR

Ayrılıq gününə azcana qalır,
Mənə güc gələcək məndən qoçaqlar.
Yağacaq ömrünə təkliyin qarı,
Düşəcək yadına kimsəli çağlar.

Ağı döyəcəksən yalda-yamacda,
Könlünü sıxacaq ev adlı pətək.
Közü baş qaldıran köhnə yanlışda
Gizli yanacaqsan gor evinədək.

Hərənin sevgisi birinə bağlı,
Ağrılar sevincə bürünüb gəlmiş.
Sonra biləcəksən... dayan, sən canın,
Bizim qayğılar da qara deyilmiş.

Sonra görəcəksən... a qaşqabaqlı,
Bizim sevgimizi saflıq suvarmış.
Taxçası boş olan yoxsul kumanın
Sıralı diləkdən dirəyi varmış.

Varmış yuvamızın bala quşları,
Qoymazdıq bir gül də bizdən inciyə.
Alanda boynuna bu olmuşları
Varlığın hopacaq lal düşüncəyə.

Yanğın boy verəcək yalqız anında,
Kimsəli çağları çox anacaqsan.
Dodağım qoxulu istəkanın da
Nəzik dodağından maç alacaqsan.

Dərdin yellənəcək belədən-belə,
Tüstü əyirəcək könül ocağın.
Çərçivə sığnaqlı doğma şəkilə
Umudlu olacaq son umacağın.

Gecən gündüzünü sonra yamsılar,
Yuxuna tikilər tikanlı qayğın.
Təklik yastığını göz yaşın sular,
Batar duz çayında istək qayığın.

Hələ qabaqdadı sorğu-suallar,
Niyə ağlayırsan axı, ay dəli?
Yenə də kəsişər küsülü yollar,
Yaxına gələrəm uzaq gedəli.

Ölüm görüşü var ömrün sonunda,
Axı qalasıyam yadında sənin.
Bir ağac donunda, çiçək donunda
Yenə bitəsiyəm yanında sənin...

1990


ÖMRÜNDƏ BİRCƏ YOL

Ömründə bircə yol gözəl olmusan, –
Yoluma çıxmışdın çiyni güyümlü.
Ay buta sevgimə su verib susan,
Söylə sənmisənmi o ağ geyimli?

Düzdə dağ bitmişdi bir bölük çəndən,
Göy Yerdə gəzirdi itmiş Ayını.
Biyanlı, küləkli, kefli çəmənnən
Evə aparırdın kəhriz payını.

Ay şehli yarpaqda şəkli yuyunan,
Tayını tapmışdı bu könlü küskün.
Güyümdən ovcuma süzülən suynan
Duyğun ürəyimə dammışdı o gün.

Dilin gül atırdı diləyi aca,
Çəpliyin ortaya çəpər gərirdi.
Sənin doqquz yaşın elə ordaca
Mənim on yeddimə doqquz gəlirdi.

Ay özü yan ötüb göznən çağıran,
Yeriyən yolum da yetmirdi sona.
Hərrənib-fırranıb kəsə cığırnan
Qarşına çıxırdım on addım sonra.

Ruhum girov kimi, sevgim and kimi,
Qanıma hopurdu hallıca him-cim.
Dolaşıb hörüyə qalan at kimi
Bir ovsun cızığı keçə bilmirdim.

Çiçəyin pörtmüşdü, ay orda əsən,
Lalə qızartmışdı başındakı şal.
Bundan yanımlıydın onda deyəsən,
Bundan çox dadlıydı sözündəki bal.

Necə yaraşırdın biyanlı çölə,
Necə ilahiydin – sevəndən soruş.
Hər Allah bəndəsi deyəsən elə
Ömründə bircə yol gözəl olurmuş...



ANALI GECƏ

Biz yola düşəndə saat yatıbmış,
Hələ qabaqdaymış bağrıqan gecə.
Yaxın yoncalıqda bala batıbmış
Uzaq buludluqda bağıran gecə.

Evə qayıdırdıq Ocaq suyundan,
Könül at çapırdı üzü dünyaya.
Qayada qaynayıb ağrını udan
Yenidən doğmuşdu bizi dünyaya.

Çığnanıb dinirdi çınqıllı yamac,
Başı hərrənirdi bayılan ovun.
Təpə qaşqasında pul-pul yanan daş
Üzürdü gölündə işıq alovun.

Yanırdı uzağın şimşək damarı,
Bulaq ney tuturdu öz öyüdüynən.
O muncuq düzümlü ilham dağları
İşıq yoğururdu zirvə südüynən.

Bunlar yazmalıdı – deyirdin mənə,
Quzeyi qucurdu qalaylı qanad.
Yaş almas çiləyib yay güneyinə
Bizə pay verirdi gecə adbaad.

Yuxu bişirirdi yaylaq durnası,
Havanı yaran quş bala pəriydi.
Ürəkdən carranan ana duası
Könül çırağıydı, can çəpəriydi.

Görkəmi başqaydı o tunc gecənin,
Gecəni gözüylə yonmuşdu anam.
Fil duman uçurdan qorxunc gecənin
Lap Aydüşməzində yanmışdı anam.

Ağ-ala geyimli qara gecənin,
Uçqundan asılmış qala gecənin,
Özümə bənzəyən qaba gecənin
İncə anasına dönmüşdü anam.

Uğurum minmişdi ulduz atına,
Harda duyanım var orda da xoşdu.
Qoyub qol balıncı başım altına
Anam gecəyə də ana olmuşdu.

Mənə qol açmışdı o sığnaq ada,
Ac ayı işini bilib qaçırdı.
Sülənib-sümsünən ağzıqara da
Ana hənirindən silib qaçırdı.

Demirdim yel iynə, yelpik soyuqdu,
Ana olan yerdə güc qəmi boğur.
Ana olan yerdə qaranlıq yoxdu,
Ana olan yerdə Yer işıq doğur.

Saat bərk yatıbmış an uda-uda,
Hər kəs bir yanlışın yol yoldaşıdı.
Balanın çaş-başlıq ağrısını da
Hamıdan birinci ana daşıdı.

Gəl məni başa düş, ay mənəm deyən,
Elə ata kimi ana da birmiş.
Ana ətəyindən tutub yeriyən
Tanrı evinəcən gedə bilirmiş...


MƏNİMKİ

Bir əkdiyim duzda yandı, birisi buzda,
Bir səpdiyim toz artırdı quraq payızda.
Bir bitəsim çürüyübdü bu ötən yazda,
Necə deyim gələn yaya qaldı mənimki?

Bax könlümdən axan qana – çiçəyim budu,
Bax gözləri can satana – göyçəyim budu.
Toyuma da toy tutdular, gerçəyi budu, –
Qarşıdakı qara vaya qaldı mənimki.

Çox didildim içəridən mən didim-didim,
Durum kimə gileylənim, ya hara gedim?
Verdiyimi bu dünyadan ala bilmədim,
O dünyaya, o dünyaya qaldı mənimki.

2005


YERİDİ

Suvanıb dörd yanı asma saatın, –
Ürəyim divarda saat yeridi.
Sənsiz gizli-gizli ağlayan gecə
Uyumuş diləyin yuyat yeridi.

Bu talan könlümü tamah şaşırdıb, –
Deyə də bilmirəm inad yeridi.
Suçum mələyimi məndən qaçırdıb,
Çiynimin çalası qanad yeridi...

2006


OLDU QURTARDI

Qurulu yuvanı dağıdıb sökdük,
Ağrı bayramıdı bu kefiköklük.
Bir sıyıq sirdaşlıq, dəli dönüklük
Məndən "yox" payını aldı qurtardı, –
Oldu qurtardı.

Satdı, gözü satdı üzü göyçəyi,
Çoxdu bic ürəyin dal girəcəyi.
Yazı bəyəndirən bəyaz çiçəyi
Payızın boz yeli yoldu qurtardı, –
Oldu qurtardı.

Ayrıldıq çox dərdi az duya-duya,
Hanı bir elə su suçları yuya?
Tar-qaval gərəkməz qurduğun toya,
Şeytan şırtığını çaldı qurtardı, –
Oldu qurtardı.

Küsülü ruhumuz göydə lallaşar,
Danışan yuxumuz ha nağıllaşar.
Bu acı ahımız çətin ballaşar,
Təkliyin boş evi doldu qurtardı, –
Oldu qurtardı.

Ta könlüm sığınmaz gözəl gözünə,
Ta qaçıb girmərəm köz dənizinə.
Bir gün canıyanan döyüb dizinə
Deyər bu yazıqlar öldü qurtardı, –
Oldu qurtardı.

2001


GƏLMİŞƏM O ŞƏHƏRƏ

Gəlmişəm o şəhərə, –
Yatmış olar acığın.
Qırxından qırx il keçib
Görüşsüz ayrılığın.

Telefonun dəyişib,
Ünvanın da gizdənib.
O buzlaqda ev şişib,
O təpəcik düzdənib.

Dəyir "yoxdur" gülləsi
"Vardır" uman sorğuma.
Qoy sovruq qar püfləsin
Caniçi soyuğuma.

Ah, bu bəyaz çöl-bayır,
Ayın süddü-sülüyü.
Çatıldayır, sızlayır
Şiv söyüdün sümüyü.

Bax beləcə bir anda
Birdən gəlib üz-üzə,
Sarı işıq altında
Dayanırıq göz-gözə.

Evin bizə toy qurur,
Ay sevgimin yaşdaşı.
Çal bığıma od vurur
Gileyinin göz yaşı.

Evin kiçik bir qutu,
Örtülmüşük yorğana.
Qoşa qollar tabutu
Layla deyir yorğuna.

Bir yerdəyik indi biz,
Köçmüşük kef gününə...
Bürünmüşük ikimiz
Bir nəfəs kəfəninə.

2003
Tarix: 25-11-2016, 19:00
Baxış: 216



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu