İnsanlar niyə bayram əhval-ruhiyyəsində deyillər? - Ekspertlər SƏBƏBLƏRİ göstərdilər A- / A+
İnsanlar niyə bayram əhval-ruhiyyəsində deyillər?

Sabah axşam Yeni ilin gəlişini qeyd edəcəyik. Lakin müşahidələr göstərir ki, insanların bir çoxunda əvvəlki illərlə müqayisdə bayram əhval-ruhiyyəsi o qədər də hiss olunmur. Hətta bir çox evlərdə və ofislərdə yeni ilin simvolu olan yolka belə qurulmayıb. Bu il şəhərdə Şaxta baba və Qar qızların sayı da azalıb.

Məsələnin səbəblərini Modern.az-a açıqlayan sosioloq Asif Bayramov deyir ki, bu proses yalnız cəmiyyətdə özünü göstərmir:


“Bayramın qeyd olunmasına həvəs əvvəlki illərdən aşağıdır. Səbəblərdən başlıcası iqtisadi faktordur. Biz etiraf etməliyik ki, son 3 ildə manatın devalvasiyası, bazarın bahalaşması əhalinin yaşayış səviyyəsinə neqativ təsirlər göstərib. Əgər insanlar əvvəllər qazandığı pulun heç olmasa 5 manatını mənəvi istirahətinə sərf edə bilirdisə, indi həmin 5 manata qənaət edə bilmirlər. Nəinki qənaət, hətta indi insanların büdcəsində bayramı arzuladığı səviyyədə keçirmək üçün vəsait çatışmazlığı var. Bu bütövlükdə insanların ictimai şüuruna, ictimai psixologiyasına və əhval-ruhiyyəsinə təsir edən başlıca faktorlardan biridir”.


Sosioloq digər səbəb kimi sosial-psixoloji faktorların rol oynadığını vurğulayıb.


“İndiki gənclərlə söhbət etsəniz, sorğular keçirsəniz hiss edərsiniz ki, gənclik get-gedə daha çox Qərbdən gələn “postmodern” düşüncəsini mənimsəyib. Ənənəvi olaraq sevindiyimiz, şən qarşıladığımız bayramlara adi, sıradan bir hadisə kimi baxmağa başlayırıq. Çünki “postmodern” düşüncəsi mənəvi dəyərləri arxa plana keçirir və daha çox karyeranı, qazancı, pulu kapitalı ön plana çəkir. Bunun nəticəsində mənəvi aşınma prosesi gedir. İndiyə qədər milli mənəvi dəyərlərimiz, ənənələrimiz hesabına bunları qoruyub saxlaya bilsək də, artıq qərb düşüncəsi bizim ictimai şüurumuza təsirini göstərməkdədir. Mən auditoriyanın özündə belə müasir gənclərdə bu tipli bayramlara hörmətsizliyin artığını müşahidə edirəm. Hər bir gənc qısa müddətdə özünə karyera qurmaq, pul qazanmaq, zənginləşmək arzusundadır. “Postmodern” düşüncəsi keçən əsrin 70-ci illərindən başlayan yeni bir şüur formasıdır. Bu düşüncə mənəvi dəyərləri tanımaq istəmir, daha çox maddiyatı tanımaq istəyir”.


Asif Bayramov qeyd edir ki, dövlət qurumları da insanların bayramı yaxşı əhval-ruhiyyədə keçirməsi üçün maraqlı olmalıdır.


“Dövlət bayramın ictimai səviyyədə və daha yüksək səviyyədə keçirilməsinin xüsusi proqramını, xüsusi layihəsini işləyib hazırlamır. İnsanların həvəsləndirilməsi, bayramın bayram ovqatında qarşılanması üçün büdcədən pul ayrılmalıdır. Bizdə yüzlərlə ailələr var ki, iqtisadi fsəbəblərdən bayramı yaxşı ovqatda qarşılamaq halında deyillər. Dövlət o tipli ailələrə minimum bayram payının verilməsini təmin etməlidir. Dini bayramlarda, Ramazan, Qurban bayramlarında nəzirlər verilir, qurban kəsilib paylanılır. Bu dini şüurun bizə təlqin etdiyi bir formadır. Dinin özündən gələn imkansızlara əl tutmaq modelini dövlət sosial müstəviyə keçirib həmin ailələrin maddi imkanlarına əl uzatmalıdır”.


Psixoloq Gülnar Orucova isə hesab edir ki, hər şeyi maddiyatın üstünə yıxmaq düzgün deyil.

“Bayram yaxınlaşsa da bayram əhval ruhiyyəsinin insanlarda olmamasını sırf maddiyatla, iqtisadiyyatla bağlamaq heç də doğru deyil. Çünki kifayət qədər imkanı olan şəxslərin intihar etdiyinə diqqət çəkmək istəyərdim. Bu insanın hər şeyi var. Bəs hansı səbəbə görə intihar edir? Deməli, pul hər şey deyil. Orta məktəbdə işləyib 85 manat maaş alırdım. Heç də kədələnmədim, maaşımın azlığından da şikayətlənmədim. Daha çox qazanmaq üçün çalışdım. Hal-hazırda əmək haqqım 1500 manatdır”.


Psixoloq bayramların əvvəlki kimi yüksək ab-havada keçirilməməsinin səbəbini insanların düşüncə tərzində görür.


“Müxtəlif düşüncə tərzinə malik insanlar var. İnsanın düşüncəsi nədirsə, həyatı odur. Şüuraltıda nəyi çox istəyib arzu edirsənsə, o da reallaşır.

Düşüncə tərzləri realist, pessimist və optimist olmaqla 3 yerə ayrılır. Realistlər hər şeyi olduğu kimi qəbul edir. Öz səhvləridən nəticə çıxarır. Gələcəkdə bu səhvləri təkrarlamamaq üzrə təcrübələr toplayırlar. Realist insan kədərlənə bilər. Amma bu müvəqqəti olur, bir neçə gün davam edir. Depressiyaya keçid etmir.

Optimist düşüncə tərzində isə insan ən xırda uğuru belə gözündə böyüdür. Hər şeyin gözəl olacağına əmin olur və bunu şüuraltıya ötürür. Bir zaman sonra baxırıq ki, optimist insanları istədikləri reallaşıb. Optimist insan balaca bir hadisədən xoşbəxt olmağı bacaran insandır. Özü üçün əylənir, sevinir. Optimist olmaq çox gözəldir. Optimistlər heç vaxt pessimist insana çevrilmirlər. Çox kədərlənsələr belə uzağı realist olurlar”.


Gülnar Orucovanın sözlərinə görə, cəmiyyətimizdə aktuallıq təşkil edən düşüncə tərzi pessimizimdir.


“Pessimist insanlar yaşadığı hər hansı travmaya görə ömür boyu əziyyət çəkirlər. Bu cür insanlar ancaq hər şeyin pis olacağını gözləyirlər. İnsan nəyi gözləyirsə, onu da yaşayır. Niyyətin hara mənzilin ora. Ziqmund Freydin əsərlərində də bu əksini tapıb. Belə insanlar hər hansı travmadan ömür boyu əziyyət çəkirlər və bu insanlar heçnəyin yaxşı olacağına ümid etmirlər. Pessimist insanlar özləri-özləri ilə bacara bilmirlər. Onlarla mütləq psixoloq işləməlidir. Pessimist düşünən insanlar psixoloqa müraciət etdikdə çox vaxt optimist olmağa yönəlirlər. 20%-i isə realist olur. Bu düşüncəyə malik insanlar özlərini əyləndirməyə heçnə tapmırlar. Sevilməyə bir səbəb görmürlər. Yaxşı bir hadisədə belə pis nəsə axtarırlar. Ona görə cəmiyyətimizdə pessimist insanların formalaşdığı üçün bayram ərəfəsində belə bayram əhval ruhiyyəsi hiss olunmayacaq. Çünki insan yaxşı düşünməlidir ki, həyatı yaxşıya doğru getsin, uğur əldə etsin”.
Tarix: 30-12-2017, 06:50







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu