Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO) A- / A+
Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)


Sovet İmperiyası öz müqavimətini saxlaya bilməyib ləngər vuran kimi mənfur qonşularımız olan erməni təcavüzkarları uzun illərdən bəri torpaqlarımıza olan nəfislərini heç cür saxlaya bilmədilər, öz arzularına yetmək üçün .... Nəticədə Qarabağ müharibəsi, şəhidlər, talan edilib yer üzündən silinən şəhər, qəsəbə və kəndlərimiz, erməni vəhşilikləri, qaçqın və köçkünlərin karvanı dayandı gündəmdə. Yurdumuzun qəlbinə vurulmuş bu yaralara sarğı qoymaq məqsədilə vaxtaşırı Laçın rayonunun bəzi kəndlərinin tarixinə, mədəniyyətinə, əhalisi və onların məşğuliyyətlərinə diqqət yetirməyə çalışırıq.
Bu gün işğal edilmiş, eyni zamanda işğal altında tutulan torpaqlarda vaxtilə salınmış və bu gün viran edilmiş hər bir kəndin öz tarixi, salınma səbəbi olmuş, kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda zaman və qurluşdan asılı olaraq dəyişmişdir.


Kəndin tarixi durumu; Laçın rayonunun Kürdhacı kəndinin inzibati ərazi vahidində qərarlaşan, Qasımuşağı obasının digər kəndləri ilə baş-başa verən Ərikli kəndinin salınma tarixi də çox maraqlı olmuşdur. Əriklilərin qədim adət-ənənələri, Ərikli kəndinin təbii gözəllikləri, diş göynədən saf bulaqları, əhalisinin özünəməxsus məişəti, həyat tərzi, məşğuliyyətləri olmuşdur.

İbrahim Bayramovun Qərbi Azərbaycanın türk mənşəli toponimləri adlı kitabında apardığı tarixi araşdırmadan məlum olur ki, Ərikli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Qarakilsə (indiki Sisyan rayonu) ərazisində kənd olmuşdur. Bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildən başlayaraq müxtəlif illərdə aparılmış siyahıya alma zamanı kənd sakinlərinin azərbaycanlılar olduğu qeyd edilmişdir. Nəhayət, 1917-18-cı illərdə azərbaycanlılar bu kənddən qırğınlarla deportasiya edilmiş, kənd dağıdılmış və bu günə qədərdə xarabalığa çevrilmiş şəkildə qalmaqdadır.

Tanınmış filoloq, tədqiqatçı-alim Əli Umud oğlu Əliyevin apardığı araşdırmalardan məlum olur ki, bu kənd Qarakilsə (indiki Sisyan) rayonunun ərazisində, vaxtı ilə Qarabağın sərhədlərini tamamlayan Ərikli dağlarının ətəyində, Ərikli çayının sahilində yerləşirdi. Erməni cəlladları Ərikli kəndinidə digər Qərbi Azərbaycan kəndləri kimi talan-qarət etmiş, əhali doğma dədə-baba yurdundan didərgin düşmüşdür. Pərən-pərən olmuş Əriklilər Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmış və məskunlaşdıqları əraziləri "Ərikli" adlandırmağa çalışmışlar.

Erməni millətçilərinin apardıqları siyasət nəticəsində öz dədə-baba yurdundan, Dərələyəz mahalından köç etməyə məcbur olan Heydərin ulu babası Qarakilsədə (indiki Sisyan), Ərikli kəndində məskunlaşmağa məcbur oldu. Heydər burada — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonu ərazisində mövcud olmuş Ərikli kəndində dünyaya göz açdı. Bir müddət sonra erməni seperatçıları tərəfindən Azərbaycanlılar yaşayan kənd əhalisinin vəziyyəti getdikcə ağırlaşdırılırdı. Bu səbəbdən də Heydərgilin ailəsi Zəngəzur mahalının Hacısamlı nahiyyəsinin (indiki Laçın rayonunun) Qasımuşağı obasının (indiki Kürdhacı inzibati ərazi dairəsinin) ərazisinə pənah gətirdilər. O, dövrdə arandan yaylağa və yaylaqdan arana gedən köçlər tez-tez bu ərazilərə düşüb gecələdikdən sonra yollarına davam edərdi. Lakin Qasımuşağı obasının Aşağı Qarasaqqal kəndi ilə Araxış (Sovet hakimiyyətinin ilk illərində kənd əhalisi digər kəndlərə köçürülərək Araxış kəndi ləğv edilmişdir. Kollektivləşmə dövrünə təsadüf edən bu köçürmənin əsas məqsədi kəndliləri nəzarətdə saxlamaq və əhalini məcburi sürətdə kolxoz quruculuğuna cəlb etmək olmuşdur. Xatırladaq ki, Araxış kəndi 1727-ci ildə Xaçın məlikliyinin tərкibində yеrləşən Məğavuz nahiyəsinin кəndlərindən biri olmuş və siyahıya alma zamanı Araxoş kimi qeyd edilmişdir.) kəndlərinin arasında Sarıdaş adlanan yerlə üzbə-üz sahədə lövbər salan Heydərgilin köçü isə bir neçə gün idi burada gecələyirdi. Köçün burada məskən salıb qalmasından xəbər tutan ağsaqqallar Qasımuşağı obasından çapar göndərirlər ki, gedin, baxın, onların atları və öküzləri arıq, itləri yallıdırsa qonşuluqda yaşasınlar, yox, əgər belə deyilsə qovun getsinlər. Həmin dövrdə heç kəs kasıb qonşu istəməzdi. Ona görə də kişilər qoçaq və zəhmətkeş olarsa, onların atları və öküzləri arıq olmalı, qadınlar evdar və işgüzar olarsa itləri yallı olar. Göndərilən çapar qayıdır, söyləyir ki, siz deyən kimidir. Hətta çox bəd itləri var. Elə buna görə də bəzən el arasında bu tayfaya "Heydərli" yox, "it Heydərli" deyirlər. Beləliklə Heydərgilin ailəsi burada məskən salmışdır. Zəngəzur mahalının Hacısamlı nahiyəsində, Qasımuşağı obasının ərazisində Ərikli kəndinin əsası bax beləcə qoyuldu. Əvvəllər əsasən "bağdadi", "tağbənd", "xərək", "potuğa", "dam" ("qara dam", "şirvanı dam") və digər yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş olan yaşayış evləri sonda yerli tikinti materiallarından tikilmiş ikimərtəbəli yaraşıqlı evlərlə əvəz olundu.
Dərələyəzli Heydər burada ailə qurur və bu evlilik zamanı Alıbəy və Bağır adlı oğlanları olur. Bağır Heydəroğlu Xanxanımla ailə qurmuş, bu evlilik zamanı İmamverdi, Vəliməmməd (arvadı — Ağapəri), Xıdır, Əliməmməd adlı oğlanları dünyaya gəlmişdir. Qeyd edək ki, publisist, geneoloq Ənvər Çingizoğlunun apardığı araşdırmalardan məlum olur ki, 1827-ci ildə Mehdiqulu xana bağlı Hacısamlı camaatının Qasımuşağı obası dövlət tərəfindən siyahıya alınıb. Həmin siyahıda yuxarıdakı qeydlər öz əksini tapmışdır.

Alıbəy Heydər oğlunun isə Rəhim, Kərim, Məşədivəli adlı oğlanları olmuşdur.
Dərələyəzli Heydər çox sərt, cəsur, lakin olduqca inadkar və tərs bir adam olmuşdur. Odur ki, müdrik kəlamlar ustadı, el ağsaqqalı, öz ədaləti ilə tanınan, Hacısamlı nahiyəsinin bəyi Əlipaşa bəy Sultanov belə deyərmiş: "Atınızı elə sürün ki, Heydərlinin suyuna dəyməsin, yoxsa atınız bədnal olar". Yəni atınız tündləşər, bədliyə (tərsliyə) durar, nallamağa qoymaz.
Ərikli sözünün etimologiyasını bəzi tədqiqatçı alimlər fitotoponim kimi qəbul edərək "çoxlu ərik ağacı olan yer", "ərik bağı", "keçmişdə ərik bağları olmuş Ərikli adlı yer" kimi qəbul edirlər. Bu yerlərdə nə çoxlu ərik ağacı, nə də ərik bağı olmuşdur. Bəzi tədqiqatçılar isə hesab edirlər ki, bu söz etnotoponimdir. Əslində Ərikli sözünün etnotoponim olması düzgündür və Ərikli sözü "ər" tayfasının adı ilə bağlıdır, yəni ərlər, ərənlər məskunlaşdığı yer anlamını verir.

Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları mövcud idi. Kürdhacı kəndi ilə Ərikli kəndinin sərhəddində böyük bir Alban məbədi qərar tutmuşdu. Abidənin üzərində çoxlu daş kitabələr yerləşirdi. Məbəddən bir az aralıda Alban qəbiristanlığı var idi.

Mənəvi sərvətlərimizi min bir yolla oğurlayan mənfur erməni qonşularımız Ərikli kəndi ərazisində olan müxtəlif tarixi Alban abidələrini də müxtəlif yollarla , dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışmışdır.
Kəndin mədəniyyəti; Hər bölgənin, hər bir kəndin özünəməxsus mədəniyyəti vardır. Qasımuşağı obasının ərazisində qərar tutan digər kəndlərlə ara məsafəsinin yaxın və əhalinin qohumluq əlaqələrinin olması səbəbindən Ərikli kəndinin də mədəniyyəti və adət-ənənələri həmin kəndlərlə eynilik və oxşarlıq təşkil edir. Kənd əhalisi sayına görə az olsa da burada mədəniyyətin müxtəlif sahələri inkişaf etmişdir. Kənd əhalisi heyvandarlıq və əkinçilik sənətinə, həmçinin xalçaçılıq və toxuculuq işləri ilə yanaşı müxtəlif sənət növlərinə önəm vermişdilər. XX əsrin əvvəllərində sadə əyiricilik və toxuculuq alətləri ilə ip əyrilməsi, xalça toxunulması adət və ənənə halını almışdır. Demək olar ki, ailələrin çox hissəsində toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun və pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parça) və digər xalça məmulatları toxumağı bacarırdılar. Kənddə toxuculuq sənəti yaxşı inkişaf etmiş, müxtəlif geyim əşyaları ustalıqla toxunurdu. Qadınlar tərəfindən müxtəlif cür, incə zövqlə, geyimə uyğun şəkildə toxunmuş corablar "Ərikli corabları" adı ilə dillər əzbəri idi.
Ərikli kəndi Qarabağ xalçaçılıq məktəbinin xalça məntəqələrindən biri olmuşdur. Burada gözəl Qarabağ xalçaları toxunurdu. Bu günə qədər qorunub saxlanan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" (el arasında "Ağqol gəbə" ("Ağqol xalça"), "Tikmə gəbə" ("Tikmə xalça") adlandırılırdı) Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (indiki Kürdhacı kənd inzibati ərazi vahidində) yerləşən Ərikli kəndində də toxunmuşdur. Kənd sakini Güllü Mustafa qızının (Mustafa Rəhim oğlu) toxuduğu xalça və xalça məmulatları xüsusi ilə fərqlənirdi. Burada "Vərni", "Çələbird" "Qarabağ xalçası", "Atlı, itli xalçaları" və digər xalçalar toxunurdu. Bu gün də toxunmuş belə xalçalar kənd əhalisinin şəxsi kolleksiyasında saxlanmaqdadır.

Kəndin yerləşdiyi ərazi sıx meşəlik olduğundan burada oduncaqdan yanacaq, tikinti materialı kimi istifadə etməklə yanaşı müxtəlif təsərrüfat alətləri və məişət əşyaları hazırlanmasında istifadə edilirdi. Palıd və vələs ağaclarından xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar. Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, yun darağı (yun daramaq üçün), hana (xalça, palaz, kilim və s. xalça məmulatları toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) və digər belə əşyalar buna misal ola bilər.

Kənd əhalisi sovet hakimiyyəti illərində də milli adət-ənənələrə, milli bayramlara xüsusi diqqət yetirərdilər. "Xıdır Nəbi" oyunları, Novruz bayramı, eləcə də digər bayram və şənlikləri özlərinə məxsus tərzdə qarşılayardılar. Kənddə ən əsas adətlərdən biri — əsasən qış aylarında, uzun gecələrin olduğu bir vaxtda evdar xanımlar toplaşaraq tikmə, hörmə və toxuma işlərini "hov" ("hav", iməcilik) edərək kollektiv şəkildə yerinə yetirərdilər. "Hov" ("hav", iməcilik) yığmaq adəti ot biçinində, tikinti işlərində, bir sözlə bütün ağır işlərdə tətbiq edilirdi.
Soyuducu olmadığı bir dövrdə kənd əhalisi meyvə tərəvəzi və kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaq üçün müxtəlif vasitələrdən,o cümlədən quyu və zirzəmilərdən istifadə edirdilər. Bundan əlavə əhali əvvəllər yay aylarında bu məqsədlə bulaqların yaxınlığında müxtəlif cür qurğular düzəldirdilər. Son dövrlərə qədər yayın isti günlərində ot biçini zamanı qatıq, qarpız, həmçinin digər tez xarab olan ərzaqları soyuq saxlamaq üçün bu vasitələrdən istifadə edilirdi.
Kəndin bağ və bostanları arx vasitəsi ilə suvarılırdı. Son illərdə dəmir və plasmas borularla kəndə su çəkilmişdir.
Dağlarla əhatə olunmuş mənzərəli Ərikli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilənədək kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, çörəkbişirmə sexi və mağaza fəaliyyət göstərirdi.
Qasımuşağı obasının digər kəndlərində olduğu kimi Ərikli kəndinin ərazisində öyrənilməyə ehtiyac duyulan bir sıra qədim abidə və kurqanlar mövcud olmuşdur.

Kəndin təbiəti; Həyat və insanın bütün təsərrüfat fəaliyyəti müəyyən konkret iqlim şəraitindən asılıdır. İqlim resursları insanın yaşaması üçün əsas təbii faktorlardan sayılır. Saf iqlimi, uca dağları, mənzərəli meşələri, əkinə yararlı sahələri yaxşı iqtisadi coğrafi mövqeyi olan ərazilərdən birində, Qasımuşağı obasının sərhədləri daxilində Ərikli adlı bir kənd salınmışdır. Kənd Murovdağın cənubunda, ortadağlıq yamaclarda, Respublikanın paytaxtı Bakı şəhərindən şose yolla 510 km qərbdə, rayon mərkəzindən şose yolla 60 km şimal-qərbdə, Kiçik Qafqaz sıra dağlarında, Qarabağ yaylasının cənub-qərb yamacında yerləşir. Xankəndi dəmir yolu stansiyası ilə şose yolla ara məsafəsi 132 km-dir.Şərqdən Şamkənd kəndinin, cənub-şərqdən və cənubdan Kürdhacı kəndinin, qərbdən və şimal-qərbdən Muncuqlu kəndinin, şimaldan Aşağı Qarasaqqal kəndinin ərazisi ilə həmsərhəd olan kənd meşə və axar su kənarında, uca dağlar qoynunda yerləşmişdir. Burada dibi geniş qobular, dərələr, hündür dağlar relyefin əsas formasını təşkil edir. Ərazinin landşaftındakı müxtəliflik, flora və faunanın rəngarəngliyi bu ərazilərdə xüsusi gözəllik yaradır.
Kənd ətrafında enliyarpaqlı meşələr geniş sahələri əhatə edir. Meşələrində çoxlu cır meyvə və giləmeyvələr, çəmənlərində çoxlu dərman bitkiləri bitir. Kəndin meşələrində meşə əmələ gətirən əsas ağac cinslərindən ən geniş yayılanı palıd və vələsdir. Bu ağaclar kənd binə olan gündən son zamanlara qədər bütün tikinti işlərində, müxtəlif alət və avadanlıqların düzəldilməsində istifadə edilirdi. Ağcaqayın, göyrüş, qarağac, cökə, murdarça, cır meyvələrdən alma, armud, alça, yemişan, qaragilə, əzgil, zoğal, fındıq, həmərsin (itburnu və ya dərgil), zirinc, dovşan alması və s. meyvə ağacları və kolları meşələrin bəzəyidir. Həmişəyaşıl, iynəyarpaqlı, tikanlı ardıc kolları yamacların güney hissəsində daha çox yayılmışdır. Çiyələkli çəmən, yamac və güneylərdə çaşır, baldırğan, kəklikotu, qantəpər, qırxbuğum, qatırquyruğu, andız, quşəppəyi, kənaf, qazayağı, zəyərək, zirə, gicitkən, əvəlik, çobanyastığı, bağayarpağı, ayıdöşəyi, bat-bat, boymadərən və digər bitkilər çəmən, tala və yamacların hakimidir. Bir çox ağac, kol və bitkilərin əksəriyyətindən müəyyən xəstəlikləri müalicə etmək üçün istifadə olunmuş, dərman bitkisi bu yerlərin əhalisinin min dərdinin min bir əlacı olmuşdur.
Təbii şəraitin müxtəlifliyi ilə əlaqədar meşələrdə ağac, kol və bitkilər qədər heyvanlar aləmi də çox rəngarəngdir. Meşələrdə ayı, vaşaq, canavar, çaqqal, tülkü, porsuq, gəlincik, cüyür (əlik), çöl donuzu, dovşan, kirpi və digər heyvanlara rast gəlmək olar. Ekoloji tarazlığın təmin olunmasında vacib rol oynayan quşlardan zığ-zığ, qaratoyuq, ağacdələn, şanapipik, cur-cur, bülbül, bayquş, sərçə, qaranquş, qartal, quzğun, qızılquş, qırğı, çobanaldadan, bildirçin, alacəhrə, qırmızıdöş, alabaxta,arıquşu, qarğa, alaqarğa, çalağan, sar və digər quş növləri meşələrin qanadlı sakinləridirlər.
Kəndin ərazisində hər yerin öz adı var idi. Şəxs adlarına uyğun, coğrafi formasına əsasən, bitki örtüyünə, müxtəlif rəng seçiminə, tutduğu mövqeyə və digər əsaslı səbəblərə əsasən bu adlar babalarımız tərəfindən seçilib adlandırılmışdır. Şanazəryüyürən, Çuxurlar, Araxış, Xaçdaş, Sarıdaş, Göl yeri, Sərt tala (Sərf tələ), Əsədin darı yeri, Göy tap, Qarıqışlağı, Aralıq yurdu, Yaranal, Qoyudqıran, Məşədişükürün yurdu, Çınqılın yalı, Qoruq güney, Salmanın dərəsi, Sərt (sərf) güney Dərviş qaya, Quru göl, Arpa gədiyi, Oyuğun yalı, Dağın talası, Çaşırlı güney, Köhnə pəyə, Atakişinin biçənəyi və digər yer adları məhz bu cür yaranmışdır.

Həkəriçayın bir qolu olan Muncuqlu çayı (el arasında bəzən Qozlu çay kimi adlandırılır) Ərikli kəndinin qərb tərəfindən kənd ərazisinə daxil olur. Ərikli kəndinin qərb sərhədlərini Muncuqlu kəndinin sərhədlərindən ayıran Muncuqlu çayı kənd ərazisinin cənub-qərb tərəfindən Kürdhacı və Muncuqlu kəndlərinin ərazisini bir-birindən ayıran sərhəd boyu, Şəlvə çayına doğru öz yoluna davam edir. Öz mənbəyini kəndin ərazisindəki yüksəkliklərdən başlayan bulaqlar Muncuqlu çayının yatağına qoşulur. İqlim şəraitindən aslı olaraq çay və bulaqların sularının həcmi fəsillər üzrə artıb azalır. Bəzi axar sular yazın axırları və yay aylarında tamam qurusa da, yağıntının miqdarından asılı olaraq yaz və payız fəsillərində öz ərazisini tam bərpa edir.
Zirvəsi daima dumanlı, ağ örpəkli uca dağları, qışda ağappaq, yayda yam-yaşıl yorğana bürünmüş meşələri, gözyaşı qədər dumduru suyu olan çayları bulaqlarsız təsəvvür etmək ən böyük günah olardı. Burada fəsillərdən asılı olmayaraq üstü qonaq-qaralı bulaqların hər birinin öz adı, dadı, soyuqluğu və mənzərəsi, şəffaf və saf suyu könül oxşayır. Üçbulaq, Qızilbulaq, Xaçınbulağı və bu kimi bir çox çeşmələr göz oxşayır. Hələ çox-çox əvvəllər, soyuducu olmadığı bir dövrdə əhali bulaqlardan soyuducu kimi istifadə edirdi. Hətta günlərlə qalan məhsul öz keyfiyyətini, təravətini olduğu kimi saxlayırdı.
Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bütün amillərə öz təsirini göstərirdi. Burada iqlim yayda sərin, qışda isə soyuq olur. Orta illik temperatur 01°C ilə 08°C arasında dəyişir. Yağıntının illik miqdarı 700-800 mm-ə qədər olur.

Camaatın ictimai həyatı; Kənd əhalisi milliyyətcə azərbaycanlılardan ibarətdir. Kənddə yaşayan əhali bir neçə tayfa və tirədən ibarətdir: Heydərli tayfası (tirələri: Bağıruşağı və Alıbəyuşağı), İbrahimuşağı tayfası, Əhməduşağı tayfası.
2010-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 810 nəfərdir (178 ailə).
Ərikli kənd sakini XIX yüzilliyin ortalarında yaşamış Mirzalıməmməd İmamverdi oğlu dövrünün savadlı insanlarından biri olmuşdur. Hər hansı bir kəndin ziyalısı haqqında danışanda ilk növbədə həmin kədin məktəbi haqqında danışmaq lazım gəlir. Ərikli kəndinin ziyalıları, başbilən ağsaqqalları kəndin iqtisadiyyatı ilə yanaşı elmə, təhsilə diqqət yetirmişdilər. Ərikli kəndində ilk dəfə 1930-cu ildə ibtidai məktəb açılmışdır. 1965-1966-cı tədris ilində kənd sakinlərinin təşəbbüsü ilə tikilmiş binada Ərikli kənd səkkizillik natamam orta məktəb fəaliyyətə başladı.
Sovet dönəmində kənddə ilk ali təhsil almış ziyalı Paşa müəllim (İsgəndərov Paşa Əvəz oğlu) Ərikli kəndində təhsilə olan diqqəti daha da artırdı. Məktəbə direktor təyin edildikdən sonra marifləndirməni inkişaf etdirmiş, məktəb tipinin dəyişdirilməsi işində böyük əməyi olmuşdur. 1980-1981-ci tədris ilində Ərikli kənd məktəbində yeni siniflərin açılması nəticəsində VIII sinifi bitirən şagirdlər artıq Kürdhacı kənd ümumtəhsil orta məktəbində deyil, Ərikli kənd ümumtəhsil orta məktəbində təhsillərini davam etdirməyə başladılar. Onun faydalı əməyinin təzahür formasıdır ki, bu günə qədər mövcud test üsulu ilə tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 5 nəfər Ərikli kəndinin gənc sakini Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan Milli Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı, tanınmış filoloq, tədqiqatçı-alim Əli Umud oğlu Əliyev bu kənddə anadan olmuşdur.
Keçən əsrin 70-ci illərində öz şeirləri ilə Azərbaycan ədəbiyyatına gəlmiş,Adil Şirin təxəllüsü ilə tanınan şair Şirinov Adil Hümbət oğlu 1955-ci ildə Ərikli kəndində anadan olub.

Kommunistlərin fitvası ilə kollektivləşmə zamanı aparılan repressiya zamanı Ərikli kənd sakinləri müxtəlif çətinliklərlə üzləşdi. Məhəmmədov Sevindik İsgəndər oğlu, 1886-cı ildə anadan olmuş, 14 yanvar 1938-ci ildə günahsız olduğu halda 52 yaşında güllələnmişdir. Digər kənd sakinləri Miriyev (İmanov) Abduləzim Həşim oğlu, Mehralıyev Bəylər Niftalı oğlu da bu qanlı-qadalı illərin qurbanları oldular.
Ərikli kəndinin sakinləri təkcə elm, sənət yolunda deyil, eyni zamanda bir vətənpərvər kimi hər zaman öndə olmuşlar. Müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə — II dünya müharibəsi zamanı müharibə iştirakçısı olmuş kənd sakinlərindən: Abdullayev Əhəd Hidayət oğlu, Abdullayev Millət Hidayət oğlu, Rəhimov Cümşüd Alıbəy oğlu, Rəhimov Alı Alıbəy oğlu, Rəhimov Əmir Alıbəy oğlu, Məmmədov Məhəmməd İsgəndər oğlu, Məmmədov Məmməd İsgəndər oğlu, Mustafayev Mustafa Hüseyn oğlu, Mustafayev Rəşid Hüseyn oğlu, Mustafayev Məhəmməd Hüseyn oğlu, Abdullayev Abdulla Abdulkərim oğlu, Heydərov Behbud Nəsib oğlu, Miriyev Vəli Aslan oğlu, İlyasov Qiyas Ağamalı oğlu, Mehralıyev Abduləzim Mehralı oğlu, Miriyev Miralı Qasım oğlu, Şükürov Teymur Abbas oğlu, Şirinov Məhəmməd Aslan oğlu, Baxşalıyev Əli Həsən oğlu, Alışanov Həbib İsa oğlu, İsmayılov Ədil Şirin oğlu, Səmədov Ələsgər Mahmud oğlu, Şirinov Xosrov Abdulkərim oğlu müharibəyə yollanmış və bir daha geri dönməmişdir. Sovet dövləti faşizm üzərində qələbə qazandı. Ərikli kəndinin əhalisi bu müharibə zamanı böyük itkilərlə üzləşdi və kənddən müharibəyə gedən igid oğullarından heç biri geri qayıtmadı. Onlar vətən uğrunda öz canından belə keçməklə öz hərbi borclarını yerinə yetirmişlər.

Müharibə başlayan gündən son günlərinədək kənddə uşaqlı-böyüklü hər kəs vəziyyətin ağır olmasına baxmayaraq arxa cəbhədə əzmlə çalışır, qələbənin təmin olunması üçün əlindən gələni edirdi. Doğrudur müharibə sovt xalqının qələbəsi ilə sona yetdi. Kədər və qüssə dolu müharibə illəri arxada qaldı, ancaq əzab və işgəncələr sona yetmədi. Müharibənin ağrı-acısını dadmış, məşəqqətlərə tab gətirmiş, üç oğul itirmiş, ailədə ata soyadını daşıyacaq başıpapaqlısı olmayan ana Məmmədova Hürü Abdulla qızı axirət dünyasına oğulsuz, qohum-əqraba çiynində yola salındı.
İkinci Dünya müharibəsində faşizm üzərində tarixi qələbənin əldə edilməsində şərəfli döyüş yolu keçmiş digər kənd sakinləri Məmmədov Mürşüd Abdulla oğlu, Abdullayev Mürvət Abdulkərim oğlu, Abdullayev İsmayıl Abdulkərim oğlu, Heydərov Məhəmmədəli Həmid oğlu, Heydərov Musa Həmid oğlu, Heydərov Behbud Nəsib oğlu, Heydərov Misir Nəsib oğlu, Miriyev Alməmməd Rza oğlu, Miriyev Abbas Rza oğlu, Abdullayev Fərman Abbas oğlu, Həşimov Qarakişi Abduləzim oğlu, Həşimov Məhəmməd Abduləzim oğlu, Abdullayev Əli Abbas oğlu, Novruzov Alı Niftalı oğlu, Novruzov Sözalı Möhbalı oğlu, Məmmədov İsmayıl Abdulla oğlu, Zamanov Yunus Mehdi oğlu, Miriyev Əşrəf Qasım oğlu, İsgəndərov Lətif Sevindik oğlu, Məmmədov Qara Sevindik oğlu və digərləri bu müharibənin iştirakçısı olmuş, müxtəlif dərəcədə yaralanmış, xəsarət almış və ya əlil olmuşdur.

Babaların döyüş yolunu davam etirən, Qarabağ müharibəsi zamanı igid, qorxmaz, cəsur kənd sakinlərindən Çingiz Allahverdi oğlu Şükürov (1973-1994), Ərşad Qara oğlu Sevindikov (1935-1992), Əzizə Alış qızı Hüseynova (1934-1992), Fazil Ayaz oğlu Abdullayev (1958-1992), Güldəstə Qiyas qızı Ağamalıyeva (1940-1992), Hüseyn İsmayıl oğlu Hüseynov (1934-1992), Xoşbəxt Hüseyn qızı Hüseynova (1963-1992), Məcnun Zaman oğlu Zamanov (1967-1992), Nəsibə Hüseyn qızı Hüseynova (1980-1992), Səadət Şahin qızı Abbasova (1980-1992), Sədaqət Kamran qızı Abbasova (1961-1992), Süsən Hüseyn qızı Hüseynova (1971-1992), Şahin Əli oğlu Abbasov (1951-1992), Vahid Qara oğlu Sevindikov (1934-1991), Yaşar Vahid oğlu Sevindikov (1970-1992), Zöhrab Hüseyn oğlu Hüseynov (1973-1992) şəhidlik zirvəsini fəth etmişlər. Biz inanırıq ki, onların qanı heç vaxt yerdə qalmayacaqdır!

Əhalinin məşğuliyyəti; Ərikli kəndi və orada yaşayan əhalinin məşğuliyyəti və güzəranı vaxt və dövrdən asılı olaraq müxtəlif cür dəyişmişdir. Bol suyu, münbit torpağı, zonanın təbii şəraiti, əlverişli iqlimi (kənd ərazisinin dağ-meşə landşaftı zonasında yerləşməsi) olduğundan əhalinin əsas məşğuliyyəti ilkin dövrdən heyvandarlıq və əkinçilik olmuşdur. Heyvandarlıq əvvəlcədən güclü inkişaf edərək əsas aparıcı sahələrdən birinə çevrilmişdir.

Əkinə yararlı sahələrin az olması səbəbindən əkinçilik zəif inkişaf etmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra kolxozlaşma və sovxozlaşma prosesinin başlanması ilə əlaqədar Kürdhacı kəndinin əkinə yararlı torpaq sahələrinin müəyyən hissəsi (Araxış, Çuxurlar və Düzlər adlanan sahənin isə müəyyən bir hissəsi) Ərikli kəndinə verildi. Bununla da kənddə əkinçiliyin inkişafı daha da sürətləndi. İlin isti dövründə 500 - 600 mm-ə qədər yağıntı düşməsi və onunda 60-70 faizinin yazda və yayın əvvəllərində yağması dəmyə əkinçiliyi inkişaf etdirməyə imkan verirdi. Əkinə yararlı sahələrdə buğda, arpa, vələmir, pərinc, darı, çovdar və başqa dənli bitkilər becərilmişdir. Təbii ot biçənəkləri burada heyvandarlığın inkişafı üçün əvəzedilməzdir. Heyvandarlıqla məşğul olan əhalinin bir hissəsi yaz gələr-gəlməz Qırxqız yaylağına köç edərdi.

Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər (qida, dərman və texniki) üçün istifadə edilirdi. Ənənəvi məşğuliyyətləri maldarlıq olan əhali digər sənətkarlıq növləri ilə də məşğul olurdu. Əkinçilik, dülgərlik, dəmirçilik, bənnalıq, rəngsazlıq, toxuculuq və digər sahələrdə çalışırdılar. Bunlardan toxuculuq çox yaxşı inkişaf etmişdir ki, bu da qoyunçuluğun inkişafı ilə əlaqədardır. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə uyğun xalçalar və xalça məmulatları toxunurdu. Kənddə az da olsa ovçuluqla məşğul olanlar var idi. 1940-cı illərin sonu, 1950-ci illərin əvvəlində Azərbaycan Taxta Emalı Sənayesi Laçın Meşə Təsərrüfatı İdarəsinin nəznindəki, Hacısamlı Taxta Emalı Zavodu fəaliyyətə başladıqdan sonra taxta-şalban istehsalı da inkişaf etdirilmişdir. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra yanacaq və tikinti materialına, eyni zamanda mebel istehsalı üçün yararlı ağaclar qırılaraq Ermənistana daşınır və oradan da müxtəlif yollarla digər ölkələrə satılır.
1992-ci ilin may ayının 18-i günü Laçın şəhərinin Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar bütün kommunikasiya xətlərinin kəsilməsinə baxmayaraq Ərikli kəndi 29 may 1992-ci il tarixə qədər müdafiə olunmuşdur. İşğal zamanı ətraf kəndlərdə olduğu kimi Əriklidə olan yaşayış evlərinin əksəriyyəti yandırıldı. Bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən Ərikli kəndində yaşayış yenidən bərpa edilmişdir. Kənddə Ərikli qərərgahı yaradılmışdır. Kəlbəcər rayonunun ərazisindən yeni kommunikasiya xətləri çəkilmişdir. Yaradılmış rabitə şöbəsi vasitəsi ilə ətraf kəndlərlə əlaqə yaradılırdı. Kəlbəcər rayonunun ərazisindən keçməklə Ərikli — Bakı marşrutu ilə işləyən avtobus xətti işə salınmışdır. 1992-ci ilin payızında Ərikli kənd orta məktəbi öz fəaliyyətini yenidən bərpa etdi.

Quraşdırılmış yeni transformator Ərikli kəndi də daxil olmaqla ətraf kəndlər də işıqlandırıldı. Ancaq bütün bunlar uzun sürmədi. 02-03 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər. Bu kənddən olan məcburi köçkünlər indi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.
Erməni tapdağı altında qalmış Ərikli kəndinin zəhmətkeş əhalisi Qarabağ muharibəsi başlandıqdan sonra bir daha pərən-pərən düşmüş, vətən həsrəti ilə qərib ellərdə məcburi köçkünlük həyatı yaşayırlar. Bir çox qəlbi kövrək insanlar bu dərdə dozməyib dunyasını dəyişmişlər.
Kənd sakinləri bu gün ancaq xeyir-şər mərasimlərində bir-biri ilə görüşür, dərdləşir. Elə bu səbəbdən də kəndin qədim adət-ənənələri, mədəniyyəti, davranışları və digər özünəməxsus xüsusiyyətləri itib-batmaq, unudulmaq üzrədir. Çox təəssüf...!
Kaş erməni əsirliyində girov qalan, hər bir sakini üçün qəribsəyib darıxan Ərikli kəndinin şən, hay-küylü, son dərəcə rəngarəng keçmiş günləri yenidən geriyə qaytarılaydı.

Və sonda mən inanıram ki, gün gələcək işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək, biz o yerlərə bir daha geri dönəcəyik!





Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Ərikli - Kəndlərimiz rubrikasından - (FOTO-VİDEO)

Sultan HÜMBƏTOV
Tarix: 12-07-2015, 15:49



Digər xəbərlər




      • : Qonaq
      • ICQ:
      • : --
      • :
      • : 0
      • : 0
      ^
      активация windows 7 процесс тонкий и непроделенный
      Это бесплатно


      активация семерки
      TAM XƏBƏR
      Bütün
      Xəbərlər
      Araşdırma
      Foto
      Facebook
      Foto

      Laçınlılar Xocalı faciəsini andılar-

      Son xəbərlər
      Sorğu