“Təcili Bakıya qayıtmalısan, yoxsa...” - Üzeyir bəyin qardaşına yazdığı təsirli məktub A- / A+
“Təcili Bakıya qayıtmalısan, yoxsa...”

Xalq Cumhuriyyətinin 1919-cu ildə Parisə yola saldığı nümayəndə heyətinin əsas simalarından olan Ceyhun Hacıbəyli sonradan bir daha vətənə qayıda bilmir. Elə Fransada dünyasını dəyişir. Lakin ailəsi ilə hər zaman əlaqə yaratmağa çalışıb. Üzeyir bəylə məktublarında dövrün ümumi xarakterini çox gözəl əks etdirən, tarixi şəxsiyyətlərin ağrı-acılarını göstərən məqamlar çoxdur. Qeyd edək ki, Üzeyir bəylə Ceyhun bəy arasındakı yazışmaların əksəriyyəti publikaya və mətbuata tanış deyil. Tədqiqatçı Aslan Kənan ilk dəfə həmin məktubları bir yerə toplayıb.

Lacin.info araşdırmaçıya istinadən mətbuatda ilk dəfə olaraq həmin məktublardan birini təqdim edirik.

Əvvəlcə, məktubun tarixçəsi haqqında danışaq: məktub 1924-cü ilin yayında Yesintuki şəhərində Üzeyir bəy tərəfindən yazılıb. Burada Üzeyir bəyin narahatlığını aşkar görmək olar. Çünki Ceyhun Hacıbəyli qardaşı Zülfüqara (o da musiqiçi olub. E.N.) yazdığı məktubda ilk dəfə olaraq gerçəyi-Parisdə pis durumda olduqlarını, səhhətlərinin naxoş, pullarının yoxluğunu söyləyir. Bakıdakı qardaşlar-Zülfüqar və Üzeyir məktubu oxuyanda çox pis olurlar. Üzeyir bəy məktubu belə cavablandırır: (Üzeyir bəyin yazı üslubu saxlanılıb)

“Dünən Zülfüqardan bir məktub aldım, sənin ona göndərdiyin kağızın məzmunu mənə yazıbdır, oxuyub xeyli mükəddər oldum, o qədər ki, tamam istirahətim pozuldu.

İndiki iş belə oldu, gərək məsələni aydınlaşdıraq və ona görə də müəyyən qərara gələk. İş bundadır ki, biz hamımız indiyə qədər bu fikirdə idik ki, siz orada asudə və istirahətdə yaşayırsınız. Ona görə də, bir o qədər maraq etməyib görüşəcəyimiz günü səbr ilə gözləyirdik. Bizim böylə bir zənddə olduğumuzun səbəbi o idi ki, sən öz kağızlarında dolanacağından şikayət etmirdin və əhvalınızından açıq və müəyyən bir şey yazmırdın. Fəqət, Zülfüqara yazdığın kağızdan görünür ki, əvvəla siz orada çox pis dolanırsınız və belə güzaran səni qara-qara fikirlərə salaraq əsəbi naxoşluğuna səbəb olubdur. İşin bu tərəfi həm məni, həm də Zülfüqarı artıq fikirlərə salıbdır, ona görə də ciddi tədbirlər görmək lazım gəlir. Mən işin hər tərəfini fikirləşib bu qərara gəlirəm ki, siz gərək tezliklə yığışıb Bakıya gələsiniz. Sizin Bakıya qayıtmağınız bizim oraya gələ bilməyimizdən çox-çox asandır. Çünki əvvəla sən qaçaq deyilsən, müxalif siyasi firqələrdə olmamısan. Komissar yoldaşlarımızdan hamısı sənin kim olduğunu yaxşı bilir. Hərgah bura qayıtsan, qulluq sahibi olan sairələrdən artıq hörmət qazanarsan. Sənin oradan çıxmağında bir çətinlik yoxsa, hərgah özün də qayıtmaq istəyirsənsə, mənə açıq yaz. Mən də bu xüsusda çalışım. Səni inandırım ki, bizim Bakı bu saat Parisdən heç də pis deyildir”.

Üzeyir bəy məktubun sonunda qardaşına əsəbi gərginliyi azaltmaq çox yaxşı üsul deyir:

“Bir nəfərin tövsiyyəsi ilə belə müalicəyə başladım, sənə də təvəqqe edirəm: səhər yerimdən durub “Müller”in sistemi ilə gimnastika edirdim. Sonra yaş məhrəba ilə bütün bədənimi, ən çox da belimi sürtürdüm və sürtən kimi də qurulayırdım. Onu qurtarandan sonra “unvanlik”in yanında “ablivaniya” edib, sonra qurulayıb “rastiraniya” edirdim. İki –üç gün belə edib gördüm ki, təzədən dirildim. Gecələr baş yorğunluğum itib, saat üçə kimi işləyib yorulmuram”.
Tarix: 19-11-2016, 10:38
Baxış: 83



Digər xəbərlər




      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Erməni baş prokuror Azərbaycan torpaqlarında

      Son xəbərlər
      Sorğu