“Kərki kəndi və tarixi həqiqətlər” A- / A+
“Kərki kəndi və tarixi həqiqətlər”

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ermənilər tərəfindən işğal olunmasından 26 il ötsə də, hər qarışında qədim tariximizi yaşadan bu torpağın taleyi və işğal səbəblərinin tarixi kökləri kifayət qədər işıqlandırılmayıb, bir çox hallarda isə mətbuatda bu haqda yanlış məlumatlar verilib. Bu yanlışlıqların aradan qaldırılması və tarixi reallıqların göstərilməsi üçün “Kərki vətənpərvərləri” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “İşğal olunmuş torpağımız - Kərki kəndi və tarixi həqiqətlər” adlı araşdırma hazırlanıb. Araşdırmada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının şimal qərbində, Sədərək kəndinin 8-10 kilometrliyində yerləşib, 960 hektara yaxın ərazini əhatə edir: “Azərbaycanın xəritəsində çox qəribə olsa da, Naxçıvan Muxtar Respublikasından kənarda , Ermənistan ərazisində kiçik bir ada kimi göstərilən bu kənd çox kiçik bir xətlə Azərbaycana (Sədərək ərazisinə) birləşdirilib. Tarixin sərt və haqsız sınaqları ilə üz-üzə qalan bu Azərbaycan torpağı beş addımlığındakı Azərbaycan ərazisinə söykənmək əvəzinə xəritələrdə tənha ada kimi Ermənistan ərazisində qalıbdır. Nədir bunun səbəbləri? Hələ Azərbaycan Demokratik Respublikasının yarandığı ilk dövrlərdən etibarən bir sıra iri imperialist dövlətlərinin Naxçıvan ərazisinə diş qıcayıb bu torpaqları ələ keçirməyə, Naxçıvanda öz hakimiyyətlərini qurmağa səy etdikləri bir vaxtda xəyanətkar qonşumuz olan ermənilər də bu fürsəti əldən verməyib Naxçıvanı ələ keçirmək, öz ərazilərini Naxçıvan torpaqları hesabına genişləndirmək iddiasında oldular. Hətta 1919-cu ilin mart ayında işğalçılıq məqsədi ilə Naxçıvana gələn ingilislər də Şərur-Dərələyəz mahallarının və Naxçıvanın ermənilərə verilməsini tələb etdilər. Ancaq həmin vaxt Naxçıvan, Nehrəm, Şərur və Sədərək əhalisi layiqincə öz sözünü dedi.
Moskva və Qars müqavilələrində adı çəkilən, eyni zamanda Sədərəklə Kərki arasındakı ərazidə yerləşən “Bağırsaq dərəsi”, “Cəhənnəm dərə”, “Qaraağac”, “Qurdbaba”, həmçinin onlara yaxın olan “Kərkinin düzü”, “Həsənqulu bağı”, “Kaha”, “Bəzirxana”, “Qızıldaş”, “Köhnə Kərki” kimi yerlər də daim Azərbaycan ərazisi olmuşdur. Beləliklə, ermənilərin uzun illər boyu Moskvada, İrəvanda və Gürcüstanda apardıqları xəyanətkar siyasətin nəticəsi olaraq heç bir əsaslı səbəb olmadan, RSFSR-in və Türkiyənin iştirakı olmadan, Moskva və Qars müqavilələrinin iştirakçısı olan həmin dövlətlərlə razılaşdırılmadan hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri bağlayan dövlətlərin başı üstündən qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə (protokol H3) Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr və ya 65 min 700 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Heç bir səbəb göstərilmədən, əsassız şəkildə yuxarıdakı qərarla Ermənistana verilən 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəc, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) səbəbsiz Ermənistana verilməsi əvvəllər bir qədər gizli saxlanılsa da, sonralar yerli əhali tərəfindən müəyyən etirazlar olsa da, rəsmi orqanlarda, dövlət səviyyəsində bu haqda heç bir təşəbbüs göstərilməmiş, nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilib”.
“Kərki kəndi və tarixi həqiqətlər”

Araşdırmada bildirilir ki, zaman keçdikcə bu tarixi səhvin (bəlkə də xəyanətin) acı nəticələri tam aydınlığı ilə özünü göstərdiyindən, saxta qərarın qəbul edildiyi vaxtdan həmin səhv qərara ilk rəsmi etiraz 61 il sonra 1990-cı ilin may ayında keçirilən 11-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin on birinci sessiyasında göstərilib: “Həmin sessiyanın materiallarında deyilirdi: “Naxçıvan ərazisinin müəyyən hissəsinin Ermənistan SSR-ə verilməsi barədə Zaqfederasiya MİK Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli qərarı qanunauyğun olmadığına görə Naxçıvan MSSR-in haqqı vardır ki, Qars müqaviləsini rəhbər tutaraq Muxtar Respublikadan qeyri-qanuni alınmış 657 kvadrat kilometr sahənin geri qaytarılmasını tələb etsin və onun suverenliyi və ərazi bütövlüyü sahəsində yol verilmiş ədalətsizliyi bərpa etsin” . Tarixi səhvin düzəldilməsi üçün 61 ildən sonra irəli sürülən təşəbbüs elə bir vaxta düşmüşdü ki, yenə Naxçıvanın başı üstünü qara bir qüvvə kimi erməni təhlükəsi almışdı, 3-4 ay əvvəl Bakıda Qanlı Yanvar hadisəsi baş vermişdi, Sədərəyə və Naxçıvanın digər sərhəd bölgələrinə ermənilərin ilk hücumları olmuşdu. Qarabağ faciəsi günü-gündən genişlənməkdə idi. Elə buna görə də irəli sürülən bu təşəbbüs həyata keçirilmədi və bir çox qərarlar kimi kağız üzərində də qaldı. 1929-cu ildə Naxçıvan torpaqlarının xeyli hissəsinin qanunsuz olaraq Ermənistana verilməsi xəyanəti azlıq edirmiş kimi, ermənilər yenə də öz məkrli niyyətlərini davam etdirməkdə, Azərbaycan torpaqlarına tərəf qarış-qarış, addım-addım irəliləməkdə idilər. Həmin məkrli niyyətin bir hissəsi (o cümlədən Kərki ətrafındakı torpaqların ermənilərə verilməsi) də ətrafına xəyanətkar erməniləri toplayıb onların məsləhəti ilə işləyən Mircəfər Bağırovun Azərbaycana rəhbərliyi dövründə reallaşdı”.
“Kərki kəndi və tarixi həqiqətlər”

Qeyd olunur ki, Kərkiyə ermənilərin təzyiqi də, özümüzünkülərin soyuq münasibəti də 1989-cu ildən də xeyli əvvəl başlanmışdı: “Ötən əsrin 50-ci illərində yuxarıda bəhs olunan asfalt yol salınanda, 60-cı illərdə maşın qəzasında ölən erməni şairinin xatirəsinə Azərbaycan torpağında qəsəbə salınanda, 80-ci illərin ortalarından başlayaraq (hələ Qarabağ hadisələrindən əvvəl) gecələr Arazdəyən-Cermuk yolu ilə keçən sərxoş ermənilər arabir Kərkini atəşə tutub keçəndə yerli əhali nə qədər məlumatlar versə də, o vaxtkı rəhbərlərimizin laqeydliyi günü-gündən vəziyyəti gərginləşdirirdi. Bu azmış kimi, Kərki həm də özümüzünkülər tərəfindən unudulmuş və sosial qayğılardan tam kənarda qalan bir yaşayış məntəqəsinə çevrilmişdi. Bir neçə ay (1989-cu ilin sonlarına qədər) Kərkinin müdafiəçilərinə həftədə bir-iki dəfə vertolyotla ərzaq daşındı. Artıq xeyli müddət idi qadınlar və uşaqlar kənddən çıxarılıb Sədərəkdə və Şərurun kəndlərində yerləşdirilmişdi. Kərkidə yalnız könüllü müdafiə dəstələrinin üzvləri və rus hərbçiləri qalmışdı.
1988–ci ilin fevralından erməni ekstrimistlərinin təxribatları başlanandan ilk hədəflərindən biri də məhz Kərki kəndi olmuşdur. Hadisələri xronoloji ardıcılıqla izlədikdə məlum olur ki, Kərki Moskvanın tapşırıqlarını canla, başla yerinə yetirən o zamankı respublika rəhbərliynin acizliynin qurbanı olmuşdur.
1989–cu ilin avqust ayında Kərkini müdafiə etmək üçün Sədərəkdən oraya göndərilmiş milis işçiləri silahı posta təhvil verərək növbədən geri qayıdarkən Cəhənnəm dərəsinin boğazı Əncirlikdə, Həsənqulu bağını zəbt edərək bostan əkmiş ermənilər tərəfindən mühasirəyə alınmışlar. Bir az keçməmiş İliç rayon (indiki Şərur) partiya komitəsinin birinci katibi Məmməd Abbasov Azərbaycan SSR Daxili İşlər Naziri Aydın Məmmədovla birlikdə hadisə yerinə gəlirlər. Bu zaman yerli əhali vəziyyətin ağırlığını nəzərə alaraq onlardan toplanmış silahların qaytarılmasını nazirdən xahiş etmişlər. Bundan dərhal sonra nazirin əmri ilə Sədərəklilərdən yığılmış ov tüfənglərini geri qaytarmış, əlavə olaraq Sədərək milisinə bir neçə avtomat da verilmişdi. Gərgin döyüşlərdən sonra milis rəisinin müavini Novruz Quliyevin rəhbərlik etdiyi milis işçiləri, yerli əhali ilə birlikdə ermənilərin mühasirəsini yararaq mühasirədə olan milis işçilərini azad etmişlər.
Kərki kəndinin müdafiəsini zəiflətmək və əhalinin ərzaqla təmin edilməsinə imkan verməmək üçün erməni quldurları Kərkiyə Arazdəyəndən gedən yolu tez–tez bağlayırdılar. Buna görə İliç (Şərur) rayon XDS İcraiyyə Komitəsinin sədri Vəli Əsgərovun təşəbbüsü ilə Kərki kəndindən Şurut bulağından, Tejgar dağının ətəyindən Həsənqulu bağından keçməklə Sədərəyə yol çəkilişinə başlanılmışdı. Lakin vəziyyətin get–gedə daha da ağırlaşması bu işin başa çatdırılmasına imkan vermədi”.
“Kərki kəndi və tarixi həqiqətlər”

Araşdırdada bildirlir ki, 1990-cı ilin yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olunurdu: “Lakin qüvvələr nisbəti qeyri–bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili Xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edənlər mülki şəxslər və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkinin əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Kərkinin müdafiəçiləri son damla qanlarına qədər vuruşmaq niyyətində olsalar da, pulla ələ alınmış rus hərbçilərinin «daha sizin təhlükəsizliyinizi qorumağa bizim gücümüz çatmır, təcili kəndi tərk etməsəniz hamınızı girov götürəcəklər» xəbərdarlığından sonra onlar axşam qaranlıq düşənə yaxın bütün cığırları qarla örtülmüş Cəhənnəmdərə-Qaraağac yolu ilə piyada, çox çətin vəziyyətdə özlərini Sədərəyə çatdıra bildilər. Sovet İttifaqı hərbiçiləri də kəndi ermənilərə hədiyyə etdilər. Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi xəyanət nəticəsində düşmənin əlinə keçdi”.
Xatırladaq ki, “Kərki vətənpərvərləri” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi 07 mart 2016-cı il tarixində təsis edilib. Kərki kəndindən didərgin düşən hələ də göz yaşlarını quruda bilməyən Bağırov Nürəddin İbrahimxəlil oğlu, Əlizadə Elnur Kərim oğlu, Həsənbəyli Sahib Hüseyn oğlu və Həbibzadə Xəqani Adil oğlu tərəfindən təsis edilmiş İctimai Birlik könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai, qeyri-hökumət təşkilatıdır. Birliyin məqsədi tariximizin öyrənilməsi, işğal olunmuş Kərki kəndi və onun sakinləri haqqında həqiqətlərin ictimaiyyətə çatdırılması, kənd sakinləri arasında sosial-ictimai əlaqələrin qurulması, tarixi ənənələrimizin və əcdadlarımızın tarixininin yaşadılması, sosial-iqtisadi çətinlikləri olan şəxslərə maddi-mənəvi köməkliyin göstərilməsi mövzusuna diqqəti artırmaq və Azərbaycan həqiqətlərini ölkə daxilində və xaricində təbliğ etmək və torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür təbliğat-təşviqat məsələləridir.

Lacin.info
Tarix: 10-11-2016, 13:56







TAM XƏBƏR
Bütün
Xəbərlər
Araşdırma
Foto
Facebook
Foto

Laçından ən son görüntülər

Son xəbərlər
Sorğu